Şriftin ölçüsü / 22

Rusiya prezidentlərinin andiçmə mərasimi heç vaxt tez həyata keçirilməyib

24 Aprel 2018 [19:13]
Elçin Mirzəbəyli: "Burada hər hansı bir siyasi motiv yoxdur”; Elşən Mustafayev: "Mərasimin 9 may bayramından 2 gün öncəyə salınmasını təsadüfi hesab etmirəm”

Martın 18-də Rusiyada keçirilən prezident seçkilərində qalib gələn Vladimir Putinin andiçmə mərasimi yubanır. Doğrudur, inauqurasiya mərasiminin günü məlumdur, Putin mayın 7-də and içəcək. Lakin onun nə üçün vaxtı bu qədər uzatması marağa səbəb olub.

Rusiyadan sonra Ermənistanda aprelin 2-də, Azərbaycanda isə 11-də keçirilən prezident seçkilərindən sonra qalib gələn prezidentlərin qısa müddətdə andiçmələrinin fonunda nə üçün şimal qonşumuzda inauqurasiya mərasiminin bu qədər gecikməsi sual yaradır. Bu istiqamətdəki mövqelər birmənalı deyil.

Politoloq Elçin Mirzəbəyli burada siyasi motivlərin olmadığını düşünür: "Rusiyanın federal qanunvericiliyində prezident seçkiləri haqqında qanunun 69-cı maddəsinə uyğun olaraq, Rusiya prezidenti öz vəzifəsinin icrasına Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini elan etdikdən sonra 30-cu gün sonra başlayır. Yəni Putinin inauqurasiya mərasimi qanunvericiliyin tələblərinə uyğun olaraq mayın 7-də keçiriləcək. Azərbaycanda isə belə bir prosedur yoxdur. Rusiyada inauqurasiya mərasiminin gecikdiyi barədə fikirlər söyləmək doğru deyil. Burada hər hansı bir siyasi motiv yoxdur”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev ile ilgili görsel sonucu

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev məsələyə bu cür şərh verdi: "Rusiya prezidentlərinin andiçmə mərasimi heç vaxt tez həyata keçirilməyib. Bunların da səbəbləri vacib prosedurların həyata keçirilməsi qrafikləri ilə bağlıdır. Bilirik ki, bu seçkilərdən sonra digər namizədlərdən Seçki Komissiyasına şikayətlər daxil olub. Həmin şikayətlərə baxılma müddətləri, federasiya subyektlərinin çox olması, ümumiyyətlə, seçiciləri əhatə edən ərazilərin böyük olması vaxt alan prosesdir. Hətta şikayətlər çox olmasa belə onlara baxılması qaydaları, prosedurlar qanunda göstərilən müddət ərzində həyata keçirilir. Öncədən də elan olunmuşdu ki, prezidentin andiçmə mərasimi seçkilərin nəticələrinin rəsmi elan olunmasından 30 gün sonra keçiriləcək. Bu, eyni zamanda əvvəlki prezident müddətinin bitməsi vaxtına təsadüf edir. Mərasimin may ayının 7-nə salınması həmin müddəti təxminən 10-12 gün müddətinə uzadıb. Düşünürəm ki, bu elə də böyük gecikmə deyil. Yəqin ki, burada bir sıra faktorlar rol oynayıb. Bu ərəfədə Qərb-Rusiya münasibətlərində gərginliyin pik həddə çatmağı, Suriyada baş verən son bombalamalar da bu gecikmədə müəyyən rol oynaya bilər. Həmçinin gözlənilir ki, çox təmtəraqlı bir andiçmə mərasimi keçirilsin və xaricdən də qonaqlar dəvət edilsin. Mərasimin 9 may bayramından 2 gün öncəyə salınmasını da təsadüfi hesab etmirəm. Andiçmənin vaxtının uzadılmasından kənarda kimsə hansısa məqsədlər üçün istifadə edə bilməz. Bu, imkansız, eyni zamanda mümkünsüzdür”.


Millət




Digər Xəbərlər