Elşən Mustafayev: "ABŞ-ın üstünlüyünün daha da artması gələcəkdə Gürcüstan və Azərbaycanda fərqli situasiyalar yarada bilər”
ABŞ rus qoşunlarının Gürcüstandan çıxarılmasını istəyir və
bununla bağlı ən yüksək səviyyədə bəyanat verib. ABŞ-ın dövlət katibi
Pompeo Vaşinqtonda Gürcüstan-ABŞ strateji tərəfdaşlığına həsr olunan
illik toplantının açılışında bildirib ki, ölkəsi birmənalı şəkildə
Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi faktını pisləyir:
"Rusiyanın güc tətbiq etməklə Gürcüstan ərazisini işğal etməsi dünyadakı
təhlükəsizlik və sülhə təhlükə yaradır”.
Dövlət katibi, həmçinin, deyib ki, ABŞ Gürcüstanın NATO-ya üzv olmaq
cəhdini müsbət dəyərləndirir. Gürcüstanın baş naziri də, öz növbəsində,
ABŞ-ın bu səylərini müsbət qiymətləndirib və bildirib ki, rus
qoşunlarının ölkəsindən çıxarılması onlar və regionun gələcəyi üçün
birinci dərəcəli əhəmiyyət daşıyır. Baş nazir ABŞ-ı regionda iri
iqtisadi layihələrin ərsəyə gəlməsində sıx əməkdaşlığa da çağırıb.
Göründüyü kimi, ABŞ Rusiyanın Gürcüstandakı rolunu azaltmaq, daha
doğrusu, bu Cənubi Qafqaz ölkəsini Rusiyanın cəngindən tam qoparmaq
istiqamətində olan niyyətini gizlətmir. ABŞ hələ ki, bununla bağlı
bəyanat verir. Rəsmi Vaşinqton bu istiqamətdə əməli fəaliyyətə keçsə,
bu, regionun gələcəyi üçün nə vəd edə bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev
qəzetimizə bildirdi ki, ABŞ bu istiqamətdə çoxdan səylər göstərsə də,
hələ də əməli fəaliyyətə keçməyib: "Rusiya-ABŞ qarşıdurmasında tərəflər
bir-birinə qarşı mümkün olan bütün təzyiqlərdən istifadə edirlər. Amma
görünən odur ki, hələlik bu imkanlardan yararlanan ABŞ-dır. İstəməsə də,
illər boyunca bu imkanları ABŞ-a qazandıran da Rusiyadır. Bilirik ki,
bu iki dövlət arasında gərginliyin yaranması və Aİ-nin də buna qoşulması
Rusiyanın Krımı anneksiya etməsindən sonra başlayıb. Qoyulan
sanksiyalar, edilən ittihamların hamısı səbəb kimi Ukrayna məsələsindən
qaynaqlanıb, bu gün də davam edir. Amma Cənubi Qafqaza münasibətdə bu
inadı və müdafiəni görmədik. Saakaşvili vaxtında bütünlüklə üzünü
Avropaya, ABŞ-a çevirmiş Gürcüstan Rusiya ordusunun hücumlarına məruz
qalanda, az qala Tiflisin işğalı belə gündəlikdə olanda, tam fərqli
reaksiyaları görmüşdük. O zaman Qərbin emissarı timsalında Fransa
prezidenti Sarkozi prezident Medvedyevlə danışıqlar apararaq qoşunların
geri çəkilməsinə nail olmuşdu. Amma Rusiya Cənubi Osetiyanın və
Abxaziyanın müstəqilliyini tanıdı. Bu gün də onlara öz pasportunu
paylayır. Bu addıma qarşı müxtəlif bəyanatlar olsa da, əməli işlər
görülmədi. Onda bilindi ki, ABŞ Cənubi Qafqaza dəstək verməyə hazır
deyil. Hərbi, iqtisadi sahələrdə partnyorluq etdiyi bir dövlətə lazım
olan dəstək o zaman verilmədi. Bu gün ABŞ siyasətçilərinin Gürcüstanın
ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatlar o anlama gəlməməlidir ki,
problem tezliklə həll olunacaq. Bəyanatlar Rusiyaya mesajdır ki, zamanı
gələndə bu problemdən dolayı ittiham olunub cəzalandırma mexanizmi ilə
üz-üzə qala bilər. Əslində, həqiqətən bu mümkündür. Ancaq bu gün hələ
aktual deyil. Qarşıdurma nəticəsində Rusiya daha da zəifləyərsə, o zaman
Gürcüstanın ərazi bütövlüyünün bərpasına tam dəstək veriləcək. Bu da o
zaman ola bilər ki, Rusiya daxili və xarici problemləri səbəbindən
Gürcüstanla bağlı maraqlarını arxa plana keçirsin. Hələlik isə bu şərait
yetişməyib. Yəni düşünürəm ki, ABŞ strateji ehtiyac və maraqlar
yaranmayana qədər Cənubi Qafqazla bağlı hər hansı konkret addım
atmayacaq. Amma Gürcüstanda hakimiyyət dəyişikliyi olması perspektivləri
də mövcuddur. Lakin bu belə ərazi bütövlüyü ilə bağlı məsələlərin
həllində əsas deyil. Saakaşvili vaxtında tam hazır olmasına baxmayaraq,
Gürcüstan NATO-ya qəbul olunmadı. Bu məhz regionda Rusiya maraqlarının
olması ilə yarana biləcək təhlükədən qaynaqlanırdı. Hələlik həmin
təhlükə yerində qalır. Odur ki, Rusiya-ABŞ qarşıdurmasında ABŞ-ın
üstünlüyünün daha da artması gələcəkdə Gürcüstan və Azərbaycanda fərqli
situasiyalar yarada bilər”.