Şriftin ölçüsü / 193

Bu seçim Nikol Paşinyanla Karen Karapetyan arasında aparılacaq

27 Aprel 2018 [19:31]
Ermənistandakı hadisələr maraqlı rəng almağa başlayıb. Artıq hakimiyyətin taleyinin xarici ölkələrdə və məmurların kabinetində həll edildiyi üzə çıxır. İnqilabı edən Paşinyan isə bu mühüm müzakirələrin heç birində iştirak etmir. Cərəyan edən hadisələr hakimiyyətə yeni bir şəxsin gələcəyini labüd edir.

Ermənistanın sabiq baş naziri Serj Sarkisyan hakim Respublika Partiyasının sədrliyindən də getmək qərarı verib. Bu barədə Sarkisyan və baş nazir vəzifəsini icra edən K.Karapetyanın fraksiyadan olan deputatlarla görüşündən sonra məlum olub.

"Ermənistanın Respublika Partiyasının yeni sədrinin seçilməsi ilə bağlı müzakirələrin aparılması ilə bağlı razılıq əldə olunub” - görüşün nəticələrinə dair açıqlamada belə deyilir. S.Sarkisyan partiya rəhbərliyindən istefasının səbəbini ölkədə daxili sülh və stabilliyi saxlamaq şəklində izah edib. Bu arada məlum olub ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya yola düşüb. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan nazirin xarici ezamiyyətə çıxdığını təsdiqləyib, ancaq istiqaməti bildirməyib. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də həmkarı, prezident Armen Sarkisyana zəng edərək Ermənistanda baş verənləri müzakirə edib. Artıq belə təəssürat yaranır ki, Ermənistanda hakimiyyətin taleyini yeni seçilən prezident A.Sarkisyanla xarici işlər naziri E.Nalbandyan həll edir. Bu xüsusda qeyd edilir ki, A.Sarkisyan da yeni baş nazir kimi Nalbandyanın seçilməsini istəyir. Qeyd edək ki, hər iki şəxs hakimiyyətdə olan qeyri-Qarabağ klanının təmsilçisi sayılır. Nalbandyanın baş nazirlik şansını necə dəyərləndirmək olar?

Ekspert Elşən Mustafayevin sözlərinə görə, artıq Ermənistandakı hakimiyyətin taleyi bağlı qapılar arxasında müzakirə edilir: "Təbii ki, bu dəyişikliyin baş verməsini əsas şərtləndirən amillərdən biri də erməni xalqının son 20 illik Qarabağ klanı təmsilçilərinin idarəetməsindən cana doymasıdır. Bu baxımdan da hakimiyyətə yeni gələcək şəxsin həmin klanın təmsilçisi olmayacağı dəqiqdir. Fikir verirsinizsə, etirazçlar yeni seçilən prezidentə etiraz etmir. S.Sarkisyanın məhz səlahiyyətlərə malik olmayan adamı prezident postuna gətirməsi də regional disbalansı tənzimləməyə hesablanmışdı. A.Sarkisyan Qarabağ klanından deyil. Fikir verin, Nalbandyan Rusiyaya gedir, prezident isə Putinlə məsləhətləşir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanda hakimiyyətin taleyini Putin həll edir. Etirazçı kütlə burada sadəcə vasitə, təzyiq aləti rolunu oynayır. Nalbandyanın Rusiyaya yola düşməsi heç də onun özünün namizədliyinin müzakirə edildiyi qənaətini hasil etmir. Çünki prezident A.Sarkisyan və baş nazir səlahiyyətlərini icra edən K.Karapetyan ölkədəki vəziyyətə birbaşa nəzarət etdiklərindən, onların Moskvaya səfəri məqsədəuyğun sayılmayıb. Həm də S.Sarkisyandan sonra Rusiyanın Ermənistandakı etibarlı adamlarından biri E.Nalbandyan sayılır. Görünür, bir sıra ssenariləri onunla müzakirə etmək daha ağlabatan görünüb. Artıq etiraza rəhbərlik edən N.Paşinyan da yaranmış vəziyyətdə Rusiyanın rolunu dərk edir. Təsadüfi deyil ki, son iki gündə o ancaq Rusiyanın xeyrinə olan bəyanatlar verir. O görür ki, Ermənistanın prezidentinə ABŞ, Fransa prezidentləri, Almaniya kansleri və Böyük Britaniyanın baş naziri zəng etməyib. Rusiya bir daha sübut edir ki, Ermənistanın taleyi onun üçün maraqlıdır. Bu baxımdan da hazırda Ermənistanda Nalbandyanın baş nazir olmaq şansı sıfıra bərabərdir. Bu seçim N.Paşinyanla K.Karapetyan arasında aparılacaq. Karapertyan Rusiyanın maraqlarına tam cavab verir, ancaq Sarkisyanın kadrı olduğu üçün, onun seçimi etirazları yenidən alovlandıra bilər. K.Karapetyan və N.Paşinyan yaranmış vəziyyətdən yararlanaraq, hökumətə başçılıq etmək istəklərini gizlətmirlər. İndi onların mübarizəsi gedir. Ona görə ehtimal etmək olar ki, Kreml arxasında xalq dayanan N.Paşinyana üstünlük verəcək. Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinlə müxalifət liderinin görüşündə hakimiyyətin, hökumətin formalaşdırılmasının müzakirə edildiyi də istisna olunmur. Bu baxımdan, Kremlin Paşinyana bəzi tövsiyələr verdiyini də ehtimal etmək olar. Odur ki, bundan sonrakı hadisələrdə Kremlin ssenarisini də görmək olacaq. Artıq Paşinyan da bəyan edib ki, parlamentdə aparılacaq səsvermədə onun baş nazir seçilmək şansı yüksəkdir. Çünki seçilmək üçün çatmayan səslərin hakim partiya tərəfindən ona veriləcəyi artıq dəqiqləşib”.