Şriftin ölçüsü / 205

Ermənistanın işğalçılıq siyasəti dəyişməyəcək

24 Aprel 2018 [19:08]

AMİP Siyasi Şurasının üzvü Əli Orucov Ermənistanda baş verən hadisələri və Serj Sərkisyanın hakimiyyətdən getməsinin Qarabağ məsələsinə təsir edə biləcəyi barədə "Yeni Müsavat” qəzetinin əməkdaşının sualını şərh edərək bildirib :

"Oncə Ermənistanda baş verən hadisələrin mahiyyətinə və bu proseslərin nəticələrinin regiona necə təsir göstərə biləcəyinə varmaq lazımdır. Qeyd etməliyəm ki, Ermənistandaki böhran çoxdan vardı və bu təkcə iqtisadi- soial sahədə deyil, siyasi sahədə də davam edirdi. Eks-prezidentin Baş nazir təyinatı isə bu böhranı pik nöqtəsinə çatdıraraq küçələrə daşıdı. Xalq böhranın baiskarına yenidən ən yüksək post vermək istəmədi. Əslində Paşinyan kütləvi etirazçıların üzdə olan lideri kimi görünsə də, prosesi idarə etmir. Bildiyiniz kimi referendumla Ermənistanda dövlət idarəetmə forması dəyişdirilərək parlament idarə-üsuluna keçdi və Baş nazirə geniş səlahiyyətlər verildi.

131 nəfərlik Ermənistan Milli Məclisinin 4 fraksiyasından biri olan Paşinyanın rəhbərlik etdiyi "Çıxış" fraksiyası 9 deputatdan ibarət olmasına rəğmən bu gün etirazların aparıcı qüvvəsi kimi çıxış etməsi inandırıcı deyil. Hakimiyyətin daxilində də Sarkisyana ciddi müqavimət var. Lakin Ermənistanda baş verən hadisələrin Qarabağ probleminin Azərbaycanın xeyrinə həll edilməsi üçün fürsət olacağına inamım yoxdur.

Əvvəla ona görə ki, Dağlıq Qarabağla bağlı Levon-Ter Petrosyandan üzü bəri prezidentlər dəyişsə də siyasət və yanaşma dəyişməyib. Əksinə L.Petrosyan kompromisə daha yaxın görünütülü siyasət yürüdürdu, nəinki onun xələfləri olan Köçəryan və Sarkisyan. Qarabağ kartı üzərində hakimiyyətə gələn hər iki prezident təcavüzkar və işğalçı siyasət yürüdərək, problemin dinc yolla həllini dalana apardılar.

Bu gün faktiki olaraq sülh prosesi dayanıb və iflasa uğrayıb. İkincisi, Ermənistan parlamentar respublikadır və kompromis əldə etmək mümkün deyil. Əvvəla, iqtidar partiyası sayılan Ermənistan Respublikası Partiyasının parlamentdə cəmi 43 deputat yeri var ki, bu da zəif mövqedir. Eyni zamanda 30-dan çox deputat Ermənistanın təcavüzkar müharibəsində iştirak etmiş şəxslərdir. Bir sözlə, Parlament "müharibə parlamentidir”.

Ən vacibi, Moskvanın rəsmi mövqeyi proselərə hələ konkret və aydın deyil. İzləmə mövqeyi sərgiləməklə tərəf olmaq istəmir. Əgər Azərbaycan tərəfi yaranmış vəziyyəti fürsət hesab edərək cəbhə xəttində atəşkəsi pozarsa bu, Sarksiyanın xeyrinə işləyə bilər və onun nəfəs almasına, etirazın istiqamətinin dəyişməyə, yaxud da bu etirazların dayanasına səbəb ola bilər. Onsuz da Ermənistan prezidentləri, xüsusən də, Sarksiyanın hərbi xuntası iqtidarını Qağlıq Qarabağ problemi və Azərbaycan xofu üzərində saxlayıb. Gözlənilən odur ki, Sarksiyan istefaya getməyə məcbur olacaq, yaxud da cəbhə xəttində lokal hərbi toqquşmalara rəvac verəcək. Hər iki hal itkidir.

Azərbaycanın işğaldan xilas olunmağın yolu daxili birliyimizdən, həmrəyliyimizdən, demokratiyadan və inkişafdan keçir. Ermənstandakı böhran nə qədər dərinləşsə də, Dağlıq Qarabağ, işağalçılıq və "Böyük Ermənistan" eləcə də "soyqırım" iddiaları onların ümumi və birləşdirici, formalaşdırılmış ideologiyalarıdır. Bu məsələlərdə bir-birlərinə qarşı ən qatı düşmən olan və mövqedə olan ermənilər ümumi dil taparaq anlaşa bilirlər.

Biz bu ərəfədə ordaki prosesləri diqqətlə izləməli, düşmən təxribatına ötən ilin 1-4 aprelindəki kimi cavab verməyə hazır olmalıyıq.


Millət