Şriftin ölçüsü / 286

Belələrinə türk deməyə adamın dili gəlmir

28 Mart 2018 [17:55]
Təəssüflər olsun ki, bir neçə il əvvəl Almaniya Bundestaqında qondarma "erməni soyqırımı” barədə qərarı dəstəkləyənlər arasında türk əsilli millət vəkilləri də olub. Onlardan biri Yaşıllar Partiyasının üzvü Cem Özdemir xüsusi canfəşanlığı ilə seçilib.

Bu arada Ermənistan rəhbərliyi 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanıyan qətnamənin müəllifi və fəal dəstəkçisi, milliyətcə türk olan Almaniya parlamentinin deputatı Cem Özdemiri mükafatlandırıb. C.Özdemir Ermənistanın dövlət mükafatı ilə təltif edilib. Onun qondarma "erməni soyqırımı” ilə bağlı fəaliyyətinə görə mükafat aldığı bildirilib. Belə ki, bununla bağlı göstərdiyi fəaliyyətinə görə C.Özdəmir "Mxitar Qoş” mükafatına layiq görülüb. Ermənistanın Almaniyadakı Səfirliyində keçirilən tədbirdə alman hökumətinin bir sıra yüksək səviyyəli nümayəndələri, eləcə də millət vəkilləri və digər şəxslər iştirak ediblər.

Məlumat üçün qeyd edək ki, C.Özdemir 1965-ci ildə Almaniyanın Baden-Vütenberq əyalətinin Bad Urax şəhərində dünyaya gəlib. Əslən Tokatlı olan Özdemir çərkəz kökənlidir. Atası 60-cı illərdə türk işçilərinin Almaniyaya köç bumunda mühacirət edənlərdəndir.

C.Özdemir orta təhsildən sonra sosial pedaqogika bölümündə ali təhsilini tamamlayıb və jurnalisitika fəaliyyətinə başlayıb. 1981-ci ildən Yaşıllar Partiyasının üzvüdür. Bir müddət partiyanın Baden-Vütenberq əyaləti təşkilatının idarə heyətində yer alıb. Hazırda həmin partiyanın rəhbər şəxslərindən biri sayılır. O, 1994-cü ildən Yaşıllar Partiyasını Almaniya Bundestaqında təmsil edir. 2004-cü ildə Avropa Parlamentinə də üzv seçilib.

Bütün hallarda, türk əsilli deputatın qondarma "erməni soyqırımı”nın təəssübünü çəkməsi və buna görə mükafatlandırılması təəssüf doğurur. Eyni zamanda, türk əsilli bir deputatın buna alət olması utancverici haldır.

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov da Özdemiri sözügedən məsələ ilə əlaqədar kəskin tənqid etdi: "Belələrinə türk deməyə adamın dili gəlmir. Çünki bu cür insanlar öz karyerist maraqlarını hər şeydən üstün tuturlar və istənilən antimilli kampaniyalarda fəal iştirak edirlər. Zatən, Almaniyadakı Yaşıllar Partiyası Türkiyəyə qarşı qərəzli siyasət yeritməkdə öncül rola malik olan siyasi qurumlardan biridir. Digər siyasi partiyalarla müqayisədə Yaşıllar Partiyası erməni təəssübünü daha çox çəkir. O üzdən, türk əsilli deputatın bu məsələdə fəal rol oynaması və buna görə ermənilər tərəfindən mükafatlandırılması utancverici haldır. C.Özdemirin özünə türk deməyə haqqı yoxdur. Beləsinə o cür fəaliyyətə görə, sözün bütün mənalarında, ar olsun! Yaşıllar Partiyası Türkiyə əleyhinə ondan bir vasitə kimi istifadə edir. C.Özdemir təkcə qondarma "erməni soyqırımı” məsələsində deyil, digər məsələlərdə də antitürk mövqeyi sərgiləyən şəxslərdən biridir. Ona görə də belə antimilli mövqedən çıxış edən şəxsin Almaniyada deputat seçilməsi, bəlli bir siyasi dairələrdə önə çəkilməsi təsadüfi deyil. Bu, eyni zamanda, Türkiyəyə qarşı aparılan kampaniyanın bir tərkib hissəsidir. Yaxşı olardı ki, C.Özdemir ermənilərin Xocalıda törətdiyi qətliamı Almaniya Bundestaqına çıxarsın. Cəsarəti varsa, bu haqda danışsın. Aydın məsələdir ki, müəyyən siyasi dairələrin diqtəsi ilə hərəkət edən şəxs belə addım atmağa cəsarət etməz”.


Millət