Şriftin ölçüsü / 157

Bəzi təşkilatlar isə indidən parlament seçkilərinə hazırlaşır

18 Aprel 2018 [14:41]
Bəzi təşkilatlar isə indidən parlament seçkilərinə hazırlaşır

Ölkədəki prezident seçkilərindən sonra siyasi partiyaların fəaliyyəti diqqət mərkəzindədir. Maraqlıdır, bundan sonra siyasi partiyaların nə kimi planları var?

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu "Şərq”ə bildirib ki, bu il Cümhuriyyətin 100 illiyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsində iştirak edəcəklər:

"Klassik Xalq Cəbhəsi Partiyası Azərbaycanın bütün bölgələrində şöbələri olan və minlərlə üzvü öz ətrafında birləşdirən təşkilatdır. Bu təşkilatın da gündəlik işləri var. Bu il həm Əbülfəz Elçibəyin 80 illiyi, həm də Cümhuriyyətimizin 100 illiyidir. Bütün bunlarla bağlı tədbirlərimiz var. Bu tədbirlərin keçirilməsi üçün planlar hazırlanıb. Partiya özünün növbəti 4-cü qurultayına hazırlıq işlərini aparır. Yerlərdə rayon şöbələrinin konfransları keçirilir. Əsasən təşkilat işləri çox olduğundan partiya bu sahədə fəaliyyətinə, özünün təşkilatlarının güclənməsinə enerjisini sərf edir və bu istiqamətdə işlər davam etdirilir”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə bildirib ki, builki prezident seçkilərində iştirak etmədikləri üçün adi iş qaydasında fəaliyyətlərini davam etdirirlər:

"Seçkilərə qatılmadığımıza görə fəallıq göstərib xüsusi tədbirlər keçirmədik. Hər halda partiyanın fəaliyyəti cəmiyyətin bilavasitə aktivliyindən asılıdır. Əgər cəmiyyət daha aktiv olarsa, o zaman partiyalar da aktivləşər. Qarşıda çox ciddi proseslər gözlənilir. Cəmiyyətin əsas üzvlərindən biri kimi islahatları gözləyirik ki, ölkədə əsaslı dəyişikliklər baş versin. Partiya üzərinə düşən fəaliyyətini davam etdirir. Ola bilsin, bizim qarşıda başqa bir tədbirimiz oldu. Qurultayın keçirilməsi ilə bağlı ehtimallar gerçəkləşə bilər”.

AĞ Partiya başqanının müavini Əhəd Məmmədli artıq parlament seçkilərinə hazırlaşdıqlarını bildirib:

"Partiyamız prezident seçkilərində iştirak etdi. 40 mindən çox imza toplayıb MSK-ya təqdim etmişdik. Təəssüf ki, namizədimiz müəyyən səbəblərə görə qeydə alınmadı. Düşünürəm ki, namizədimiz qeydə alınsaydı, seçki başqa məcrada gedə bilərdi. Artıq bizim üçün prezident seçkiləri keçmişdə qaldı. Biz önümüzə baxırıq, önümüzdə isə parlament seçkiləridir. Namizədlərimizin seçki dairələri üzrə bölgüsü başlayıb. Rayonlarda strukturlarımızın qurulması işi gedir. Həmçinin ideoloji baxımdan təbliğatımızı davam etdiririk. Partiyamız əsasən gənclərdən ibarət olduğundan gənclər qolumuza da xüsusi diqqət yetiririk”.

Prezident seçkilərindən sonra əvvəlki qrafikə uyğun olaraq siyasi fəaliyyətlərinin davam etdiyini deyən Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib ki, partiya müxtəlif tədbirlərin keçirilməsində iştirak edir:

"Partiyanın əsas işi ölkədə baş verən siyasi prosesləri təhlil etməkdir. Həmçinin partiyaya daxil olmaq istəyənlər var. Həmin şəxsləri qəbul edir, partiyanın yığıncaqlarını keçiririk. Biz siyasi partiyaların əməkdaşlıq mərkəzində təmsil olunuruq. Gördüyümüz işlərdən biri də digər partiyalarla birgə ölkədəki siyasi vəziyyəti müzakirə etməkdir”.


Millət