Şriftin ölçüsü / 215

Növbədənkənar seçki qərarını iki başlıca səbəbi var

05 Fevral 2018 [17:23]
"Prezident seçkilərinin növbədənkənar keçirilməsi barədə verilən sərəncam yerində və zamanında atılmış addmdır”.

Ovqat.com xəbər verir ki, bunu tanınmış iş adamı Mürvət Həsənli bir müddət əvvəl paylaşdığı statusunda bildirib.

M.Həsənli statusunda bir çoxlarının bu qərarın ədalətsiz rəqabətə səbəb olacağını iddia etdiklərini vurğulayaraq, həmin fikrlə razılaşmadığını bildirib:

"Mənim fikrimcə isə, bu cür mülahizələrin heç bir məntiqi əsaslandırması yoxdur. Ən azı ona görə ki, növbədənkənar seçkilərin keçirilməsi bəzilərinin düşündüyü kimi gözlənilməz deyildi. Ölkənin hakim partiyası olan YAP-ın qurultayını gözləmədən namizədini açıqlaması seçkilərin növbədənkənar keçiriləcəyinə işarə idi.

Üstəlik, bununla bağlı informasiyalar da mətbuata sızdırılmış, bəzi deputatlar tərəfindən müəyyən təkliflər və fikirlər səsləndirilməklə ictimaiyyət seçkiyə hazırlanmışdı. Bu mənada Cənab Prezidentin məlum addımının gözlənilməz olduğunu düşünənlər, yumşaq desək, yanılırlar. Onlar öz sadəlövhlüklərinə və seçkilərə qatılmaq imkanlarının yoxluğuna mənasız arqumentlərlə haqq qazandırmağa çalışırlar”.

İş adamının fikrincə, bu cür iddia irəli sürənlər əvvəl öz imkanlarına diqqətlə nəzər salsalar yaxşıdır: "İnsafları olsa, seçkiləri nəinki qazanmaq, hətta namizəd olmaq üçün yetərli imza toplamaq şanslarının olmadığını etiraf edərlər. Marjinallaşmış müxalif qüvvələrə qələbə çalmaq üçün seçkilərin zamanının 6 ay qabağa çəkilməsinə nə ehtiyac vardı? Bu mənada haqqında bəhs etdiyim addımın siyasi rəqabət xətrinə atıldığını iddia etmək absurddur”.

Mürvət Həsənli zənn edir ki, növbədənkənar seçki qərarını iki başlıca səbəbi var: "Bunlardan biri xarici faktor, digəri isə qeyri-neft sektorunun inkişafı üçün zərurət halına gələn təxirəsalınmaz tədbirlərlə bağlıdır.

Sirr deyil ki, Azərbaycan dörd bir tərəfdən xarici düşmənlərin əhatəsində yaşayır və son zamanlar məskunu olduğumuz geosiyasi məkanda böyük dövlətlərin amansız rəqabətləri artır. ABŞ-Rusiya-İran ziddiyyətləri Qara dəniz və İran sərhədlərinə qədər yaxınlaşıb. Bu ziddiyyətlər ölkəmizdəki beynəlxalq neft şirkətlərinin maraqlarına qarşı cənubdan və şimaldan gələn təxribatları tətikləyə, ölkədə qarışıqlıq yaratmaq planlarını işə sala bilər. Həmin təxribat ehtimallarına macal verməmək üçün Azərbaycanın kütləvi aktivliklə müşaiyyət olunacaq seçkiləri bir an öncə keçirməsi daha məqsədəuyğun idi.

Digər tərəfdən, əzəli düşmənimiz sayılan Ermənistanda seçkilər mart ayında tamamlanacaq. Bu ölkədə qurulacaq yeni hökumətin tam oturuşduğu bir zamana təsadüf edəcək Prezident seçkilərində təxribatlar törədilməsi ehtimalı da istisna edilməməli və buna qarşı tədbirlər alınmalı idi. Seçkilərin bir an öncə başlanmasının digər zərurəti bu təhlükədən doğa bilər və məncə, Azərbaycan Prezidentinin uzaqgörən addımı təqdir olunmalıdır.

İkinci amil olaraq, Azərbaycanın bəzi siyasi və iqtisadi islahatlar həyata keçirmək zərurəti ilə qarşı-qarşıya qaldığını söyləyə bilərəm. Sirr deyil ki, ölkədə qeyri-neft sektorunun inkişafı, artıq neçə ildir, Azərbaycan Prezidentinin başlıca prioritetinə çevrilib. Bunun üçün isə kompleks tədbirlər həyata keçirilməlidir. Həmin tədbirlər hüquqi, siyasi, iqtisadi islahatlardan tutmuş kadr dəyişikliklərinə qədər geniş sahələri əhatə etməlidir.

Sözsüz ki, prezident seçkiləri ərəfəsində bu islahatları aparmaq bəzi maraqları tapdalanan insanların narazılığına səbəb ola bilərdi. İstənilən islahatın ilk əvvəl bu cür yan təsirləri olur və getdikcə gərginlik azalır. 6 ay gec keçirilən seçki isə bu sahədə 6 ay geri qalmaq mənasına gəlir. İndiki dövrdə hətta günlərin, saatların belə, islahatlarda uğur qazanmaq üçün böyük əhəmiyyəti var. Görünür, Cənab Prezidenti də məhz bu amilləri nəzərə alaraq gecikməməyə qərar verib. Bütün bunlar isə Azərbaycan xalqının gələcək rifahı üçün təxirəsalınmaz tədbirlərin tam zamanında həyata keçirilməsi deməkdir”.


Millət