Şriftin ölçüsü / 459

Müxalifət hakimiyyətlə dialoqun zəruri olduğu qənaətindədir

25 Oktyabr 2018 [15:15]
Azərbaycanda hakimiyyətlə siyasi qüvvələr arasında dialoq, aktual mövzuların bir araya gələrək müzakirə edilməsi təcrübəsi var. Son illərdə bu təcrübənin ən parlaq və geniş müstəvini əhatə edən nümunəsi kimi 2015-ci il parlament seçkiləri öncəsi hakimiyyət təmsilçisi ilə siyasi partiyaların rəhbərləri arasında ard-arda keçirilən görüşləri xatırlamaq kifayətdir.

Hər kəsin müsbət qiymətləndirdiyi o zamankı dialoq prosesi nədənsə sonradan dayandı. Hakim Yeni Azərbaycan Partiyasından hazırda da müxalifətlə dialoq mühitinin olduğu bu yaxınlarda bəyan edildi. Məsələn, YAP icra katibinin müavini Siyavuş Novruzov bu yaxınlarda bildirmişdi ki, Milli Məclisdə təmsil olunan müxalifət partiyaları ilə hakim partiya arasında yaxşı dialoq mühiti mövcuddur.

Parlamentdə təmsil olunmayan partiyalar isə bəyan edir ki, Azərbaycanın daxil olduğu regionda geosiyasi vəziyyətin getdikcə gərginləşməsi, Qarabağ məsələsinin daha da aktuallaşmaqda olduğu bir vaxtda hakimiyyətlə müxalifət arasında dialoqa, konstruktiv münasibətlərin qurulmasına ehtiyac var. Konstruktiv münasibətlərin qurulması üçünsə siyasi qüvvələr arasında dialoq mühiti ilkin şərtdir.

AMİP Siyasi Şura üzvü Əli Orucov qeyd etdi ki, bu günə kimi iqtidar-müxalifət görüşləri keçirilib. İndi isə iqtidar-müxalifət dialoquna ehtiyac var: "Cəmiyyətdə sivil siyasi partiyaların mövqeləri zəiflədikcə, terroru, terroristi rəğbətlə qarşılama meyllərinin də şahidi oluruq. Siyasi partiyaların cəmiyyətdə mövqelərinin güclənməsi dövlətə lazımdır. Bu və ya digər mühüm səbəbləri nəzərə alaraq hesab edirəm ki, iqtidar-müxalifət dialoqu mütləq keçirilməlidir. Uzağa getməyək, Türkiyə təcrübəsi göstərir ki, iqtidarlı müxalifətli xalq, millət və cəmiyyət bir yerdə olmasa taleyüklü və çətin problemləri həll etmək, xüsusən də milli təhlükəsizliyi indiki qarışıq dünyamızda qorumaq mümkün deyil. Demokratik düşərgə dialoqa həmişə hazırdır. Dialoqun baş tutması üçün hakimiyyətdən ciddi addımın atılması gərəkdir”.

AĞ Partiyanın sədri Tural Abbaslı da ölkəmizin yaxın ətrafında çox həssas və təhlükəli proseslərin yaşandığını bildirdi. Onun fikrincə, hazırda ölkədə seçki olmasa da, regionda belə qarışıq dövrlərdə atılmalı olan ilk addım hakimiyyətlə müxalifətin, xalqın birgə göstərəcəyi birlik zəruridir: "Bunun üçün də ilk növbədə geniş müxalifət və ictimaiyyət sektorunun təmsil olunduğu dəyirmi masa təşkil olunmalıdır. Məsələn, ilk müzakirəyə Qarabağ məsələsini çıxarmaq olar. Unutmayaq ki, iqtidarın müxalifəti nəzərə almadığı hər bir ölkə kənardan törədiləcək istənilən təxribatlara açıq ölkə olur. Dialoq, islahat, milli barışıq və inkişaf ölkəni xaosdan, təxribatlardan immunitetli ölkə halına gətirir. Biz ölkəmizin güclü immunitetə malik olmasını hər zaman istəyirik”. /Yeni Müsavat/



Millət