Şriftin ölçüsü / 275

Əldə edilən üstünlüyü yeniləmək lazımdır ki, düşməndə arxayınçılıq olmasın

18 Aprel 2018 [14:01]
"Ermənilər torpaqları mənimsəmək və məskunlaşmaq siyasəti aparırlar...”

Şanlı aprel döyüşlərimizlə bağlı hər dəfə bir ziyalımızın fikirlərini təqdim edirik. Bu dəfə Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədov Moderator.az-a açıqlamasında bildirib ki, aprel döyüşləri bizim tariximizdə bir dönüş nöqtəsi oldu:

"Bu atəşkəsdən sonra ilk böyük irimiqyaslı bir döyüş əməliyyatı idi və ilk dəfə idi ki, Azərbaycan əks hücum xarakterli əməliyyat həyata keçirdi. Bu da çox uğurlu bir əməliyyat oldu. Aprel döyüşləri ilə Azərbaycan strateji paylaşmanı da dəyişməyə nail oldu. Həm strateji yüksəklikləri geri qaytardı, həm də psixoloji üstünlük əldə etdi. Azərbaycan müharibənin gedişində bir dönüşə nail oldu və bu da çox ruhlandırıcı bir nəticə idi. Aprel döyüşləri həm Azərbaycan ordusu üçün, həm də milləti üçün çox əhəmiyyətli bir nəticədir”.

E.Məmmədov deyib ki, düşmən tərəfdə özünə arxayınlıqdan qalıqlar qalıb:

"Ermənistanda hələ də özünə arxayınlıqdan qalıqlar qalıb. Böyük dövlətlər Azərbaycanı hərbi əməliyyatlardan çəkindirməyə çalışırlar və Minsk qrupunun vasitəsi ilə nəticəsiz danışıqları yeniləndirirlər. Bu da Ermənistan tərəfdə həmin arxayınlığı yaratmşdı ki, Azərbaycan heç vaxt irimiqyaslı əməliyyat keçirə bilməz. Ancaq 2016-cı ilin aprel döyüşləri göstərdi ki, belə bir risk onlar üçün həmişə var”.

E.Məmmədov qeyd edib ki, düşmənə işğal olmuş torpaqlarımızda dinclik vermək olmaz:

"Mənim fikrimcə əldə edilən üstünlüyü yeniləmək lazımdır ki, düşməndə arxayınçılıq olmasın. Müharibədə udmaq da, uduzmaq da olar. Döyüşlərdə bu təbii haldır. Ancaq istənilən halda işğalçılara işğal olunmuş ərazilərdə dinclik vermək olmaz. Ermənilər torpaqları mənimsəmək və məskunlaşmaq siyasəti aparırlar. İstər kiçik xarakterli döyüşlər vasitəsi ilə, istərsə də partizan hərəkatı həyata keçirmək vasitəsitəsi ilə imkan vermək lazım deyil ki, düşmən dinc şəkildə ərazilərimizdə məskunlaşıb, torpaqları mənimsəsin”.


Millət