Şriftin ölçüsü / 264

AMİP qərarında və təşkilində iştirakı olmayan heç bir aksiyaya qoşulmur

03 Mart 2018 [17:26]
Milli Şuranın sədri Cəmil Həsənlinin 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı müxalifətin birgə mitinqlər keçirməsi üçün Müsavat və REAL hərəkatına etdiyi müraciət qalmaqal yaradıb. İlkin olaraq bu məsələ növbəti də Müsavatla AXCP arasında çəkişmələrlə nəticələnib, ittihamlara yol açıb.

Mitinq ətrafında müzakirələr başlayar-başlamaz - danışıqlar getdiyi bir vaxtda Milli Şuranın Müsavatdan gizli şəkildə 4 martda aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətin üzə çıxması düşərgələr arasında narazılığa səbəb olub. Məlumat üçün bildirək ki, bu barədə ilk xəbəri "Yeni Müsavat” yaymışdı. Artıq gizlilərin üzə çıxdığını görən AXCP sədri Əli Kərimli facebook səhifəsində canlı yayıma çıxaraq, 4 martda mitinq üçün BŞİH-ə müraciət etdiklərini etiraf edib.

Bundan sonra Milli Şura martın 10-a mitinq təyin edib.

Ölkədə seçkilərdən iştirakdan imtina edən kifayət qədər müxalif qurumların olmasına baxmayaraq, Milli Şuranın ayrı-seçkilik edərək, yalnız iki müxalif quruma müraciət etməsi də qalmaqala səbəb olub.

İmtinaçılar sərt şəkildə buna öz etirazlarını bildirirlər. Onlar bildirirlər ki, əslində Milli Şura bu müraciəti müxalifət daxilində növbəti parçalanma dalğasının əsasını qoyub. Məhz buna görə də, 10 mart mitinqinə icazə veriləcəyi təqdirdə "birləşmiş müxalifət” adı ilə təşkil olunan bu aksiyada yalnız üç qurum iştirak edəcəyini, bunun da birgə aksiya anlamına gəlməyəcəyi qeyd edilir.

Artıq aksiyaya qatılmayacaqları ilə bağlı müxalif qurumlar mövqelərini açıqlamağa başlayıblar.

Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü Əli Orucov bildirdi ki, həmin aksiyaya qatılmayacaqlar. O, bunun səbəbləri ilə bağlı "Yeni Müsavat”a danışdı: "Seçkilərlə bağlı Kütləvi etiraz aksiyası haqqında AMİP-ə müraciət daxil olmayıb. Olsaydı, partiyanın müvafiq qurumları bu müraciəti müzakirəyə çıxardardı. AMİP prezident seçkilərində iştirakdan imtina barədə 13 fevralda Siyasi Şuranın qərarında açıq bəyan edib ki, seçkidə daxil ölkədəki mövcud durumla bağlı müxalif siyasi təşkilatlarla əməkdaşlığa və müzakirələrin aparılmasına hazırdır və bunda da maraqlıdır. Amma AMİP-də əməl edilən ənənələrdən biri də ondan ibarətdir ki, partiya qərarında və təşkilində iştirakı olmayan heç bir aksiyaya qoşulmur. Ona görə də, AMİP Milli Şuranın, Müsavatın və REAL-ın planlaşdırdığı aksiyada iştirak etməyəcək. Həmin təşkilatların da keçirəcəyi mitinqin müxalifətin ümumxalq mitinqi hesab etməyi doğru saymırıq. Ümumi müxalifətin adından danışmaq səlahiyyəti heç kəsdə yoxdur. Bu mitinq Milli Şura-Müsavat-REAL mitinqi olacaq”.


Millət