Şriftin ölçüsü / 399

AKP İstanbul və Ankara şəhərlərində bələdiyyələri əlində saxlaya biləcək

24 Oktyabr 2018 [15:15]
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) ilə ittifaqın bitdiyini elan edib. Bununla bağlı yayılan məlumata əsasən, MHP lideri partiyasının qrup toplantısındakı çıxışında "öz göbəyimizi özümüz kəsəcəyik" açıqlamasını verib: "Biz təklifimizi irəli sürdük, qərar Türkiyə parlamentinindir. Qərarlarına hörmətlə yanaşacağıq, amma təklifdən əsla vaz keçməyəcəyik.

Azadlıq hər bir insanın haqqıdır. MHP olaraq öz göbəyimizi özümüz kəsəcəyik. Heç bir ittifaq bir tərəfin yox sayılması hesab oluna bilməz. Heç bir ittifaq digər tərəfin barmaq silkələməsi ilə yaşamayacaq" - deyən Baxçalı vurğulayıb ki, MHP 2019-cu ildə baş tutacaq bələdiyyə seçkilərində təkbaşına iştirak edəcək.

Xatırladaq ki, cari ilin 24 iyununda keçirilən növbədənkənar prezident seçkilərində AKP ilə MHP "Cümhur ittifaqı" adlı koalisiya yaratmışdı.

O da məlumdur ki, hələ o zaman tərəflər bələdiyyə seçkilərində ayrı-ayrı iştirak edəcəklərini bildirmişdilər. Yəni yaradılan ittifaqda bələdiyyə seçkilərində birgə iştirak nəzərdə tutulmayıb. Bütün hallarda, həmin ittifaq AKP-nin seçkilərdə qələbəsində, hakimiyyətin möhkəmlənməsində mühüm rol oynadı.

Baxçalı az əvvəl amnistiya haqqında təklif verdiyini, ancaq AKP-nin təklifə dəstək vermədiyi üçün bu qərara gəldiklərini də demişdi.

Maraqlıdır, AKP-MHP ittifaqının başa çatması bələdiyyə seçkilərinin nəticələrinə, ölkənin siyasi palitrasına necə təsir göstərəcək? AKP İstanbul və Ankara şəhərlərində bələdiyyə seçkilərini bu dəfə də uda bilərmi?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, ittifaqın dağılmasının qarşıdakı seçkilərin nəticələrinə ciddi təsir edəcəyi gözlənilmir: "Nəzərə almaq lazımdır ki, AKP ilə MHP arasında olan "Cümhur ittifaqı" əsasən prezident və parlament seçkiləri ilə bağlı qurulmuşdu. Sözügedən missiya da, demək olar, uğurla başa çatdı. Yəni qarşılarına qoyduqları hədəfə çata və parlamentdə əsas çoxluğu əldə edə bildilər. Ancaq sonrakı mərhələlərdə müəyyən danışıqlar aparsalar da, nəyəsə nail ola bilmədilər. Belə fikirlər var idi ki, MHP İstanbul və digər böyük şəhərlərdə namizəd irəli sürməyəcək, amma tərəflər bununla bağlı razılığa gəlmədilər. Görünür, ortaya müəyyən problemlər çıxıb və hansısa məqamlarda razılığa gəlməyiblər. Ona görə də gələn ilin martında keçiriləcək bələdiyyə seçkilərində partiyalar ayrı-ayrı iştirak edəcəklər. Bütün bunlara baxmayaraq, böyük şəhərlərdə AKP-nin elektoratı güclüdür. Xüsusən də İstanbul və Ankarada. Ona görə də hakim partiya üçün bununla bağlı hansısa ciddi çətinliklərin yaranacağını düşünmürəm. Bu və digər dərəcədə hansısa şəhərlərdə səs itirə bilərlər, amma, ümumilikdə, AKP İstanbul və Ankara şəhərlərində bələdiyyələri əlində saxlaya biləcək”.


Millət