Şriftin ölçüsü / 462

Hakimiyyətdən Azərbaycanın ərazi bütövlüyünün bərpasını, ölkənin hava məkanının etibarlı qorumasını istəyirik

28 Sentyabr 2018 [15:03]
Siyasətçilər Qarabağ məsələsindən başqa heç bir prosesdə bir araya gəlmirlər

Azərbaycan müxalifət partiyalarının təmsilçilərinin son zamanlar bir araya gəlib yeganə müzakirə etdikləri məsələ Dağlıq Qarabağ problemidir. Şübhəsiz ki, Qarabağ məsələsinin daim gündəmdə saxlanması müsbət haldır.

Ancaq o da məlumdur ki, siyasi partiyaların, xüsusən də müxalifətdə olan partiyaların işi həm də seçkilər, siyasi proseslərin gedişi və digər bu kimi məsələlərlə məşğul olmaq, vaxtaşırı bir araya gəlib iqtisadi-sosial mövzularla bağlı da müzakirələr aparmaqdır. Əvvəlki illərdə məhz bu cür idi. Lakin uzun müddətdir müxalifətin sanki Qarabağ məsələsindən başqa müzakirə etməyə mövzusu qalmayıb. Belə bir mənzərə yaranıb ki, onların artıq başqa müzakirə mövzusu yoxdur və ya onsuz da müzakirələrin heç bir nəticələrinin olmaması üzündən artıq bir araya gəlib başqa mövzuları müzakirə etməyi lüzum görmürlər.

Bu barədə "Yeni Müsavat”a danışan AMİP Siyasi Şura üzvü Əli Orucov bildirdi ki, ölkədə hazırda heç bir seçki prosesi, başqa siyasi aktivlik tələb edən siyasi proses olmadığından müzakirələr də açılmır. Qarabağ məsələsinin bir nömrəli müzakirə mövzusu olaraq gündəmdə saxlanmasının özü yaxşı haldır və lazımlıdır: "Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi ilə Qarabağ problemi yeni və təhlükəli mərhələyə keçib. Erməni baş nazirin davakar və təxribatçı davranışları regionda münaqişə ocağı riskini artırmaqdadır. Eyni zamanda Qarabağ məsələsi hamımızın bir saylı problemi olduğundan buna xüsusi diqqət ayrılması normaldır. Təbii ki, ölkədə başqa ciddi və çoxsaylı problemlər də var. Lakin hər şeydən öncə dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasıdır. İllər ötür, lakin münaqişə beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq həll edilməmiş qalır ki, bu öz təsirini həyatın bütün sahələrində göstərir. Məncə, Dağlıq Qarabağ problemi ətrafında uzun-uzadı hansısa müzakirələr aparmağın da yeri yoxdur. Bu, vaxt itkisindən başqa bir şey deyil. Zatən Ermənistan baş naziri Nikol Paşinyan dövlətinin mövqeyini BMT tribunasından bir daha səsləndirdi, işğalçıların hərbi təyyarələri Azərbaycanın hava məkanını kobud surətdə pozmaqla hərbi manevrlər edir, bütün bunlardan sonra sülh prosesindən və dinc həlli yollundan danışmağın anlamı qalmır. Müxalifət olaraq mövcud hakimiyyətdən Azərbaycanın ərazi bütövlüyünün bərpasını, ölkənin hava məkanının etibarlı qorumasını istəyirik. Təkcə istəmirik həm də üzərimizə bununla bağlı hansı görəv qoyulacaqsa onu icra etməyə hazır olduğumuzu bildiririk. Təəssüflər olsun ki, Azərbaycan tərəfi hələ də heyranedici susqunluq nümayiş etdirməkdədir. O ki qaldı digər problemlər ətrafında müxalifətdaxili müzakirələr aparmağa, belə müzakirələr də yəqin ki, zamanı gələndə açılacaq. AMİP bu müzakirələrə də hər zaman açıqdır”. "Yeni Müsavat”


Millət