Şriftin ölçüsü / 455

Görünən o idi ki, Türkiyədə ləngiməyimdə maraqlı olan qüvvələr var

10 May 2018 [15:47]
Şuşanın işğalı günü saytımızda ""Etibar Məmmədov Laçından Naxçıvana niyə getdi?..”- 26 ildir ki, bu sualın cavabını gözləyirik..." sərlövhəli yazı yayımlamışdıq. (Yazını buaradan oxuya bilərsiniz: http://www.moderator.az/news/224376.html)

Həmin yazıda müəllifin AMİP sədri Etibar Məmmədova ünvanlanmış bir sualı yer alır.

AMİP lideri Etibar Məmmədov Moderator.az ilə əlaqə saxlayaraq yazıya münasibət bildirib və həmin sualı cavablandırıb.

AMİP liderinin saytımıza göndərdiyi cavab məktubunu olduğu kimi təqdim edirik:

""Moderator.az” xəbər portalının rəhbərliyinə.

08.05.2018-ci il tarixli buraxılışınızda Sultan Laçın adlı müəllifin "Etibar Məmmədov Laçından Naxçıvana niyə getdi?” başlıqlı yazı getmişdir. Yazı qərəzli, məqsədli, ittiham xarakterli olduğu üçün cavab vermək məcburiyyətindəyəm.

Yazı müəllifinin xatırlatmasından belə nəticəyə gəlmək olar ki, o, laçınlıdır və yaşı həmin dövrün hadisələrini xatırlamağa imkan verir. Eləcə də, həmin dövrün hadisələrinə dair məhkəmə materialları açıqdır, mətbuatda yayılıb və video qörüntüləri internet resurslarında mövcuddur.

Başlayaq başlıqdakı sualdan. Sual edilir ki, Laçından Naxçıvana niyə getmişəm? Müəllif bir jurnalist olaraq bilməlidir və bilir ki, mənim həmin dövrdəki bütün fəaliyyətim açıq olub və hara, nə vaxt, nə üçün getməyim haqqında məlumatlar dəfələrlə mətbuatda işıqlandırılıb. Belə olan halda iddia etməsi ki, 26 ildir bu sual onu düşündürür, ciddi şübhə doğurur. Birinci, ona görə ki, mən 1992-ci il mayında Laçından Naxçıvana getməmişəm, Türkiyədən qayıdarkən Naxçıvandan keçmişəm və müəllif də bunu çox yaxşı bilir. Əgər bilmədiyini iddia edəcəksə, yaddaşları bir daha təzələyə bilərəm.

Mənim həmin dövrdə Laçında olmağım bir həqiqətdir və səbəbi də müəllifin iddia etdiyi kimi, hansısa qüvvəni oradan çıxarmaq yox, oraya qüvvə aparmaq olub. Müəllif soruşa bilər ki, o qüvvənin səninlə nə əlaqəsi var idi? Əgər maraqlansa bilərdi ki, həmin dövrdə Qəbələdə xüsusi təyinatlı dəstəni hazırlayan Türkiyəli zabitləri mən gətirmişdim. Şuşanın işğalı haqqında xəbər yayıldıqdan sonra qərara alındı ki, Qəbələdə xüsusi hazırlıq keçən dəstə ora göndərilsin. Həmin zabitlər mənim himayəmdə olduğu üçün Qəbələyə mən getməli oldum. Əvvəl Yevlaxa, oradan isə Laçına getdik. Laçında dəstəni həmin dövrdə rəsmi səlahiyyətli şəxs olan briqada komandiri Elbrus Orucova təhvil verdim. Elbrus Orucov bildirdi ki, kəşfiyyat məlumatına görə mayın 14-də ya 15-də Laçına hücum gözlənir. Eyni zamanda türk zabitlər döyüş vəziyyətilə tanış olub fikirlərini bildirdilər. Onların qənaətincə, döyüş ruhu zəifləmiş mövcud qüvvələrlə Laçının müdafiəsi çox çətin olacaqdı. Çıxış yolu yeni qüvvələr gətirilənə qədər vaxt qazanmaq idi. Təklifləri o oldu ki, Türkiyə ermənilərin hücumunun qarşısını ala bilər. Bunun üçün mayın 14-15-də Türkiyədə Sarıqamışda başlamalı olan hərbi manevrlər zamanı türk qoşunlarını Ermənistan sərhədlərinə yaxınlaşdırmaq lazım idi.

