Şriftin ölçüsü / 133

“Ümidverici bir hadisədir ki, ATƏT-lə Rusiya vahid mövqe sərgiləyir”

05 Fevral 2018 [17:32]


Rusiya İtaliyanın ATƏT-dəki sədrlik proqramını konstruktiv və gələcəyə yönəlik hesab edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı və ATƏT-in hazırkı sədri Ancelino Alfano ilə görüşü zamanı deyib.

S.Lavrov italiyalı həmkarı ilə görüşlərin etimad çərçivəsində keçdiyini qeyd edib: "Biz İtaliyanın ATƏT-dəki sədrlik proqramını maraqla qarşıladıq, biz bu proqramı konstruktiv hesab edirik”. Alfano isə qeyd edib ki, Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində ATƏT müşahidəçilərinin sayının artırılması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirə bilər.

Alfano əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işinə tam dəstək göstərilir və ATƏT həlli uzanmış münaqişələrin nizamlanması üçün istənilən şəraitin yaradılmasına kömək etmək niyyətindədir.

Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in yeni sədri olan ölkə ilə Rusiyanın mövqeləri üst-üstə düşür. Belə məqam Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nə vəd edir?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə bildirdi ki, belə vəziyyətin yaranması çox normaldlır: "İtaliyanın ATƏT-də sədrliyi götürməsindən sonra biz xüsusi fəallıq hiss edirik. Bu, rotasiya qaydasında olsa da, İtaliyanın göstərdiyi səmimiyyət, işgüzarlıq digərlərindən fərqlənir. Eyni zamanda, İtaliyanın ATƏT-ə əvvəllər etdiyi sədrliyi dövründə bu istiqamətdə ciddi irəliləyişlər olub. BMT-nin Ermənistanı işğalçı kimi tanıyan qətnamələri məhz İtaliyanın sədirliyi dönəminə düşür. Bu sadəcə təsadüf deyil. Həmin vaxt İtaliya bununla bağlı baza rolunu oynayacaq hesabatlar təqdim etməyi bacarmışdı. Rusiya isə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri sayılan 3 ölkədən biridir. Bu, məsələnin formal tərəfidir. Qeyri-formal olaraq isə deyə bilərik ki, münaqişənin həllinə real təsir imkanları olan ölkədir. Belə məsələdə iki mühüm tərəfin fikirlərinin üst-üstə düşməsi təqdirəlayiqdir. Bu, münaqişənin həllinə yalnız müsbət impuls verə bilər. Ancaq biz istərdik ki, Rusiya daha çox atəşkəsə nəzarət mexanizmlərilə bağlı ATƏT-in səyini alqışlamasın. Əsasən nəticəyə hesablanan addımların atılmasına dəstək versin. Atəşkəsə nəzarət mexanizmlərinin gücləndirilməsini ermənilər çox təkidlə tələb edirdilər. İndi görək sonra nəyi bəhanə edəcəklər? Bizim ATƏT-in sədri kimi İtaliyanın səylərinə ümidlərimiz var. İstərdik ki, onların səyləri ilə bağlı digər iki həmsədr ölkə də fikirlərini açıqlasın. Bu ildən hiss edilir ki, ATƏT çərçivəsində münaqişənin həllində irəliləyişə nail olmaq üçün ciddi addımlar atılır. Bir sözlə, ümidverici bir hadisədir ki, ATƏT-lə Rusiya vahid mövqe sərgiləyir”.

Məhəmmədəli QƏRİBLİ