Şriftin ölçüsü / 253

PKK-nın bu ölkədə əl-qol açması Türkiyəni qıcıqlandırır

12 Yanvar 2018 [16:50]
Almaniya-Türkiyə münasibətləri getdikcə gərginləşir. FETÖ-çülərə və PKK-ya dəstək və bir sıra digər məsələlərə görə Türkiyə Almaniyaya qarşı məsafəli davranır. Münasibətlərin gərginlik fonunda davam etməsi isə özü ilə bərabərində hər iki ölkə üçün ciddi problemlərə çevrilir. Nəzərə alsaq ki, Almaniya-Türkiyə strateji tərəfdaşıdır, münasibətlərin gərginləşməsi adıçəkilən ölkələrin maraqlarına ziddir. Münasibətlərin bərpası üçün hər iki tərəf müəyyən addımlar atsa da, hələ ki ortada gözəgörünən nəticə yoxdur. Bir müddət öncə Antalyada xarici işlər nazirlərinin görüşü də nəticəsiz başa çatdı. Ancaq münasibətlərin normallaşması üçün cəhdlər daham edir.

Belə ki, yanvarın 6-da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu alman həmkarı Ziqmar Qabriellə görüşəcək. Bu dəfə görüş Almaniyanın Qoslar şəhərində baş tutacaq. Məlumatlara görə danışıqlar zamanı Türkiyə və Almaniya arasında münasibətlərin normallaşdırılması yolları müzakirə ediləcək.

Maraqlıdır, münasibətlərin normallaşmasını daha çox hansı tərəf istəyir və mümkün olacaqmı?

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü, siyasi-şərhçi Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında Almaniya-Türkiyə münasibətlərinin bərpa olunmasının vacib olduğunu deyib: "Hər bir halda iki ölkə arasında diplomatik münasibətlər davam etməlidir. Çünki hər bir problemin həlli yolu danışıqlardan və müzakirələrdən keçir. Almaniya və Türkiyə arasında çox sıx, isti münasibətlər olub. Almaniya elə bir ölkədir ki, orada yaşayan türklərin sayı çoxdur və onlar siyasi proseslərə təsir etmək imkanına malikdir. Münasibətlərin gərginləşməsinə baxmayaraq iki ölkə arasında iqtisadi, ticari və siyasi əlaqələr var. Amma son dövrlər hər iki ölkə liderinin açıqlamaları münasibətlərə müəyyən qədər xələl gətirdi. Xüsusilə də Türkiyədə hərbi çevrilişə cəhd edən şəxslərin Almaniyada sığınacaq tapması və ya PKK-nın bu ölkədə əl-qol açması Türkiyəni qıcıqlandırdı.

Bu amillərin hətta diplomatik münasibətlərin kəsilməsi təhlükəsinə qədər uzandı. Amma indi ABŞ Avropadan əlini çəkir. Buna görə də Avropa həm təhlükəsizlik, həm də iqtisadi baxımdan strateji regionlardan yerləşən güclərlə münasibətlərini bərpa etmək məcburiyyətindədir. Hesab edirəm ki, nə qədər problemlər, həll olunmamış məsələlər olsa da, Almaniya-Türkiyə arasında ümumi maraqlarla bağlı müəyyən razılaşmaya gələ biləcəklər. Düşünürəm ki, gündəmdə olan əsas məsələlərdən biri də 15 iyulda çevrilişə cəhd edənlərin Türkiyəyə qaytarılması olacaq. Digər tərəfdən, Türkiyənin əleyhinə olan qüvvələrin, xüsusilə də PKK-nın Almaniyada fəaliyyətinə imkan verməmək də Türkiyənin əsas şərtlərindən biridir. Bu kimi məsələlər nazirlərin görüşündə əsas müzakirə predmenti olacaq. Suriya və digər regionlar problemlərin həlli istiqamətində hər iki ölkənin ortaq məxrəcə gələ biləcəyi məqamlar var”.

Əli Orucov hesab edir ki, münasibətlərin normallaşması əslində hər ölkənin maraqları çərçivəsindədir: "Çünki dünya artıq elə bir vəziyyətə gəlib çıxıb ki, ölkələr uzun müddət bir-birinə qarşı gəgin vəziyyətdə qala bilmir. Bütün problemlərə, fikir ayrılıqlarına baxmayaraq Almaniya-Türkiyə münasibətləri bərpa olunmalıdır. Əslində adıçəkilən ölkələrin başqa yolu da yoxdur. Çünki bu gün Avropanın təhlükəsizlik məsələsi də gündəmdədir. Türkiyə isə bu məsələdə həlledici mövqeyə malikdir. Türkiyə bir növ Avropa İttifaqının süzgəcidir, qalxanıdır. Çünki narkotik ticarəti, insan alveri və digər cinayət tərkibli ticarət yolları Türkiyə üzərindən keçir. Bunların qarşısı isə birgə mübarizə ilə alınmalıdır. Əks halda, bu təkcə Almaniya deyil, Avropa Birliyinin özü üçün də ciddi problemə çevrilə bilər. Bu baxımdan hesab edirəm ki, hər iki dövlər münasibətlərin normallaşmasında maraqlıdır. Münasibətlərin gərgin olaraq qalması problemləri daha da dərinləşdirir və çıxılmaz vəziyyət yaradır. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə NATO ölkəsidir və bu platformada Almaniya ilə hərbi müttəfiqdir. Bu amillər də hər iki ölkənin münasibətlərində önəmli rol oynayır”.




Millət