Şriftin ölçüsü / 330

Gücüm – Müstəqil Vətənimdə və Dilimdədir.

04 May 2018 [15:40]

Torpağımıza borcumuz və borcum var.

Dünyanın nazı-neməti Vətənimin bir qram torpağına da dəyməz. Bu torpaq mənim duyğumdur, düşüncəmdir, yaşayışımdır. Bu torpaq mən özüməm.

O qədər söz-söhbətlər mətbuatı bürüyübdür ki, filankəs bu qədər oğurlayıb, o biri o qədər və s. Cəhənnəmə oğurlasın. Onun düşüncəsi, mərifəti, qanacağı ora qədərdir. Belələrinə görə Vətən torpağımdan heç vaxt incimərəm.

Azı da, çoxu da mənə bəsdir. Kiməsə - qırağa şikayət etmərəm. Öz dilimdə hazır öz sözümü deyirəm də. Öz dilim və torpağım mənim gücümdür, ağlımdır, mənliyimdir.

Bir şikayət yerim var, o da ən uca olan Allahımdır.

Dil – danışan il deməkdir. Yəni nə qədər öz dilimə hörmətlə yanaşıramsa, öz dilimdə danışıramsa, elmə-təsərrüfata öz dilimlə gəlirəmsə - bu mənim varlığımı göstərir.

Dil Vətən torpağının danışan quruluşudur, ruhudur. Bunları bir-birindən ayırmaq yoxa çıxmaq deməkdir.

Tarixdə qalmaq yeməklə-içməklə olmur. Tarixdə Vətən torpağı və dili üçün etdiyin əməllərlə qala bilərsən.

114.000 kv km – dən çox ərazisi olan Azərbaycan torpağının SSRİ dövründə 86.000 kv km - ə qədər azalması – düşmənə verilməsi Azərbaycana rəhbərlik etmiş şəxslərin vaxtında baş vermişdir. İstisna Heydər Əliyevin rəhbərlik etdiyi vaxtdır. İkinci məsələ isə H.Əliyevin vaxtında Azərbaycan dili rəsmi dövlət dili elan edildi. Müstəqilliyimizin qorunması üçün ən uğurlu addım olan Qərblə neft kontraktlarının bağlanması 200 illik Rus imperiyasına Azərbaycanda son demək idi. Bu üç istiqamətdə görülmüş tarixi-əbədi işlərə görə də Heydər Əliyev Böyük Tarixi Şəxsiyyətdir.

Son dövrdə Qarabağ torpağımızın müharibədə 20 % - nin itirilməsi hələlik uduzmağımızı göstərir. İtirilmiş torpağa düşmənin xeyrinə qol çəkilməyibsə, bu həm də beynəlxalq dildə də o torpaqlar bizimdir deməkdir.

Vikliks sirrlərində mətbuatdan ("Müsavat” qəzeti) oxudum ki, Azərbaycan Prezidenti İlham Əliyev gizlin danışıqlarda Qarabağın verilməsinə qol çəkmir. Bu mənim üçün artıq Şərəf, Mənlik, Varlıq, Müstəqillik, Azad düşüncə, Ruh, Ata-Ana, Ailə və təbii ki, müstəqilliyimizin əbədi olacağına birmənalı inam idi. Prezident İ.Əliyevə təbrik teleqramı göndərdim.

Rəhbər olmaq mənim qandığım qədər o deməkdir ki, hətta öz ailəni belə torpaq və müstəqillik naminə qurban verə bilərsən. Yoxsa rəhbər olma. O sənədə qol çəkməmək buna dəlalət edir.

1983-cü ilin may ayının 10-da Moskvaya H.Əliyevin 60 illik yubileyi ilə əlaqədar təbrik teleqramı vurdum. Onda mənim 29 yaşım vardı. Tibb Universitetinin gənc müəllimi idim. Axı Azərbaycan oğlu o səviyyəyə gedib çatmışdı. Bu məndə çox yüksək qürur hissi doğururdu. Və təbii ki, H.Əliyev o vəzifədə qala-qala M.Qorbaçov (Azərbaycan və Azərbaycan xalqının qatı düşməni) öz məkrli planına-torpaqlarımızın işğalına nail ola bilməzdi.

Millətin tarixdə ən böyük adı öz torpağında müstəqil dövlətini yaratmasıdır. 1918-ci ildə müstəqil Azərbaycan dövlətinin qurulması M.Ə.Rəsulzadə və digər ər kişilərin tarixi şəxsiyyətlər kimi tariximizdə qalacaqları əbədidir.

Bu gün müstəqil, azad yaşamaq bizim qismətimizdədirsə də ən ağır yük də çiynimizdədir – torpaqlarımızı azad etməliyik. Başqa düşüncəyə, fəaliyyətə yer yoxdur. Torpağımızın işğaldan azad olması dünyada bizə qəhrəman xalq, Rəhbərə isə FATEH adı yazılacaqdır.

Qısası demokratik dəyərləri gücləndirməliyik, elmə, təhsilə düşüncəli fəaliyyət istiqaməti verməliyik. Məqsədə elmli düşüncə ilə çatmaq olar.

Müstəqilliyimizin 100 ili hər birimizin müstəqil 100 yaşımızdır. Bu yaş həm M.Ə.Rəsulzadənindir, həm də H.Əliyevindir. Bu yaş müstəqil dövlətçiliyimiz üçün can qoyanlarımızın və bu gün də həmin yolda kimlər çalışırlarsa onlarındır. Torpağı qorumağın düsturu Müstəqilliyimizin qorunmasındadır. Bu yolda Prezidentimizdən tutmuş bütün adi insanlarımızadək uğurlar diləyirəm.

Tarixdə qalmaq isdəyirsənsə torpağı, dili qoru, elmə üstünlük ver, haqqı nahaqqa vermə, demokratik dəyərləri inkişaf etdir. Bu yolda hamımıza güc, qarşılıqlı hörmət arzulayıram. Mən Vətənimlə, Müstəqil dövlətçiliyimlə fəxr edirəm.

Müstəqil Azərbaycan dövlətçiliyinin 100, H.Əliyevin anadan olmasının 95 illiyinə ittihaf edirəm.

Aydın Niftalı oğlu.

Azərbaycan Tibb Universitetinin dosenti.