Şriftin ölçüsü / 239

Payıza doğru isə ictimai-siyasi proseslər yenidən qızışa, hətta bu mübarizə meydanlaradək gedib çıxa bilər

26 Aprel 2018 [19:58]
Prezident İlham Əliyevin sərəncamı ilə formalaşan yeni hökumətdə 4 deputatın da yer alması müzakirələrə yol açıb. Əvvəlki iki yerin də boş qaldığını nəzərə alsaq, artıq Milli Məclisdə 125 deyil, 119 deputat oturur.

Məlumat üçün bildirək ki, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə, deputat Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyinat alıblar. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ilin martında onun deputatlıq səlahiyyətlərinə xitam verilib. Bundan əlavə, iki həftə öncə deputat Astan Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib.

Hazırda deputatsız qalan dairələr bunlardır: 14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 34 saylı Xətai ikinci, 91 saylı Ucar Seçki Dairəsi. 6 deputat yeri boş qalandan sonra hökumətin parlamenti buraxıb, ilin sonuna qədər növbədənkənar seçkilərə gedəcəyi ilə bağlı iddialar artır.

Maraqlıdır, 6 dairə üzrə seçkilər olarsa, yaxud növbədənkənar seçkilər təyin edilərsə, müxalifət bu seçkilərdə iştirak edəcəkmi?

AMİP katibi Əli Orucov boş dairələr üzrə seçkilərin keçiriləcəyi təqdirdə müxalifətin buna maraq göstərməyəcəyini qeyd etdi: "Hökumətin qismən də olsa yenilənməsi, yeni simalara etimad göstərilməsi parlamentin də dəyişdirilməsini diktə edir. Hakimiyyət qolları bir-biri ilə sinxron və sıx əlaqəli olduğundan bu yenilənmələr paralel aparılmalıdır. Əks halda aparılan kadr islahatları istənilən effekti verməyəcək. Bundan başqa, düşərgələr arasında siyasi mübarizə parlament divarları arasına gətirilməsə, bu, gec-tez meydanlara daşınacaq. Qısacası olaraq hakimiyyət qolları da yenilənməyə, islahatlara getməlidir. Hakimiyyət parlamentdə məsuliyyəti bölüşə biləcək siyasi qüvvələrin formalaşmasına şərait və imkan yaratmalıdır ki, gedən siyasi rəqabət inkişafa təkan versin. Əgər parlament deyil, boş qalan yerlərə seçkilər keçirilsə, çox ehtimal ki, müxalif düşərgə bu seçkilərdə iştiraka maraq göstərməyəcək. Nəzərə almaq lazımdır ki, yeni prezident və komandasına ən çoxu 100 gün vaxt tanınacaq. Payıza doğru isə ictimai-siyasi proseslər yenidən qızışa, hətta bu mübarizə meydanlaradək gedib çıxa bilər”.


Millət