Şriftin ölçüsü / 235

Birləşmiş Ştatlar rəsmi Bakı ilə münasibətləri korlamaz

07 Noyabr 2018 [17:16]
Xüsusən də enerji və regional təhlükəsizliklə bağlı məsələlərdə Azərbaycanı seçim qarşısında qoymazlar”

Məlum olduğu kimi, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

Bu günlərdə Cənubi Qafqaz ölkələrinə və Rusiyaya səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun sözügedən məsələni ölkə rəsmiləri ilə müzakirə etdiyi deyilir. Boltonun məqsədi bir sıra ölkələrlə yanaşı, region ölkələrini də İrana qarşı sanksiyalara qoşulmağa razı salmaq olub.

Konkret Azərbaycana gəldikdə isə, rəsmi Bakı balanslaşdırılmış siyasət kursunu davam etdirəcəyini bəyan edib. Yəni Azərbaycan anti-İran sanksiyalarına qoşulmayacaq. Boltonun Bakıdakı görüşlərdən sonra çox ehtiyatlı bəyanatlar səsləndirməsi də bu qənaəti yaradır ki, Azərbaycan sanksiyalara qoşulmaq niyyətində deyil. Onu da qeyd edək ki, Bolton səfər zamanı Azərbaycanı strateji tərəfdaş adlandırdı. ABŞ İrana qarşı sərt mövqedə olsa da, yaranmış vəziyyəti də hardasa nəzərə alır. Bütün bunlara baxmayaraq, Azərbaycanın İrana qarşı sanksiyalar məsələsində mövqeyi ortadadır. Rəsmi Bakı Azərbaycanın milli maraqlarından çıxış edərək böyük dövlətlərin İranla bağlı geosiyasi oyunlarına alət olmaq istəmir.

Rəsmi Bakının İrana qarşı sanksiyalara qoşulmaması fonunda ABŞ-Azərbaycan münasibətlərində hər hansı soyuqlaşma, uzaqlaşma ehtimalı nə dərəcədə realdır?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov iki ölkə arasında buna görə hansısa soyuqlaşmanın yaranacağını istisna etdi: "Azərbaycan adətən qarşı duran tərəflər arasında poliqona çevrilmir. Aparılan balanslı siyasət belə halların qarşısını alır. Ancaq bəzən görürsən ki, dünyada konkret cəbhələr, mövqelər yaranır. İstər-istəməz, hansısa tərəfin yanında durmaq zərurəti yaranır. Bir sıra çağırışlara rəğmən, Azərbaycanın İrana qarşı sanksiyalara qoşulacağı gözlənilmir. Birləşmiş Ştatlar buna görə Azərbaycana təzyiqlər göstərməz və bu səbəbdən rəsmi Bakı ilə münasibətləri korlamaz. Hər halda, ABŞ-ın başqa hədəfləri var. Eyni zamanda, onu da düşünmək lazımdır ki, ABŞ-ın Azərbaycanla bağlı strateji maraqları var. Xüsusən də enerji və regional təhlükəsizliklə bağlı məsələlərdə Azərbaycanı seçim qarşısında qoymazlar. Çünki Azərbaycan seçim qarşısında qalsa, təbii ki, öz maraqlarını müdafiə etmək siyasəti yürüdəcək. Bu da bilmək olmaz Birləşmiş Ştatları nə dərəcədə qane edəcək. O üzdən hesab edirəm ki, Boltonun region ölkələrinə səfər etməsi çox ciddi məsələlərdən xəbər verir. Xüsusən də regionda sülh və təhlükəsizliyin qorunması mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ondan əvvəl ABŞ-ın İrəvandakı səfirinin Dağlıq Qarabağ problemi ilə bağlı fikirləri gözlənilməz oldu. Söhbət ondan gedir ki, həmin fikirlərdə işğal faktoru etiraf olundu və həmin ərazilərin danışıqlar predmeti olmadığı səsləndi. Eyni zamanda, Bolton tərəfləri Dağlıq Qarabağ probleminin həllinə çağırdı. Onun Ermənistana qarşı bəzi tənqidi fikirləri də təsadüfi deyildi. Bütün hallarda, İrana qarşı sanksiyalar məsələsində Azərbaycan məcbur edilməyəcək”.


Millət