Şriftin ölçüsü / 120

Ümid edirik, yeni simalar yeni yanaşma ilə fəaliyyət göstərərək nəyəsə nail olacaqlar

25 Aprel 2018 [17:04]
Ölkə başçısının sərəncamlarına əsasən, hökümətdə dəyişikliklər gerçəkləşib. İqtidarda baş verən proseslər fonunda müxalifətin susqunluğu diqqət cəlb edir.

Ölkədə fəaliyyət göstərən siyasi partiyalar hər hansı dəyişikliklərə imza atacaqlarmı?

Modern.az saytı bu sualla bir neçə partiyalara müraciət edib:

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov:

"Təbii, zəruri tələbatlar yarananda partiya özünün daxilində müəyyən dəyişikliklər edir. Hazırda bu məsələlərlə əlaqədar biz ciddi addım atmağı düşünmürük. Çünki müxalifətdə olan partiya icra strukturuna malik olmadığı üçün hər hansı zərurət yoxdur. Buna baxmayaraq partiyanın təşkilatlanması, yerlərdə bir qədər qeyri-fəal olan rəhbərlik orqanlarının işçilərinin dəyişməsi və ya başqası ilə əvəz edilməsi, yaxud Mərkəzi Komitənin tərkibində olan müəyyən yoldaşların əvəz olunması normal prosesdir. Bu kampaniyadan kampaniyaya yox, mütəmadi həyata keçirilən məsələlərdir. Əgər hər hansı rayon təşkilatındakı rəhbər işçinin fəaliyyəti aktiv deyilsə, nəzərə çarpmırsa yaxud işdə geriləmələr varsa, əlbəttə, həmin adam partiyanın müvafiq qərarı ilə dəyişdirilə bilər.

Axırıncı dəfə seçkilərdən öncə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində ciddi dəyişikliklər oldu. Zəif fəaliyyətlərinə görə komitənin müəyyən əməkdaşları uzaqlaşdırıldı, aktiv yoldaşlar rəhbər orqana təyin edildilər. Ölkədə baş verənlərdən asılı olmayaraq onsuzda partiyaların öz daxilində həmişə yeniləşmə prosesi gedir”.

Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli:

"Hökümətdəki dəyişikliyin partiyadakı dəyişikliklərə hansı təsiri ola bilər ki? Əslində düşünürəm ki, ölkədə hər hansı ciddi dəyişiklik baş verməyib. Məsələ bundadır ki, fərqli ideoloji-siyasi baxışlara malik olan şəxslər hakimiyyətə gətirilən zaman dəyişikliklərdən söz açmaq olar. İndiki halda bütün vəzifələr YAP-ın çərçivəsində seçilib və sistem eyni olaraq qalır.

Digər tərəfdən, Ədalət Partiyasının bu ilin yanvar ayında qurultayı keçirilib. Orda müəyyən dəyişiklər olub. Partiya sədri olduğu kimi qalsa da, müavinlərin sırasında azad olunanlar var və müəyyən vakant yerlər də mövcuddur. Xüsusilə Ali Məclisin tərkibində yeniliklər baş tutdu. Yəni kənardan gələnlərin hesabına hər zaman yeniləşmə həyata keçirilir. Bu baxımdan hesab edirəm ki, öz daxilində yerdəyişmə ilə hər hansı yenilikdən söz gedə bilməz. Bu yalnız kənardan gələnlərin hesabına reallaşır”.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu:

"Partiyamızda əsas təşkilatlanma işimizin yenidən qurulmasına çalışacağıq. Amma ciddi bir dəyişiklik olmayacaq. Azərbaycan iqtidarının atdığı addım status-kvonun saxlanmasına istiqamətlənib. Ona görə də müxalifət elə həmin status-kvonun bir tərəfi kimi ənənəvi fəaliyyətini davam etdirəcək. Bu baxımdan müxalifətdən ciddi bir şey də gözləmirəm. Biz sadəcə olaraq seçkilərdə seçdiyimiz yolu genişləndirmək, inkişaf etdirmək fikrindəyik. Bu ola bilsin, cəmiyyətdə müəyyən dəyişilmələrə səbəb olsun.

Xüsusilə də radikal müxalifətçilikdən çəkinən insanların müxalifətə cəlb olunmasına, təşkilatlanmasına, müxalif kəsmin yanında dayanmasına çalışacağıq. Bu nə dərəcədə müvəffəqiyyətli olacaq, gələcək göstərəcək”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi şurasının üzvü Əli Orucov:

"Hökümətdə struktur, idarəçilik deyil, kadr dəyişikliyinin şahidi olduq. Lakin gənclərin seçimi müsbət haldır. Çox istərdik ki, bu islahatlar köklü olsun. O ki qaldı, partiyadakı dəyişikliyə, deyə bilərəm ki, yeniləşmə hər zaman lazımdır. Bu, dinamik inkişafa təkan verən amildir. Düşünürəm ki, bu tələbatı təkcə AMİP yox, digər müxalif düşərgələr də dərk etməlidir. Digər tərəfdən hələki tələsməyə ehtiyac duymuruq. Ölkədə nələrin olduğunu, nələrin baş verdiyini izləyirik.

Bizim ölkədəki prosesləri qiymətləndirmədən, əhalinin tələbatını bilmədən, xüsusilə də kütləvi aksiyalar istiqamətində addım atmağımız düzgün olmaz. Etiraz aksiyaları mübarizənin son həddidir. Dialoq və ya digər qəbul olunmuş vasitələr bitərsə, o zaman təzyiq vasitəsi kimi mitinqlər gündəmə gəlir. Ölkədə dialoqların başa çatdığını düşünmürəm. Ümid edirik, yeni simalar yeni yanaşma ilə fəaliyyət göstərərək nəyəsə nail olacaqlar. Ümumiyyətlə isə ölkədə baş verən proseslərə uyğun olaraq partiyalar, o cümlədən AMİP hər hansı addım ata bilər”.


Millət