Şriftin ölçüsü / 338

Sənəddən sənədə ötürülən öhdəlik

01 Noyabr 2018 [17:41]
Deyəsən, başa çatmaq üzrə olan 2018-ci ildə də vətəndaşlar vəzifəli şəxslərin gəlirini öyrənə bilməyəcək. Uzun illərdir müxtəlif qanun və proqramlarda vəzifəli şəxslərin öz gəlirlərini açıqlaması tələbi qoyulsa da, icra sorağı yoxdur.

Sənəddən sənədə ötürülən öhdəlik

Vəzifəli şəxslərin öz gəlirlərini açıqlaması tələbi bir çox sənəddə yer alır. İlk müddəa 2000-ci il iyulun 21-də qəbul edilmiş "Dövlət qulluğu haqqında” qanunda öz əksini tapıb. Qanunun 18-ci maddəsinin 9-cu bəndi müəyyən edir ki, dövlət qulluqçuları qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidir. Həmin tələblərin yerinə yetirilməməsi töhmət və dövlət qulluğundan çıxarılmaqla nəticələnə bilər.

Kompleks yanaşma və bununla bağlı yeni müddəalarsa ilk dəfə 2004-cü il yanvarın 13-də qəbul edilmiş "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda yer alıb. Qanunun 5-ci maddəsində vəzifəli şəxslərə münasibətdə maliyyə xarakterli tələblər müəyyənləşdirilib. Həmin maddəyə görə, vəzifəli şəxslər hər il mənbəyini, növünü və məbləğini göstərməklə öz gəlirləri barədə; vergitutma obyekti olan əmlakları barədə; kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə; şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payları barədə; şərti maliyyə vahidinin (1 manat 10 qəpik) beş min misli miqdarından yuxarı olan borcu barədə; şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları müəyyən edilmiş qurumlara təqdim etməlidir.

Fəaliyyət planı: 2 ay qalır

2005-ci il iyunun 24-də "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” təsdiqlənib. Həmin sənəddə gəlir bəyannamələri sisteminin tətbiq istiqamətləri və qaydaları müəyyənləşdirilib. Ölkə prezidentinin 9 avqust 2005-ci il fərmanı ilə bəyannamə formasının tərtibi üçün Nazirlər Kabinetinə 2 ay vaxt verilib. Hələlik bəyannamə formasından xəbər yoxdur. Həmin fərmanla Ədliyyə Nazirliyi yerli özünüidarə orqanlarına seçilmiş şəxslərin bəyannamə formalarının qəbulunda məsul qurum sayılıb.

"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planı”nda vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamənin elektron formada təqdim edilməsi ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Tədbiri Nazirlər Kabineti və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya 2013-cü ildə yerinə yetirməli idi. Bu məsələ "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli fəaliyyət planı”nda da əksini tapıb. Plana əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarını təqdim etməsi üçün tədbirlər görməlidir. Fəaliyyət planının başa çatmasına 2 ay qalır.

İqtisadi Tədqiqatlar Mərkəzinin bu məsələ ilə bağlı dörd təklifi var: qanunvericilik bazası yaradılmaqla mexanizm işə salınsın; məlumatların onlayn rejimdə elektron təqdim olunması təmin edilsin; məlumatlar ictimaiyyətə açıq olsun və ya hər il ictimaiyyətə açıqlanmasına dair tələb qanuniləşdirilsin; tələb olunan məlumatları təqdim etməyən vəzifəli şəxslərlə bağlı inzibati məsuliyyət müəyyən olunsun.

"Hökumət gerçək açıqlamalar etmək gücündə deyil”

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, ilk növbədə hökumət nümunə göstərməlidir: "Prezident, baş nazir, Milli Məclisin sədri və nazirlər gəlirləri və əmlakları barədə məlumatları açıqlamalı və mətbuatda dərc etdirməlidirlər”.

Bəs hökumət öhdəliyini yerinə yetirməkdən niyə qaçır? Ekspertin fikrincə, hökumət gerçək açıqlamalar etmək gücündə deyil: "Yalandan da açıqlama vermək istəmir. Bilir ki, gerçək və yalan açıqlama hər iki halda ciddi suallar yaradacaq. Həm də korrupsiyaya qarşı mübarizə imitasiyası ilə kifayətlənmək istəyirlər”.

Bir neçə il bundan öncə "Konstitusiya” Araşdırmalar Fondu "Maliyyə xarakterli məlumatlar haqqında bəyannamə” forması layihəsini hazırlayıb. Həmin layihədə vəzifəli şəxslərin əməkhaqqı, dividendlər, hədiyyələr, qiymətli kağızlardan gəlir, əmanətlərdən gəlir, elmi fəaliyyətdən gəlir, pedaqoji fəaliyyətdən gəlir, yaradıcılıq fəaliyyətindən gəlir, miras, qonorarlar, pensiya, sosial müavinət, alimentlər, icarə gəlirləri, əmlak satışından gəlirlər, ödənilmiş borclar, digər gəlirlər, həmçinin vergitutma obyekti olan əmlakı, bəyannamə təqdim edən şəxslə birgə yaşayan valideynlərin vergitutma obyekti olan əmlakı, bəyannamə təqdim edən şəxslə birgə yaşayan uşaqlarının cəm halında vergitutma obyekti olan əmlakı, kredit təşkilatlarında əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı, şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu, şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etmələri nəzərdə tutulub.

Gəlir bəyannamələrinin tətbiqi korrupsiyanın qarşısının alınmasında önəmli rol oynaya bilər. Bu, müvafiq qurumun vəzifəli şəxsin gəlirlərində olan hər hansı dəyişikliyə nəzarət etmək imkanı verəcək. Əgər gəlirlərdə şübhəli bir fərq varsa, məmurdan bunun əsaslandırlması tələb ediləcək.

Yazı "Eastern Partnership Civil Society Facility” layihəsinin dəstəyi ilə hazırlanıb


Millət