Şriftin ölçüsü / 609

2018-ci il AMİP üçün çox məhsuldar il olacaq

22 Dekabr 2017 [17:46]
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd ediləcək.

Mütəxəssislər hesab edirlər ki, sərəncam tarixi bir qərar olmaqla yanaşı, həm də məsuliyyətli sənəddir. Onlar Cümhuriyyətin yubileyinin yüksək səviyyədə qeyd olunması üçün bir sıra işlərin görülməsini vacib sayırlar.

Bəs, ölkədə fəaliyyət göstərən digər siyasi partiyalar Cümhuriyyətin yubileyi ilə bağlı nə düşünürlər? Xüsusi bir proqramları var, yoxsa hökumətin atdığı addımları yetərli hesab edirlər?

Müsavat Partiyasının aparat rəhbəri Gülağa Aslanlı mövzu ilə bağlı "Şərq”ə açıqlamasında deyib ki, müsəlman şərqində ilk parlamentli Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin layiqincə qeyd edilməsi üçün tədbirlər planını hazırlayıb həyata keçirmək məqsədilə Müsavat Partiyasının başqanı Arif Hacılının sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb:

"Biz artıq partiyanın iclasında AXC-nin yubileyi ilə bağlı tədbirlər planını müzakirə də etmişik. Yubiley tədbirlərimiz Gəncədə, Ankarada keçiriləcək və Cümhuriyyət qurucularının müxtəlif ölkələrdə olan məzarları ziyarət ediləcək. Bakıda isə böyük tədbirlər keçirməyi düşünürük. Layihədə Cümhuriyyətin 100 illiyi münasibətilə kütləvi tədbirlərlə yanaşı, yazı müsabiqəsinin, açıq şahmat və futbol turnirlərinin, elmi-praktik konfransların və sərgilərin keçirilməsi planlaşdırılır.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlunun sözlərinə görə, noyabr ayında KXCP-nin İdarə Heyəti 2018-ci ilin "AXC ili” elan olunması barədə qərar qəbul ediblər:

"İlin bütün günlərində bu istiqamətdə lazımi addımlar atılacaq. Cümhuriyyət qurucularının doğum və ölüm günləri tərəfimizdən qeyd olunacaq. 28 May günü isə xüsusi tədbir proqramımız var. Mart ayının 6-da isə M.Ə.Rəsulzadənin məzarını ziyarət etmək üçün nümayəndə heyəti göndərəcəyik. Gəncədə, Tbilisidə də tədbir keçirməyi planlaşdırırıq”.

Yaxın günlərdə AXC-nin 100 illiyi ilə bağlı KXCP-nin hazırladığı tədbirlər planını təsdiqləyib ictimailəşdiriləcəyini deyən partiya sədri belə deyib: "Biz Rəsulzadənin 130 illik yubileyi ilə bağlı Azərbaycan hökumətinin qəbul elədiyi qərardan çıxış edərək öz təkliflərimizi irəli sürdük. Həmin təkliflərincüzi bir hissəsi yerinə yetirilib. Biz özümüz həmin təkliflərə yenidən baxacağıq. Hesab edirəm ki, Cümhuriyyətin 100 illiyini ictimailəşdirmək və Cümhuriyyət qurucularının adını anmaq ölkəsini, vətənini, xalqını düşünən, milli kimliyi uğrunda mübarizə aparan hər kəsin vətəndaşlıq borcudur”.
Elçibəyin 80 illiyinin Cümhuriyyətin 100 illiyi ilə eyni ərəfəyə təsadüf etdiyini qeyd edən M.Mirəlioğlu Bəyin ad günü ilə bağlı da tədbir keçirəcəklərini qeyd edib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) siyasi Şurasının üzvü Əli Orucov da gələn il Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin təntənəli şəkildə qeyd ediləcəyini deyib:

"Çağdaş tariximizə qızıl hərflərlə yazılan bu tarixi təkcə dövlət səviyyəsində deyil, siyasi təşkilatlar da bayram kimi qeyd edəcək. Yekun vuracağımız ili müasir dövrümüzün ilk siyasi partiyası olan AMİP-in yaranmasının 25 illiyi ilə əlaqədar AMİP ili elan etmişdik. Artıq bu prosesə yekun vurmaq üzrəyik. 2018-ci ildə isə AXC-nin yubileyi ilə əlaqədar tədbir planı üzərində işlənilir. İşçi qrupu yaradılıb. Tədbirlər planı Siyasi Şurada qəbul edildikdən sonra buna uyğun olaraq da tədbirlərimizi keçirəcəyik. Onu da nəzərə almışıq ki, qarşılayacağımız il AMİP üçün çox məhsuldar il olacaq. Həm partiyanın növbəti qurultayının keçirilməsi, həm prezident seçkiləri, həm də AXC-nin yubileyi. Bunları elə etməliyik ki, hansısa çətinliklər yaratmasın”.


Millət