Yaranmış situasiyanı müzakirə etmək üçün Qəbələyə geri qayıtdıq. Ancaq müəllifin iddia etdiyi kimi 165 nəfərlik dəstə ilə yox, yalnız türk zabitləri ilə. Müzakirənin Qəbələdə aparılmasının səbəbi isə rabitə sistemi ilə bağlı idi. Belə ki, türklərin Qəbələ bazasında peyk rabitə sistemi quraşdırılmışdı və biz oradan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ilə əlaqə saxlayaraq vəziyyəti müzakirə etdik. Baş Qərargah bildirdi ki, təkliflə razıdırlar, lakin icrası üçün siyasi qərar lazımdır. Yəni hökümət razılıq verməlidir. Bildirildi ki, vəziyyət hökümətə məruzə ediləcək. Bundan sonra biz mayın 12-də Bakıya qayıtdıq.

Mayın 13-də Türkiyənin Azərbaycandakı o zamankı səfiri Altan Karamanoğlu mənə bildirdi ki, Türkiyənin Baş Naziri Süleyman Dəmirəl təcili olaraq vəziyyəti müzakirə etmək üçün Ankaraya dəvət edir və təyyarə biletlərin hazırdır. O zaman Bakıdan İstanbula həftədə cəmi bir təyyarə uçurdu. Mayın 14-də isə Ali Sovetin sessiyası çağırılmışdı. Səfir bildirdi ki, görüşdən sonra xüsusi təyyarə ilə geri qayıda bilərsən.

Mayın 13-də axşam Ankaraya çatdım, lakin ictimailəşdirə bilməyəcəyim səbəbdən görüş baş tutmadı və 14-də səhər hərbi qərargahda görüşə dəvət olundum. Məlum oldu ki, bizim təkliflə bağlı hələ siyasi qərar yoxdur. Söhbət zamanı məlumat gəldi ki, Bakıda çevriliş olub və Ayaz Mütəllibov yenidən hakimiyyətə gəlib. Dərhal tələb etdim ki, mənə təyyarə verin Bakıya qayıtmalıyam. Bildirdilər ki, bu sənin üçün təhlükəlidir və biz səni qorumalıyıq. Sonra Baş Nazirin müavini Erdal İnönü mənə Ankarada qalmağı təklif etdi. Daha sonra xarici işlər naziri Hikmət Çətinlə görüşməli oldum. Bir daha təyyarə tələb etdikdə isə bildirdilər ki, hava sərhədlərinə Rusiya nəzarət etdiyi üçün icazə almaq lazımdır. Görünən o idi ki, orada ləngiməyimdə maraqlı olan qüvvələr var. Ona görə daxili uçuşla Karsa gəlib oradan Naxçıvana keçdim və mayın 16-da Bakıya gəlib çıxa bildim.

Müəllifin dediyi kimi qüvvəni döyüş bölgəsindən çıxarma və ya başqa şəkildə dediyi başsız qoyma iddiasının da heç bir əsası yoxdur. Çünki mənim hansısa hərbi birləşmənin başında durmaq kimi avantüraya getmək iddiam olmayıb. Eyni zamanda qeyd etməliyəm ki, Laçında olduğum müddət ərzində alay komandiri Arif Paşa bizimlə olub və yola salıb. Əgər müəllif 26 ildir hansısa suallara cavab axtarırdısa bilməli idi ki, Laçın və Şuşa könüllü batalyonlarının silah, ərzaq və geyim təchizatı həmişə mənim diqqət mərkəzimdə olub və Türkiyədən gətirdiyim silah-sursat birinci növbədə Laçın və Şuşa üçün bölünüb.

Normal jurnalistin hüququdur ki, istədiyi informasiyanı almağa çalışsın. Ancaq heç kəsə haqq verilməyib insanların nisgilli hisslərində oynayaraq və informasiya mənbəyinə müraciət etmədən kimisə hansısa hipotetik günahlarda birbaşa və ya dolayısıyıa ittiham etməyə cəhd göstərsin.

Etibar Məmmədov"


Millət