Şriftin ölçüsü / 358

Ermənistan İran və Gürcüstan vasitəsilə dünya ilə əlaqə yaradır

25 Sentyabr 2018 [15:01]
Əli Orucov: "Keçid məntəqəsinin bağlanması Ermənistanda qarşısıalınmaz çox ciddi böhrana səbəb olar”

Məlum olduğu kimi, Gürcüstandan avtomobil nəqliyyatı vasitəsilə Ermənistana buğda, yaxud buğda və çovdar ununun idxalına qadağa qoyulub. Bu arada məlum olub ki, Ermənistan rəhbərliyinin Gürcüstan hakimiyyətinə yalvarışlarından sonra qoyulan qadağanın qüvvəyə minmə tarixi sentyabrın 15-dən oktyabrın 1-dək təxirə salınıb.

Məlumat üçün qeyd edək ki, avqustun 28-də Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin sərəncamı ilə sentyabrın 15-dən etibarən avtomobil nəqliyyatı ilə Gürcüstana buğda, yaxud buğda və çovdar ununun idxalı və ya bu məhsulların Gürcüstandan ixracı qadağan edilib. Qadağaya səbəb Rusiya-Gürcüstan sərhədində, xüsusən də Lars keçid məntəqəsindəki uzun avtomobil tıxaclarıdır. Sərəncama əsasən, taxıl məhsullarının idxal və ixracı bundan sonra yalnız dəmir yolu və dəniz nəqliyyatı - Poti limanı vasitəsilə həyata keçiriləcək.

Tiflisin bu qərarı Ermənistanda ciddi narahatlıq doğurub. Erməni ekspertlər taxıl məhsullarının idxalında Ermənistanın blokadaya düşdüyünü bildiriblər. Dənizə çıxışı olmayan və dəmir yolu nəqliyyatının, demək olar ki, inkişaf etmədiyi Ermənistan yalnız Gürcüstan vasitəsilə, özü də məhz Şimali Osetiyadakı Yuxarı Lars avtomobil gömrük-keçid məntəqəsi vasitəsilə Rusiya və digər ölkələrdən taxıl və başqa məhsullar idxal edir. Həyəcan təbili çalan erməni ekspertlər Gürcüstanın qoyduğu qadağa nəticəsində Ermənistanda bahalaşma və inflyasının artacağını, taxıl idxalı sahəsində inhisarçılığın yaranacağını bildirirlər.

Maraqlıdır, Gürcüstanın məlum qərarı Ermənistana necə təsir göstərəcək?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Gürcüstanın məlum addımı Ermənistana müəyyən qədər mənfi təsir göstərəcək. Ancaq Tiflisin bu addımı müəyyən məsələlərdən irəli gəlir: "Məsələ ondadır ki, son təhlillərə əsasən, hər ay Rusiyadan gələn təxminən 3000 yüklü avtomobil Gürcüstan ərazisindən keçməklə Ermənistana gedir. Eyni zamanda, o qədər də boş avtomobil geri qayıdır. Bu da sərhəd-keçid məntəqəsində çox ciddi gecikmələrə, tıxaclara səbəb olur. Nəticədə yaranan vəziyyətdən inciyən, bezən minlərlə turist Gürcüstana gəlməkdən imtina edir. Onların böyük əksəriyyəti sərhəddən geri qayıdır. Bu da, öz növbəsində, Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərir. Nəzərə almaq lazımdır ki, Gürcüstan iqtisadiyyatında turizm mühüm çəkiyə malikdir. Digər tərəfdən, Gürcüstanın inamlı surətdə Avroatlantika məkanına inteqrasiya xətti tutması, NATO üzvlüyünə qəbulu ilə bağlı ardıcıl fəaliyyəti Moskvanı ciddi narahat etməkdədir. Kreml hətta açıq tekstlə rəsmi Tiflisi atdığı addımlara və yürütdüyü siyasətə görə təhdid edir. Rusiyanın Gürcüstana bütün sahələrdə basqıları davam etməkdədir. Ancaq Gürcüstana qarşı təzyiq siyasəti, istər-istəməz, Cənubi Qafqazda öz müttəfiqi olan Ermənistana də təsir göstərir. Nəzərə almaq lazımdır ki, Ermənistan İran və Gürcüstan vasitəsilə dünya ilə əlaqə yaradır. Lars sərhəd-keçid məntəqəsində problemlərin yaranması Ermənistanın Rusiya ilə əlaqələrində də ciddi problem yaradır. İşğalçı dövlət öz təcavüzkar siyasəti ilə özünü təcrid edərək Rusiyadan asılı vəziyyətə salıb. Əslində, bu məntəqə Ermənistan üçün nəfəslikdir. Keçid məntəqəsinin bağlanması Ermənistanda qarşısıalınmaz çox ciddi böhrana səbəb olar. Belə demək mümkünsə, xunta rejimi ölkələrini həm də Gürcüstandan asılı vəziyyətə salıb. Bununla yanaşı, zənn etmirəm ki, sərhəd-keçid məntəqələrində bu cür durum uzun müddət davam etsin”.


Millət