Şriftin ölçüsü / 123

Müharibəyə daim hazır olmaq bizim borcumuzdur

29 Iyun 2018 [14:25]
Əli Orucov: "Naxçıvanda baş tutan Günnüt əməliyyatı onları daha da qorxuya salıb. Buna görə də bütün dünyanın diqqətini Azərbaycanın silahlanmasına, müharibə hazırlığına yönəltmək istəyirlər”

Artıq Ermənistan hakimiyyəti yeni siyasətə əl atıb. Paşinyan hakimiyyəti danışıqlar prosesini müxtəlif siyasi bəhanələrlə pozmaq cəhdinin dalana dirəndiyini dərk edəndən sonra özünü məzlum bir duruma salmaq yolunu tutub. Onların son günlər ərzində intensiv apardıqları təbliğat "Azərbaycan müharibəyə başlayır” tezisi üzərində qurulub.

Hətta bir az da irəli gedərək, bu təbliğatı beynəlxalq arenalara da daşımağı bacarıblar. Bu günlərdə AŞPA-nın iclasında çıxış edən Fərmanyan adlı erməni deputat sanki dünyaya müraciət edirdi ki, qoymayın, Azərbaycan bizi məhv etməyə hazırlaşır. Hətta bir az da irəliyə gedərək, Azərbaycanın əldə etdiyi yeni silah növlərinin adını çəkərək, guya həyəcan təbili çaldığını zənn edib. Bunun ardınca isə işğal altında olan Qarabağda yaradılan qondarma qurumun "müdafiə naziri” Levon Mnaçakanyan açıqlamasında deyib ki, rəsmi Bakı ictimaiyyəti müharibəyə hazırlayır: "Azərbaycan hərbi heyətini mütəmadi olaraq çalışdırır, irimiqyaslı təlimlər keçirir və strategiya hazırlayır. Bütün bunlar ondan xəbər verir ki, biz istənilən prosesə hazır olmalıyıq. Bakıda Türkiyə hərbçilərinin iştirakı ilə böyük hərbi parad keçirilib. Azərbaycanda keçirilən hərbi paradda Türkiyə hərbçilərinin iştirakı rəsmi Moskva və Tehran üçün mesaj olmalıdır. Türkiyə ilə Azərbaycan arasında mövcud iqtisadi, logistika, enerji bloku artıq hərbi tandemə çevrilir. Ən əsası isə artıq Azərbaycan Belarus istehsalı olan "Polonez” raket kompleksi və İsraildən "LORA” raketləri alıb. Bundan başqa, Azərbaycan PUA-lar da istehsal etməyə başlayıb. Bu o deməkdir ki, Qarabağda yeni müharibə hərbi-texniki baxımdan əvvəlkindən fərqli olacaq - bu, "smart war” olacaq. Rəsmi Bakı canlı qüvvənin qorunmasına və yeni hərbi texnikanın istifadəsinə diqqət yönəldəcək”.

Mnaçakanyan, həmçinin, etiraf edib ki, Azərbaycan Ordusu ən yeni hərbi texnika ilə təchiz edilib: "Bu isə o deməkdir ki, bu gün başlayacaq münaqişəyə cavab vermək üçün günlər deyil, saatlar lazım olacaq. Rəsmi Bakı aprel müharibəsi zamanı erməni tərəfinin əsas mərkəzdən diqqətini yayındırmaq üçün müxtəlif istiqamətlərdən hücum edib. Azərbaycan Xankəndinin bir neçə on kilometrliyində yerləşən Ağdam istiqamətində böyük qüvvələr toplayıb. Bu, tank nüfuzu baxımından təhlükəli istiqamət sayılır”.

Göründüyü kimi, erməni deputatın ardınca, separatçı "nazir” də, öz qorxusunu gizlətməyib. Onlarda yaranan bu müharibə xofunu nə ilə izah etmək olar?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə bildirdi ki, Ermənistan bu təbliğatı müxtəlif səviyyələrdə ardıcıl və məqsədli aparır: "Bilirsiniz ki, onların daxilində ciddi gərginlik hökm sürür. Paşinyan formal olaraq hakimiyyəti ələ keçirsə də, dayaqlarını tam möhkəmlədə bilməyib. Buna görə də müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınmağa cəhdlər edir. Azərbaycan isə öz mövqeyində israrlıdır. Ölkə başçısı səviyyəsində dəfələrlə bəyan edilib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi danışıqlar və müzakirə predmeti ola bilməz. Ermənistan dərk edir ki, artıq manevr imkanları tükənir. Xüsusilə də son illər ərzində Azərbaycan Ordusunda müşahidə edilən ruh yüksəkliyi onları dərindən narahat edir. Naxçıvanda baş tutan Günnüt əməliyyatı onları daha da qorxuya salıb. Buna görə də bütün dünyanın diqqətini Azərbaycanın silahlanmasına, müharibə hazırlığına yönəltmək istəyirlər. Azərbaycan silahlarını açıq nümayiş etdirirsə, deməli, bu mövzuda çəkinəcəyi nəsə yoxdur. Biz dəfələrlə bəyan etmişik ki, sülh danışıqları fayda verməyəcəyi təqdirdə biz torpaqlarımızı hərbi yolla azad edə bilərik. Bu bizim konstitusion haqqımızdır. Bu baxımdan da hesab edirəm ki, ermənilərin saldıqları haray-həşirin heç bir faydası yoxdur. Torpağı işğala məruz qalan bir ölkə kimi silahlanmaq və müharibəyə daim hazır olmaq bizim borcumuzdur”.


Millət