Şriftin ölçüsü / 178

Türkiyə ilə ABŞ arasında ciddi müttəfiqlik əlaqələri var

30 Iyul 2018 [17:52]
Elşən Mustafayev: "Bu, Trampın növbəti sanksiya blefidir”

ABŞ-la Türkiyə arasında yeni bir gərginliyin əsası qoyulub. Söhbət keşiş Endryu Branson qalmaqalından gedir. ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib ki, amerikalı rahib azadlığa buraxılmazsa, Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək: "Ya Endryu Bransonu azadlığa buraxırsınız, ya da ağır nəticələri ilə qarşılaşacaqsınız”.

Bunun ardınca isə ABŞ Prezidenti Türkiyəni açıq mətnlə hədələyib: "Rahib Endryu Branson tamamilə azadlığa buraxılmazsa, Türkiyəyə genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq edəcəyik”.

Qeyd edək ki, 2 ildir həbsdə olan amerikalı rahib Branson dünən ev dustaqlığına buraxılıb. ABŞ-ın bu təhdidi Türkiyənin siyasi dairələrində çox aqressiv qarşılanıb. Son seçkilərdə prezidentliyə namizəd olmuş Türkiyənin Vətən Partiyasının başqanı Doğu Perinçək Trampın keşiş Endryu Bransonun sərbəst buraxılması ilə bağlı təhdidinə münasibət bildirərkən deyib ki, bu təhdid ABŞ-Türkiyə cəbhələşməsinin bir nəticəsidir: "Türkiyə keşişin başına tac da taxsa, bu proses davam edəcək. ABŞ PKK-ya açıq şəkildə silah verir, FETÖ-nü dəstəkləyir, Türkiyə də Rusiya, Çin, İran, İraqla ittifaq yaradır. Böyük Britaniya, Almaniya və Fransa da buna dəstək verir. Türkiyə bu təhdidlər qarşılığında sürətli bir şəkildə İncirlik bazasını ABŞ-ın istifadəsinə bağlamaq məcburiyyətindədir. Digər bazalarla da bağlı eyni tədbirlər görülməlidir. Trampın təhdidinə ən təsirli cavablardan biri də Suriyada verilməlidir. Türkiyə dərhal Suriya ilə əməkdaşlığa getməlidir”.

Hansısa bir şəxsə görə öz əzəli müttəfiqini sanksiyalarla hədələməyin sonu nə ilə bitə bilər?

Ekspert Elşən Mustafayevin sözlərinə görə, ABŞ-ın keşiş, Allah adamı adlandırdığı həmin şəxs Türkiyədə çox ağır cinayətdə ittiham edilir: "Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunur. Onun ittiham olunduğu əməllərə görə Türkiyə qanunvericiliyində 35 il azadlıqdan məhrum edilmə gözlənilirdi. Əvvəl ABŞ bütün səviyyələrdə keşişin buraxılmasını Türkiyədən xahiş edirdi. Hətta Tramp belə bir fikir də səsləndirdi ki, onlar keşişi casus adlandırırlar, əgər o, casusdursa, onda mən daha çox casusam.

ABŞ-ın bu istəkləri reallaşmadığı üçün, onlara yaxın olan media qurumları belə bir məlumatlar dövriyyəyə buraxmağa başladılar ki, Türkiyə onu ABŞ-a sığınan Fətullahçı Terror Qruplaşmasının rəhbəri Fətullah Gülənlə dəyişmək istəyir. Həmin vaxt bunu daha çox şantaja bənzətdim. Hazırda Türkiyə keşişlə bağlı humanist qərar qəbul edərək onun barəsində şərti cəza verib. Bu, ABŞ-ı tam qane etmədiyindən, onlar Türkiyəni sanksiya ilə hədələməyə başlayıblar. Türkiyə ilə ABŞ arasında ciddi müttəfiqlik əlaqələri var. Hansısa kiçik bir detala görə onun üstündən xətt çəkmət istəyi Tramp administrasiyasının naşılığından xəbər verir. Sanksiyanı olduqca qlobal problemlərlə bağlı tətbiq etmək olar. ABŞ anlamalıdır ki, belə şantajlar səmərə verən deyil. Təbii ki, ABŞ bunun sonrasını dərk edir. Bu hətta Türkiyədən NATO bazalarının çıxarılması tələbinə kimi, çox ciddi fəsadlara yol aça bilər. Bu baxımdan da hesab edirəm ki, bu, Trampın növbəti sanksiya blefidir”.