Şriftin ölçüsü / 674

Azərbaycanda xəstəliklərin sayı ötən illərə nisbətən həddən artıq çox olub

18 Oktyabr 2018 [17:05]
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 221 milyon 845 min dollar dəyərində 12 min 382,59 ton əczaçılıq məhsulları idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir. Məlumata əsasən, 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 142 milyon 658 min dollar dəyərində 8 min 536,51 ton əczaçılıq məhsulu gətirilib. Beləliklə, cari ilin 9 ayı ərzində sözügedən məhsulların ölkəyə idxalı miqdar ifadəsində 45,1 faiz, dəyər ifadəsində 55,5 faiz artıb.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycana 249 milyon 15,83 min dollar dəyərində 15,65 min ton əczaçılıq məhsulları idxal olunub.

Farmakoloq, alim Aydın Əliyev "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda daxili tələbatı dərmanla təmin etmək üçün zavodlar yoxdur:

"Hökumətin bu yöndə qərarı var. Belə ki, son məlumatlara görə 4 dərman zavodunun tikintisi üçün qərar verilib. Hələlik zavodun tikintisinin nə vaxt başa çatacağı, istifadəyə veriləcəyi və.s bu kimi məlumatlar yoxdur. Bu gün Azərbaycan özünün dərmana olan ehtiyacının çox cüzi bir hissəsini, təxminən 5 faizdən də az qismini təmin edə bilir. Keçmiş sovet dönəmindən Azərbaycanın dərman zavodları olmayıb. İndiki müasir dövrdə yeni-yeni dərman zavodları haqqında danışmağa başlayıblar. Etiraf etmək lazımdır ki, Azərbaycan hələ bir neçə il xaricdən dərman asılılığından qurtula bilməyəcək. Əgər sözügedən dərman zavodları tam istifadəyə verilsə, hökumət bu sahədə çox böyük işlər görmüş olardı”.

Ekspert qeyd edib ki, keçən ilin analoji dövrü ilə müqayisədə cari ildə dərman vasitələrinin idxalının həcminin artması müşahidə edilir:

"Komitənin verdiyi hesabatdan görünür ki, Azərbaycanda xəstəliklərin sayı ötən illərə nisbətən həddən artıq çox olub ki, ölkəyə gətirilən preparatların həcmi 55,5 faiz artıb. Təbii ki, dərman idxalının artması, xəstəliklərin sayının çoxalması ilə bağlı olmaya da bilər. Bu, həm də eyni dərmanların müxtəlif firmalar tərəfindən başqa ad altında istehsal edilməsidir. Aydın olur ki, burada monopoliya ilə yanaşı, həm də sahibkarlıq maraqları da var. Gətirilən dərman vasitələrinin müxtəlif kanallarda, dövlət və özəl klinikalarında reklamı gedir. Sahibkarlıq marağı ilə yanaşı, ekoloji problemlər, ərzaq məhsullarının keyfiyyətsizliyi kimi bir sıra amillər hər yerdə olduğu kimi, Azərbaycanda da müəyyən xəstəlikləri artırıb”. Cebhe.info


Millət