Şriftin ölçüsü / 401

Cinayətin miqyası o qədər böyükdür ki...

29 Oktyabr 2018 [15:09]
İndi həm Səudiyyə, həm də Ağ Ev maksimum dərəcədə Türkiyəni sakitləşdirməyə çalışır


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda öldürülən müxalif jurnalist Camal Qaşıqçı cinayəti barədə açıqlama verib. XİN rəhbəri bildirib ki, müəmmalı cinayətin üstünün açılması üçün bütün addımlar atılacaq: "Hələ cavablandırılması lazım olan xeyli suallar var. Ər-Riyad rəsmiləri qətli etiraf etdilər, ancaq Camal Qaşıqçının cəsədinin harada olduğunu demirlər. İndi hamı üçün maraqlı olan məsələ budur”.

Bir sıra ekspertlər ABŞ-ın Səudiyyə Ərəbistanı rəsmilərinə müəyyən sanksiyalar tətbiq edəcəyini ehtimal edirlər. Məlumdur ki, Konqres günahkarlara qarşı Maqnitski Aktının tətbiqini istəyir. Deyilənə görə, Vaşinqton Səudiyyə Ərəbistanın bir sıra rəsmilərinin vizalarını ləğv edərək Ər Riyadı cəzalandırmağı düşünür. Çox güman ki, digər ölkələr geosiyasi vəziyyətin mürəkkəbliyini nəzərə almaqla, tətbiq olunan sanksiyaların və onların siyasi-iqtisadi təsirlərinin təhlilini aparacaqlar. Ancaq Avropa ölkələri tərəfindən məsələyə dair konkret fikirlər səsləndirilmir.

Dünya gündəmini zəbt edən Qaşıqçı olayı ilə bağlı "Şərq”ə danışan AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, jurnalistin Baş Konsulluğa çağırılaraq öldürülməsi dünyada analoqu olmayan özbaşınalıq və vəhşilikdir:

"İddialara görə, qətlin özü çox qəddarlıqla həyata keçirilib. Bundan əvvəl də Səudiyyə şahzadələrinin müəmmalı itkin düşmələri halları olub. Ehtimallara əsasən, Qaşıqçı da həmin planlar üzrə itirilməli imiş. Lakin Qaşıqçının qətlinin bu qədər beynəlxalq skandala səbəb olması, Türkiyənin bu cinayəti açması və üzərinə getməsi oldu. Türkiyənin sərgilədiyi qətiyyətli davranış nəticəsində Krallıq və onun müttəfiqi olan ABŞ çıxılmaz vəziyyətə düşdü. İndi həm Səudiyyə, həm də Ağ Ev maksimum dərəcədə Türkiyəni sakitləşdirməyə çalışır. Düşünmürəm ki, Tramp administrasiyası qətlin tamam araşdırılmasında və Səudiyyənin cəzalandırılmasında maraqlıdır. Çünki Krallığın ABŞ-da milyardlarla vəsaiti, mühüm silah kontrakltarı var. Hər şeyə biznesmen və biznes maraqları kimi yanaşan Tramp bu hadisədən böyük güzəştlər qoparmağa çalışacaq”.

Analitikin fikrincə, Səudiyyənin beynəlxalq aləmdə mövqelərinin sarsılması, İranla barışmaz düşmən olan İsrailə belə sərf etmir: "Düşmənimin düşməni mənim dostumdur" prinsipindən çıxış edən İsrail bu olayın az itkisiz ötüşməsində ABŞ-la həmfikirdir. Türkiyənin əlində kifayət qədər geniş bilgilər var. Prosesləri tam idarə edə bilir. Məncə, Ankara təzyiqləri artırmaqla Səudiyyədən istədiklərini tam anlamı ilə almağa çalışacaq. Bu həm maliyyə-iqtisadi, həm də siyasi sahələri əhatə edə bilər. Amerika YPG terrorçularına açıq, İŞİD-ə gizli dəstək verir, amma bu maliyyə əsasən Körfəz ölkələrindən, xüsusən də Səudiyyədən gəlir. Eyni zamanda Türkiyə maliyyə sıxıntıları keçirir. Türk iqtisadiyyatına da əlavə Səudiyyə investisiyaları qoyula bilər”.

Ekspertin sözlərinə görə, islam dünyasına liderlik uğrunda Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında açıq-gizli rəqabət var:

"Bu hadisə imkan verir ki, Türkiyə mütləq olaraq bu rəqabətdən tam üstünlüklə çıxsın. Daha bir məqam vəlihəd şahzadənin Türkiyə Prezidenti Ərdoğanla soyuq münasibətlərinin olmasıdır. Hər halda belə birisinin kral taxt-tacında oturması Türkiyə üçün xoş olmazdı. Göründüyü kimi, cox ciddi məsələlər var. Hesab edirəm ki, Səudiyyənin baş konsulluğunda belə ağır bir cinayət törətməsi qüdrətli dostları - ABŞ və İsrailə güvənməsindən irəli gəlir. Cinayətin miqyası o qədər böyükdür ki, heç bir dövlət və heç kim bu cinayətdə adının hallandırılmasını istəmir”.



Millət