Şriftin ölçüsü / 324

Elşən Mustafayev: “Bu qurumda elə bir mexanizm formalaşmalıdır ki...”

29 Oktyabr 2018 [15:07]

Prezident İlham Əliyev "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı BMT qətnamələrinin icrasını təmin edən mexanizmin hələ də hazırlanmadığından danışıb.

Ölkə başçısı bildirib ki, əfsuslar olsun, hələ də beynəlxalq mexanizm işlənilməyib ki, təcavüzkarı beynəlxalq aparıcı qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasına məcbur etsin: "Biz humanitar əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bu məsələlər dost ölkələrlə həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində daim gündəlikdədir. Ancaq biz özümüz böyük humanitar fəlakətlə üzləşmişik. Bir həftə bundan əvvəl – oktyabrın 18-də biz Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd etmişik. Cəmi 27 ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və müstəqilliymizin ilk günləri, ilk illəri çox ağır və faciəvi idi. Həm siyasi böhran, daxili çəkişmələr, vətəndaş müharibəsi, iqtisadi tənəzzül, kütləvi itaətsizlik, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti böyük fəlakətə, bəlalara gətirib çıxardı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır, xalqımıza qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşmüşdür. Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər, o cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrin qəbul olunmasından 25 il keçir. Ermənistan bu qətnamələri icra etmir və əfsuslar olsun, hələ də beynəlxalq mexanizm işlənilməyib ki, təcavüzkarı beynəlxalq aparıcı qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasına məcbur etsin. BMT-nin Baş Assambleyası oxşar qətnamə qəbul edib, digər beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tələb olunur. Münaqişənin həlli üçün yeganə yol məhz budur, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmalıdır, - necə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilir, - və Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar”.

Göründüyü kimi, Prezident BMT-nin və digər mötəbər qurumların qəbul etdiyi qətnamaələrin işlək mexanizminin hələ də olmadığını ciddi arqumentlərə əsaslanaraq, tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Həmin qətnamələrin işləkliyini təmin etmək üçün hansı addımların atılmasına zərurət var?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev "Bakı-Xəbər”ə bildirdi ki, buna nail olmaq üçün BMT-də islahatların həyata keçirilməsinə ehtiyac duyulur: "BMT Nizamnaməsinin 25-ci maddəsində yazılıb ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məcburidir. Belə olan halda, niyə bu qurum Nizamnaməsinin 25-ci maddəsinə əməl etmir? Axı 4 qətnamə qəbul edilib, bunlar 25-ci maddəyə uyğun icra olunmalıdır. Amma təəssüflər olsun ki, icra olunmur. Deməli, problem ondadır ki, BMT-də islahatlar aparılmalıdır, fəaliyyəti ikili standartlardan uzaq olmalıdır. Bu qurumda elə bir mexanizm formalaşmalıdır ki, qərar qəbul ediləndən dərhal sonra onun icra mexanizmi də işə düşsün. Bunlar olmayanda, beynəlxalq ictimaiyyətin nəzərində BMT-nin imicinə ciddi zərbə dəyir. Azərbaycan üçün BMT-də islahatlar məsələsi xüsusi önəm daşıyır. Torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğal edilib və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin çıxarılması tələbinə baxmayaraq, indiyə qədər onlar yerinə yetirilmir. BMT artıq təsirli mexanizmdən danışılan bir platformaya çevrilib. Həmçinin, dünyanın ayrı-ayrı regionlarında konfliktlərlə bağlı çoxsaylı qərar qəbul edilməsinə baxmayaraq, onun həyata keçirilmə mexanizmi yoxdur. Nəinki mexanizm yoxdur, hətta BMT nizamnaməsini pozan ölkələrin cəzalandırılması, sanksiyaların tətbiq edilməsi də heç vaxt gündəmdə olmayıb. Buna görə də bu nüfuzlu beynəlxalq təşkilatda islahatların keçirilməsi çox vacib sayılır”.

Ekspertin sözlərinə görə, biz ölkə olaraq hesab edirik ki, BMT qəbul etdiyi qərarlara görə ciddi məsuliyyət daşımalıdır: "Bu məsuliyyət tək islahatlardan sonra qəbul edilən qərarlara deyil, əvvəlki dövrə də şamil edilməlidir. Necə ola bilir ki, Azərbaycan torpaqlarına dəfələrlə qanunsuz səfərlər edən, işğal prosesində iştirak edən və həm də onu fəxrlə bildirən Ermənistan hökumətinin rəhbəri BMT-nin islahatlar sammitində iştirak edir və ona qarşı hər hansı təsir vasitəsi işə salınmır? Hesab edirəm ki, islahatların mərkəzində ölkələrin ərazi bütövlüyünün təmin olunması, quruma üzv dövlətlərin beynəlxalq hüquq normalarına əməl etməsi məsələsi durmalıdır”.


Millət