Şriftin ölçüsü / 289

Bu seçki iqtidar komandasının növbəti məğlubiyyəti və əsil fiasko oldu

18 Aprel 2018 [14:35]
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə dünən yekun vurulub.

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında prezident seçkilərinin nəticələrinə dair yekun protokolun tərtib edilməsi barədə qərar verilib və protokol tərtib olunub. Sənəd Konstitusiya Məhkəməsinə təqdim edilib. Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunması ilə əlaqədar sabah Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri (ümumi seçicilərin 74,30 faizi) səsvermədə iştirak edib. Səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % (3 milyon 397 min 664), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,02 % (119 min 390), öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,12 % (123 min 6), Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03 % (119 min 674), Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38% (54 min 603), Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52 % (59 min 977), Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17 % (46 min 10), "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74 % (29 min 282) səs toplayıb.

Digər müxalif partiya nümayəndəsi - AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə deyir ki, 11 apreldə keçirilən seçkilərin nəticələri əvvəlcədən məlum idi və sürpriz heç nə baş verməyib: "Bu da əvvəlki seçkilər kimi hakimiyyətin tam idarə və diqtə etdiyi bir seçki oldu. Seçki marafonuna qoşulmuş namizədlərin seçilməsindən tutmuş səsvermənin nəticələrinədək hamısı iqtidarın isəyi ilə gerçəkləşdi. Amma maraqlısı odur ki, rəqiblərin seçiminin indiki prezident İlham Əliyevin qalib gəlməsini şərtləndirməyinə baxmayaraq, yenə saxtakarlıqlara əl atıldı. Bir sıra ciddi pozuntulara yol verildi. Görün, iqtidar komandası və onların seçki texnoloqları nə qədər narahat və inamsız olublar ki, hətta, öz dedikləri, özlərinin təyin etdiklərin namizədlərdən hansınınsa prosesi dəyişə biləcəyindən əndişələniblər”.

Partiya yetkilisi onu da vurğulayıb ki, bu seçki Azərbaycana və demokratiyaya daha bir zərbə vurub: "Təbii ki, ölkənin aparıcı siyasi təşkilatlarından biri kimi AMİP seçki ilə bağlı təhlillərini və müzakirələrini aparıb yekun qiymətini verəcək. Məncə, bu seçki iqtidar komandasının növbəti məğlubiyyəti və əsil fiasko oldu”.


Millət