Şriftin ölçüsü / 472

Türkiyənin Səudiyyə Ərəbistanından tələbi

23 Oktyabr 2018 [17:15]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı əsilli jurnalist Camal Kaşıkçının oktyabrın 2-də İstanbulda itkin düşməsi məsələsindən danışıb.

Modern.az-ın məlumatına görə, AKP-nin qrup toplantısında çıxış edən prezident deyib ki, Səudiyyə Ərəbistanından 15 nəfərdən ibarət dəstə İstanbula gəlib ki, Camal Kaşıkçını qətlə yetirsin. Həmin dəstə Səudiyyə Ərəbistanının Baş Konsulluğuna yerləşib.

Ərdoğanın sözlərinə görə, Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı tədqiqatın nəticəsi jurnalistin Baş Konsulluqda öldürüldüyünü üzə çıxarıb.

Ərdoğan deyib ki, jurnalist Camal Kaşıkçının ölümündə təqsirli bilinərək, Səudiyyə Ərəbistanında saxlanılan 18 nəfər şübhəli Türkiyədə sorğu-sual olunmalı və məhkəməyə çəkilməlidir. Çünki olay Türkiyə ərazisində baş verib.

Xatırladaq ki, "Wasington Post” qəzetinin əməkdaşı olan Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub və bir daha ərazidən çıxmayıb. O, səfirliyə sənəd almaq üçün gedibmiş. Nişanlısı isə onu bayırda gözləyirmiş.

Səudiyyə Krallığı jurnalistin ölüm faktını yalnız 18 gün sonra təsdiqləyib. Hadisəyə ilə bağlı 18 nəfər saxlanılıb. Onlar arasında Səudiyyə xüsusi xidmət orqanlarının əməkdaşları da var.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr ölkəsinin müxalif jurnalist Camal Kaşıkçının qətli kimi insidentlərin qarşısını almaq üçün lazımi tədbirlər görəcəyini bildirib.

Al-Arabia telekanalının yaydığı məlumata görə, nazir Səudiyyə Ərəbistanının jurnalistin ölümü ilə bağlı tam təhqiqat aparmaq barədə öhdəlik götürdüyünü təsdiqləyib. O deyib ki, Kaşıkçının qətlində əli olanların hamısı məsuliyyətə cəlb olunacaq.

Camal Kaşıkçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fərqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.

Ər-Riyadın açıqlaması bir çox dövlətlərin liderlərini qane etməyib və artıq Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq olunması barədə çağırışlar səslənməkdədir.


Millət