Şriftin ölçüsü / 663

Geosiyasi məsələlər neft kotirovkalarına çox ciddi təsir göstərir

16 Yanvar 2018 [16:49]

"Fars körfəzində istənilən siyasi böhran neft bazarlarında qısa zaman kəsiyində dərin "neft aclığı" yarada bilər”.

Cebhe.info xəbər verir ki, bunu neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

O bildirib ki, qlobal neft bazarlarına təsir edən əsas amillərdən biri geosiyasi məsələlərdir ki, bu da neft kotirovkalarına çox ciddi təsir göstərir: "Belə ki, neft bazarları ilə bağlı proqnozlar hazırlananda Nigeriya , Liviya, Venesuela, İran və İraq kimi potensial neft ixrac edən ölkələrdəki siyasi vəziyyət əsas element kimi götürülür.

Adıçəkilən dövlətləri bazar iştirakçıları "kövrək" neft ixrac edən dövlətlər adlandırırlar. Hansı ki, bu dövlətlərdə siyasi vəziyyətin gərginləşməsi, neft bazarlarında tarazılığın pozulmasına və bazarın tənzimlənməsinə neqativ təsir göstərir. Bu baxımdan, İranda ictimai-siyasi vəziyyətin gərginləşməsi, etiraz dalğasının getdikcə bütün ölkə boyu genişlənməsi təhlükəsi neftin qiymətinə ciddi təsir göstərəcək”.

Zəfər Vəliyev onu da qeyd edib ki, İranda son günlər baş verən etiraz dalğası 1979-cu il hadisələrinə bənzəyir: "Sadəcə olaraq, səslənən etiraz şüarlarında fərqlər var. Əgər 1979-cu ildə küçələrə axışan etirazçılar ucadan "Alahu Əkbər ", "Amerikaya ölüm" , "rədd olsun Şah" deyə qışqırırdılarsa, indi 1979 -cu il İslam İnqilabının əsas şüarlarının əksinə olan siyasi şüarlar səsləndirirlər. Qeyd etmək lazımdır ki, İranın neft sənayesi tarixində ən yüksək neft hasilatı Məhəmməd Rza Pəhləvi dövründə baş verib. O zaman İranda gündəlik neft hasilatı 6 milyon barelə kimi yüksəlib. Təbii ki, İranda siyasi vəziyyətin gərginləşməsi Fars körfəzi üzərindən dünya bazarlarına ixrac edilən neft həcmlərində təsir edə bilər.

Belə ki, neft ixrac edən körfəz ölkələrinin (BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, İraq ,Oman) gündəlik ixrac həcmləri İranın açar rol oynadığı Hörmüz boğazından keçərək beynəlxalq sulara daxil olur. Fars körfəzində istənilən siyasi böhran neft bazarlarında qısa zaman kəsiyində dərin "neft aclığı" yarada bilər. Bu anda neftin qiymətinin hansı həddə kimi yüksəlməsini demək mümkün deyil. Bunun bir adı ola bilər - neft böhranı”.



Millət