Şriftin ölçüsü / 126

Bu idarəetmə və kosmetik dəyişikliklərlə uzağa getmək mümkün olmayacaq

01 May 2018 [19:05]

Azərbaycan müxalifəti 11 apreldəki növbədənkənar prezident seçkilərindən sonra yenidən qeybə çəkilib. Seçkilərdən öncə əsas aparıcı qurumlardan olan Milli Şura və Müsavat Partiyası bir qədər aktivləşdilər, 3 etiraz aksiyası keçirdilər. Seçkidən sonra partiya liderləri bəyan etmişdilər ki, aktiv fəaliyyəti bundan sonra da davam etdirəcəklər. Ancaq seçkidən sonra müxalifət sanki "yoxa çıxıb”.

Hətta belə iddialar da var ki, mitinqlər vaxtı bu cür aksiyaların hakimiyyətin xeyrinə işlədiyi barədə deyilənlər özünü doğruldub. İttihamlar bundan ibarətdir ki, sanki bu müxalif qurumlar bilərəkdən hakimiyyətə pas verdilər, aksiyalarla demokratiya görüntüsü yaratdılar.

Digər müxalif qurumlar da yaz fəsli olmasına baxmayaraq, hələ də aktivləşməyiblər. Halbuki ötənlərdə yaz fəslini Azərbaycan müxalifəti fəaliyyət üçün uyğun zaman sayırdı, hətta "yaz hücumu” deyə bir termin də formalaşmışdı...

AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirdi ki, doğru bildikləri yolla gedirlər: "Doğru bilərək getdiyimiz yolumuzu davam etdiririk. Siyasi fəaliyyətdə dayanmalar yox, fəaliyyətin gücləndirilmiş və yaxud da adi iş axarında davamı olur. Tutaq ki, seçki dönəmlərində, yaxud da ölkədəki ictimai-siyasi vəziyyətdən və onun tempindən asılı olaraq siyasi qüvvələr gücləndirilmiş aktiv fazada işləyir. İddia edə bilmərəm ki, müxalifətin bir qisminin seçkiöncəsi aksiyalar keçirməsi kimin işinə yarayır, ya yaramır. Amma fakt ondan ibarətdir ki, sosial sifarişin və xalqın marağı olmadan keçirilən istənilən kütləvi etiraz aksiyaları nə kütləvi, nə də təsiredici olmayacaq. Seçkiöncəsi Milli Şuranın Müsavat Partiyası ilə birgə keçirdiyi aksiyalar çox sönük və səmərəsiz oldu. Kütləvilik alınmadığından diqqəti cəlb etmədi. Lakin bu heç də iqtidarın dediyi kimi, o demək deyil ki, müxalifətin sosial bazası və ölkədə narazılıqlar yoxdur. Sadəcə, narazı kütlə etiraz aksiyalarına cəlb olunmurlar, yaxud da özlərini kənarda seyrçi mövqedə saxlayırlar. Bunun da müxtəlif səbəbləri var. Birincisi, cəmiyyət üzərində total basqılar qalır, ikincisi, narazı kütləni meydanlara çıxaracaq nə siyasi situasiya, nə siyasi lider, nə də siyasi qüvvə yoxdur. Eyni zamanda narazılar sanki ”fövqəladə bir qüvvənin, bir şəxsin" onların bütün problemlərini həll edəcəyini, vəziyyəti yaxşılaşdıracağını gözləməkdədir. Bu isə, təbii ki, doğru yanaşma deyil. Siyasi partiyaların gücü də, hakimiyyətə nəzarətin həyata keçirilməsi də məhz ictimai-siyasi fəallıq olan cəmiyyətlərdən asılıdır. Seçkiöncəsi bir-iki mitinq keçirənlər, məncə, bunu davamlı etsəydilər, insanların iştirakı getdikcə azalmağa doğru gedəcəkdi. Cəmiyyəti seçkilər bir qədər sakitləşdirsə də, bunun çox uzun sürməyəcəyi, ictimai-siyasi proseslərin payıza doğru qızışacağı qənaətindəyəm. Çünki bu idarəetmə və kosmetik dəyişikliklərlə uzağa getmək mümkün olmayacaq".


Millət