Şriftin ölçüsü / 254

Vəzifələr də artıq silki xarakter almaqdadır və nəsildən nəsilə otürülür

29 Mart 2018 [14:54]

Son 25 ildə Azərbaycan iqtidarı və müxalifəti arasında oxşar bir cəhət formalaşıb. Hər iki düşərgə keçmişdən ayrılmaq istəmir, uzun illər öncə baş verənləri tez-tez gündəmə gətirmək yolunu seçir. Demokratik düşərgə 1988-ci ildə meydan hərəkatı ilə başlayan və 1993-cü illərə qədər baş verən hadisələrə daha çox istinad edir, bir-birini yaxud indiki iqtidar komandasını qınayır, hakimiyyət də həmçinin həmin illəri xatırlamağı sevir.

AMİP Siyasi Şura üzvü Əli Orucovun qənaətinə görə, bu gün Azərbaycanın siyasi mənzərəsi və siyasi liderləri ötən illər ərzində yerində saymaqdadır: "Nə siyasətə, nə də siyasi proseslərə yeni nəfəs, yeni yanaşma gətirilməyib. Sanki iqtidardakı çoxluq təşkil edən kommunistlərlə, meydan hərəkatının yetirdiyi simalar bir-birləri ilə razılığa gəliblər ki, meydana kənar, yaxud da yeni simalar buraxmasınlar. Hər iki düşərgəyə də indiki status-kvo sərf edir. İqtidardakılar da, əks düşərgədə təmsil olunanlar da, bir zamanlar müəyyən siyasi oyunların və intriqaların içində olublar və əlaqəli fəaliyyət göstəriblər. İndinin özündə də bu bağlar qalır. İqtidar köhnə düşüncəli və inzibati-amirlik sisteminin yetirmələri olduqlarından yeniliyə qarşıdırlar və müasir idarəçiliyi bacarmazlar. Müxalifətdəkilər də özlərini əziyyətə salıb novatorluğa həvəs göstərmirlər. Yəni hər iki tərəf öz mövqelərini və "iş yerlərini” itirmək istəmirlər. Lakin ən böyük problem gənc liderlərin, yeni nəsil siyasətçilərin yetişməsi üçün əlverişli mühitin və imkanların olmamasıdır. Demokratik cəmiyyətlərdə bu tipdən olan istedadlı liderlər tez bir zamanda parlaya bilir və dövlətin idarə edilməsində fəal rol oynayır. Çünki ona bütün imkanlar yaradılır, həmin siyasətçi xalqla maneəsiz təmas qura bilir, fikir və düşüncələrini, ideya və platformalarını ictimaiyyətə çatdıra bilir. Ona mənsub olduğu siyasi qüvvə də, dövlət də böyük dəstək verir. Bilir ki, siyasi rəqabət və ağıllı, peşəkar siyasilər hansı qüvvəni təmsil edirsə etsin onun faydasını dövlət və xalq görür.

Azərbaycanda demokratik ənənələrin formalaşmaması və cəmiyyətin özünün siyasi proseslərdən kənarda saxlanılması, eyni zamanda idarəçilikdə , eyni zamanda idarəçilikdə qeyri- şəffaflıq, qohumbazlıq, yerlibazlıq, tayfabazlıq rüşvət və korrupsiya kimi neqativ halların olması istedadlı, savadlı, müasir dünyagörüşə yiyələnən gənc kadrların, yeni nəsil siyasətçilərin yetişməsində, və dövlət idarəçiliyinə cəlb edilməsində ciddi maneədir. Vəzifələr də artıq bir növ silki xarakter almaqdadır və nəsildən nəsilə otürülür.

Siz baxın, Avropanın, eləcə də dünyanın inkişaf etmiş ölkələrinin parlamentlərinin ortalama yaş həddi 25-35 arasındadır. Bir sıra dövlətlərin dövlət və hökumət başçıları gənclərdir. Amma Azərbaycanda bunun tam əksidir. Sanki parlamentimiz, hökumətimiz pensiya klubudur. Eləcə də müxalifətin özü də qocalmaqdadır. Bu Azərbaycanın gələcəyi üçün çox ciddi təhlükədir. Ölkənin gələcək idarəçiliyi, yaxud da, siyasi institutların perspektivləri nikbinliyə əsas vermir. Kadrlar istər iqtidarda, istərsə də, müxalifətdə olsun, həlledici rol oynayırlar. Prezident seçkilərində iştirak edən namizədlər və onların şüarlarına baxmaq kifayətdir ki, siyasi sistemin və siyasi kadrların vəziyyəti, yaxud da islahatlar, yeniliklər haqqında fikir yürüdə biləsən. Hətta YAP-ın prezidentliyə namizədi İlham Əliyev də 2003-cü ildən qalma "İlhamla İrəli” köhnə şüarla gedir seçkiyə. Bu o rəy yaradır ki, isalahat, yenilik, dəyişiklik gözləməyə dəyməz. Yaxud da, hakim partiya özünü zəhmətə salıb yeni ideya, yeni şüar, cəmiyyətə verə biləcək messajlar aramayıb.

Bu gün zahirən cəmiyyətin özünün dəyişikliklərə meylli görünməməsinə baxmayaraq, bunu zəruri edən səbəblər kifayət qədərdir. Doğrudur, yeniliklər dinamizm, çeviklik, rasionallıq tələb edir ki, Azərbaycan kimi cəmiyyətlərdə bunu həvəslə qarşılamırlar. Çünki hərə başını aşağı salıb bir tikə çörək pulunu qazanmağı, ətaləti daha üstün tuturlar. Hərəkətlilik, dinamizm, islahatlar və yeniliklər bəzən çətinliklərlə, kataklizmlərlə, qeyri-sabitliklərlə də müşayiət olunur. Bunu isə nə cəmiyyət, nə iqtidar, nə də müxalifət düşərgəsi arzulamır. Gənclik isə enerjili, yenilikçi, islahatçı, inkişaf və tərəqqiyə can atır”.


Millət