Şriftin ölçüsü / 83

Ermənistanda yaşanan hadisələri soyuqqanlı şəkildə təhlil etmək lazımdır

25 Aprel 2018 [17:02]
Elşən Mustafayev: "İkinci hal baş veribsə, o zaman Ermənistan üçün cəza mexanizmi tezliklə işə düşə bilər”

İrəvanda baş verən etirazların fonunda Ermənistanın baş naziri Serj Sarkisyan istefa verməyə məcbur olub. Sarkisyanın adından yayılan bəyanatda belə fikirlər yer alıb: "Əziz soydaşlarım. Sizə sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Baş verən situasiyada bir neçə həll yolu var, lakin mən onlardan heç birinə getməyəcəm. Bu mənə görə deyil. Mən baş nazir postumu buraxıram. Küçə hərəkatı mənim baş nazirliyimə qarşı keçirilir. Sizin tələbinizi yerinə yetirirəm”.

Qeyd edək ki, namizədliyi hakim Respublikaçılar və Daşnaksütyun partiyası tərəfindən irəli sürülən Serj Sarkisyan aprelin 17-də parlamentin xüsusi iclasında baş nazir seçilib. Ekspertlər Sarkisyansız Ermənistan üçün fərqli proqnozlar verirlər. Təbii ki, orada baş verən hadisələr Azərbaycan tərəfinin də diqqət mərkəzindədir. Çünki bizim üçün həlli vacib olan Dağlıq Qarabağ probleminin yaradılması və torpaqların işğal altında saxlanması birbaşa Ermənistan dövləti vasitəsilə həyata keçirilib. Bu baxımdan da maraqlıdır, Ermənistandakı hadisələr bundan sonra hansı ssenari üzrə inkişaf edə bilər?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanda yaşanan hadisələri soyuqqanlı şəkildə təhlil etmək lazımdır: "Orada baş verən hadisələr öncədən yaxşı hazırlanmış ssenari üzrə gedir. Kim bu ssenarini hazırlayıb və hansı məqsədlər ortada olub, onları yaxın vaxtlarda biləcəyik. Mən Ermənistanda bu üsulla hakimiyyət dəyişikliyinin ola bilməsi ehtimallarına həmişə inanmışdım. Amma Ermənistanın belə tezliklə və asanlıqla Rusiyanın iradəsinə zidd siyasət yürüdəcəyinə, üzünü Qərbə tərəf döndərəcəyinə və nəhayət, müstəqil siyasət yeridəcəyinə inanmamışam. Bu gün də inanmıram. Bu istiqamətdə müəyyən cəhdlər ola bilər, lakin bu cəhdlərin həyata keçməsinə mane olan şərtlər çox böyükdür. Hesab edirəm ki, yaxın vaxtlarda yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar olacaq. Qarabağ klanı tək Sarkisyandan ibarət deyil. Ölkə parlamentində çoxluq təşkil edən partiya Sarkisyanın lideri olduğu Respublikaçılar partiyasıdır və onların da əksəriyyəti Sarkisyana bağlı və onun klanının aktiv üzvləridir. Yeni seçki olmasa, klanın növbəti nümayəndəsini baş nazir təyin edə bilərlər ki, bu da aparılan mübarizəni nəticəsiz və lazımsız edər. Məni düşündürən digər faktor Rusiyanın bu hadisələrdə özünü soyuqqanlı aparmasıdır. Cənubi Qafqazda yeganə istinad nöqtəsi olan bir ölkədə baş verən hadisələrə seyrçi qalması inanılmaz bir hadisədir. Hesab edirəm ki, ya bu proseslərdən və nəticəsindən öncədən Rusiyanın xəbəri var idi və Sarkisyan hakimiyyətinin dəyişdirilməsi onun planlarına daxil olub, ya da bu hadisələr Rusiyanın iradəsinə zidd baş verib. Birinci hal olarsa, ümumilikdə, Ermənistan siyasətində heç nə dəyişməyəcək, ölkə yalnız uzun müddət hakimiyyətdə kök salmış klandan təmizlənəcək. Yeni şəraitə və qaydalara uyğun, Rusiyaya yaxın yeni komanda hakimiyyətə gələcək. İkinci hal baş veribsə, o zaman Ermənistan üçün cəza mexanizmi tezliklə işə düşə bilər. Bu cəza mexanizminin başında isə Rusiyanın Dağlıq Qarabağ konfliktinə baxışlarının dəyişməsi ola bilər. Bütün iqtisadiyyatın Rusiyadan asılı olması faktlarını bura əlavə etsək, Rusiyanın hadisələrə niyə belə soyuqqanlı, arxayın reaksiya verməsi aydın olar”.


Millət