Şriftin ölçüsü / 317

“Paşinyanın hakimiyyəti uzun sürməyəcək”

15 Oktyabr 2018 [15:57]
"Ermənistanda hadisələrin gedişi onu deməyə əsas verir ki, dekabrda keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın partiyası və tərəfdarları çoxluq əldə edəcəklər. Lakin bu, o demək deyil ki, Paşinyan bununla da hakimiyyətinin ömrünü uzadıb, təhlükəsizliyini təmin etmiş olacaq. Paşinyanı bir müddət sonra devirəcəklər”.

Bu barədə "Yeni Müsavat”a açıqlamasında Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinin Qarabağ məsələsinin həllinə mümkün təsirlərindən danışan AMİP-in sədr əvəzi Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyində, keçiriləcək seçkilərdə bizi maraqlandıran əsas məqam erməni tərəfinin Dağlıq Qarabağa yönəlik siyasətdə hansı addımları atacağı ilə bağlı gözləntilərdir: "Paşinyanın hakimiyyət olimpinə qalxdığı ilk vaxtlarda bir çoxları Dağlıq Qarabağın işğalına bilavasitə rəhbərlik etməklə Ermənistanda hakimiyyətə yiyələnmiş Köçəryan-Sərkisyan cinayətkar cütlüyündən fərqli olaraq, onun qərbyönümlü siyasət yürüdəcəyi, problemin kompromis həll variantına üstünlük verəcəyi ilə bağlı proqnozlar verirdilər. Lakin o, hakimiyyətə gələn kimi populist çıxışları ilə müharibə ritorikasına üstünlük verdiyini nümayiş etdirdi.

Baş nazir kimi ilk səfərini Dağlıq Qarabağa etdi, ardınca oğlunu Azərbaycanın işğal altında olan torpaqlarına əsgər kimi xidmət keçməyə göndərdi və Dağlıq Qarabağı Ermənistana birləşdirməyin vacibliyini vurğulamağa bağladı. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu qüvvə istər qərbyönümlü ya rusiyameyilli olsun, erməni xisləti, erməni siyasəti dəyişməz olaraq qalacaq. Lakin onu da nəzərə almalıyıq ki, Paşinyan hakimiyyəti çox sürməyəcək. Çünki Rusiya Qərbin xeyir-duası ilə hakimiyyətə gələn birinin özünün Qafqazda əsas forpostu olan Ermənistanda hakimiyyətdə uzun müddətli güclənməsinə imkan verməyəcək və müxtəlif üsullarla bunun qarşısını almaqa çalışacaq. Paşinyanın hakimiyyətdən salınması prosesində isə Ermənistan siyasi mühitində xaos ola biləcəyi gözləniləndir və bizim həmin dövrə hesablanmış variantlarımız olmalıdır. Erməni tərəfi 1993-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyi ərəfəsindəki vəziyyətdən, qarışıqlıqdan Rusiyanın dəstəyi ilə necə məharətlə istifadə edərək torpaqlarımızı işğal etdisə, biz də yaranacaq əlverişli mühitdən eyni məharətlə yararlana bilərik. Bu məqsədlə Rusiya ilə də müəyyən razılaşmalara getmək, hətta Paşinyanın hakimiyyətdən kənarlaşdırılması prosesinə təkan vermək üçün şimal qonşumuzla müştərək addımlar da atmaq olar. Amalımız torpaqlarımızı işğaldan azad etməkdir və bunun üçün bütün imkanlardan istifadə edilməlidir”.


Millət