Şriftin ölçüsü / 278

Ermənistanda Qarabağ klanının revanşı başlayıb

08 Oktyabr 2018 [19:09]
Elşən Mustafayev: "Özünü Rusiyaya bağlı göstərmək üçün bir çox vasitələrə əl atmağa məcburdur”



Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə "Hökumət saatı”nda Respublika Partiyasından deputat Armen Aşotyanın sualına cavab verərkən deyib ki, Azərbaycan heç vaxt KTMT-yə üzv, hətta qurumda müşahidəçi olmayacaq - Ermənistan buna imkan verməz.

Paşinyan qeyd edib ki, KTMT-yə yeni ölkələrin daxil olması konsensusla həll edilir və Azərbaycanın bu təşkilata daxil olması ilə bağlı məsələdə Ermənistanın mövqeyi haqda danışmaq artıqdır: "Ermənistan heç vaxt razılaşmayacaq ki, Azərbaycan bizim üçün əsas hərbi-siyasi təşkilatda üzv və ya hətta müşahidəçi olsun”. O əlavə edib ki, Azərbaycanın KTMT-yə inteqrasiyası haqda istənilən danışıqların heç bir əsası yoxdur.

Qeyd edək ki, Azərbaycan heç bir rəsmi səviyyədə KTMT-yə üzv olacağını bildirməyib. Belə olan təqdirdə, Paşinyanın bu narahatlığı nədən və haradan qaynaqlanır?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə bildirdi ki, əslində, Paşinyan doğrusunu söyləyib: "Bunu demək üçün isə elə də böyük ağıl sahibi olmağa ehtiyac yoxdur. Birincisi, Azərbaycan üçün torpaqlarını işğal etmiş bir dövlətlə eyni hərbi ittifaqda olmaq mümkünsüzdür. Bunu həmin ittifaqı yaradanlar da yaxşı bilirlər və o səbəbdəndir ki, bizimlə bu barədə hər hansı rəsmi danışıq aparılmayıb. İkincisi isə, bizim üçün bu ittifaqda olmaq həmin ittifaqın ordusunun əsas nüvəsini təşkil edən Rusiya ordusunu ərazimizə buraxmaq deməkdir ki, bu da yolverilməzdir. Çünki təcrübə göstərir ki, onlar girdikləri ərazidən çıxmağı sevmirlər. Bütün bunlar hamıya aydın olduğu halda, Paşinyanın indiki zamanda niyə belə fikirlər işlətməsi daha maraqlıdır. Hesab edirəm ki, bununla o bildirmək istəyir ki, gələcəkdə KTMT-dən çıxmaqla bağlı yayılan fikirlərin əsası yoxdur və biz də orada həmişə qalacağımıza görə Azərbaycan heç vaxt ora gəlməyəcək. Bilirsiniz ki, Ermənistanda Qarabağ klanının revanşı başlayıb və onun Kremldən idarə olunması ilə bağlı iddialar da var. Ermənistan isə bütün sahələrdə Rusiyanın təsiri altında olan respublikadır. Paşinyan Rusiya ilə münasibətlərini sözdə yox, əməldə normallaşdırmasa və daxildəki dəstəyini artırmasa, hakimiyyətini itirmək təhlükəsi günü-gündən artacaq. Odur ki, bu istiqamətdə özünü Rusiyaya bağlı göstərmək üçün bir çox vasitələrə əl atmağa məcburdur. Hesab edirəm ki, söylədiyi fikir bu yolda istifadə edəcəyi çoxsaylı üsullardan biridir. Sadəcə olaraq bizimlə bağlı olduğu üçün onun bu fikrinə diqqəti cəlb etmişik”.

Elşən Mustafayev hesab edir ki, Paşinyanın son vaxtlar olan fəaliyyətinə nəzər salsaq görərik ki, onun ilk gündən əsas məqsədi özünü Rusiyaya qəbul etdirmək üçün sadiqliyini sübut etməkdir: "Bəlkə də bu hələ möhkəmlənənə qədər seçdiyi taktikadır və sonra bunu dəyişəcək. Amma reallıq odur ki, bu günə qədər Rusiya əleyhinə hər hansı ifadə işlətməyib. Əksinə, dəfələrlə bəyan edib ki, Ermənistan təmsil olunduğu bütün ittifaqlarda fəaliyyətini daha da artıracaq”.


Millət