Şriftin ölçüsü / 460

Azərbaycan siyasətində bir necə perspektivli siyasi liderlərin olduğu qənaətindəyəm

08 Oktyabr 2018 [19:15]
Hansı ki, həmin şəxslər müxalif düşərgənin əsas simalarından idilər, müsahibələri ilə fırtına yaradırdılar, siyasi mühiti maraqlı edirdilər.

Müsavatın sabiq başqanı İsa Qəmbər, AMİP lideri Etibar Məmmədov, keçmiş dövlət katibi Lalə Şövkət, sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov, AMİP sədrinin keçmiş müavini və sabiq deputat Nazim İmanov və digərlərinin adlarını bu kontekstdə sadalaya bilərik.

Adlarını çəkdiyimiz bu siyasətçilərdən N.İmanov istisna olmaqla digərləri prezidentliyə namizəd olublar. 1998-ci ildə E.Məmmədov, 2003-ci ildə isə İ.Qəmbər seçkilərin əsas iddiaçıları olublar.

İ.Qəmbər 2014-ci ildə Müsavat başqanlığından getdikdən sonra siyasi fəaliyyətində müəyyən passivlik yaranıb. Bir müddət öncə səhhətində yaranan problemlərin də burada təsiri az deyil. Hazırda o Milli Strateji Düşüncə Mərkəzinin rəhbəridir və onu ara-sıra sosial şəbəkələrdə görmək mümkündür. Mətbuatda isə demək olar ki görünmür.

L.Şövkətin isə ümumiyyətlə, siyasətdən uzaqlaşdığını əminliklə söyləmək olar. 10 ilə yaxındır ki, xanım siyasətçi bir dəfə də olsun mətbuata çıxmayıb, sosial şəbəkə istifadəçisi isə deyil.

E.Məmmədov barədə də bunları demək olar. Doğrudur, onun bəzi vaxtlarda mətbuatda qısa açıqlamalarına rast gəlmək olur. Amma bu da siyasətlə məşğul olmaq anlamına gəlmir. Təsadüfi deyil ki, 2005-ci ildən etibarən AMİP lideri bir siyasi tədbirə belə qatılmır, seçkilərdə isə iştirak etmir.

L.Şövkət və E.Məmmədov barədə dediklərimizi İ.İsmayılova da şamil edə bilərik.

N.İmanov isə hazırda İqtisadiyyat İnstitutunun direktorudur.

Bu şəxslərin siyasətdə görünməmələrinin müxalifətin fəaliyyətinə ciddi təsiri olduğu qeyd edilir. Siyasi mübarizədə uğursuz sonluğun adlarını çəkdiyimiz siyasətçilərin ya fəaliyyətlərində passivliyin yaranmasına, ya da onların siyasətdən uzaqlaşmalarına səbəb olduğu vurğulanır.


AMİP Siyasi Şura üzvü Əli Orucov bildirdi ki, Azərbaycan kimi ölkələrdə təcrübəli siyasətçilərin yetişməsi üçün on illər lazımdır: "Eyni zamanda adlarını çəkdiyiniz siyasətçilər xarizmatik liderlərdir və əksəriyyəti hərəkatdan, çox çətin siyasi burulğanlardan keçiblər. Partiyanın, partiyalaşmanın, idarəçiliyin nə olduğunu yaxşı bilirlər. Cəmiyyətdə nüfuza və tərəfdarlara malikdirlər. Təsadüfü deyil ki, həmin siyasi liderlər partiyada sədrlikdən gedəndən sonra həmin partiyalarda ciddi təlatümlər və qopmalar baş verdi. Siyasi arenamız sanki boş göründü. Onların aktiv siyasətdən gedişləri ilə birlikdə cəmiyyətdəki aktivlik də səngidi. Yəni həmin siyasətçilər sanki siyasi proseslərin katalizatoru və lokomotivi rolunu oynayırdı. Təəssüflər olsun ki, zamanların sınaqlarından çıxaraq zəngin siyasi təcrübə qazanmış Etibar Məmmədov kimi siyasi liderlərimizin potensialından və təcrübəsindən Azərbaycan xalqının faydalanmasına imkan verilmədi. Etibar bəyi, Lalə xanımı, İsa bəyi, İlyas bəyi və digər siyasi liderlərin təbii ki, fəal siyasi meydanlarda yerləri görünür. Lalə xanım, İsa bəy, İlyas bəy kimi siyasi xadimlərimiz hakimiyyətdə təmsil olunaraq pis-yaxşı bacardıqlarını ediblər. Obrazlı desək, "aşkarlanmış xəzinədirlər.” Hər bir siyasətçinin öz zamanı və formada olduğu dövrləri olur. Bundan sonra yerini gənclərə, gənc siyasi nəslə verməlidir.

Əks təqdirdə siyasi proseslərin tormozlayıcısına çevrilirlər. Bu təbiidir. Siyasət də bir elm olmaqla inovasiyalara, yeniliyə və təşəbbüskarlığa daha çox meyllidir. Məsələn, Avropada gənc liderlər sürətlə populyarlıq qazanaraq siyasi mübarizədə ən yüksək uğurlar əldə etməkdədir. Bir də görürsən yeni yaranan hansısa partiya seçkilərin favoriti ola bilir. Çünki həmin yerlərdə demokratik dəyərlər var. Yaxud da fərqli ənənələr mövcudur. Azərbaycanda isə gənc siyasi liderlərin yetişməsi çox müşkül məsələdir. Xüsusən də müxalifət düşərgəsində. Baxmayaraq ki, Etibar Məmmədov kimi siyasi liderlər uzun müddətdir aktiv siyasi proseslərdə olmasa da, lakin etiraf etmək lazımdır ki, hələ də onların kölgəsi və təsiri siyasətdə ciddi sürətdə qalmaqdadır. Siyasətdə əsas söz sahibidirlər, cəmiyyət hələ də onların diktəsi ilə işləyir və onların fikirləri, atacaqları addımlar önəm daşıyır. Bunun müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərindən ən əsası da ondan ibarətdir ki, hətta gənc siyasi liderlər də bu təsirdən çıxa bilmirlər. Amma Azərbaycan siyasətinə yeni qüvvələrin, yeni simaların gəlməsi mütləq lazımdır. Bu bir estafetdir. Məncə, yanlışlıqları ilə bərabər adlarını sadaladığınız siyasi liderlərə ehtiyac var, həm də ona görə ki, özlərindən sonra siyasi varis qoymayıblar. Onlar xalq və millət qarşısındakı vəzifələrdən biri də özlərindən sonra bir necə siyasi varis yetişdirmək, Azərbaycanı etibarlı siyasi gələcəyinin təmin edilməsinə töhfələrini verməkdir. Bütün bunlarla yanaşı mən Azərbaycan siyasətində bir necə perspektivli siyasi liderlərin olduğu qənaətindəyəm və ümid edirəm ki, siyasi məkanda hər hansı boşluq uzun sürməyəcək. Etibar Məmmədovun özünün də hələ cağdaş Azərbaycanın siyasi və dövlətçilik tarixinə yazdıracağı səhifələr var”."Yeni Müsavat”


Millət