Şriftin ölçüsü / 651

Vaxtında lazımi addımlar atılmasa...

16 Noyabr 2018 [15:06]

Məlum olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etdiyinə görə XİN-in "qara siyahı”sına salınan və haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılan Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Eleni Teoxarus növbəti qalmaqalla gündəmdədir. Belə ki, erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə, ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət dolu çıxışları səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzuolunmaz şəxs elan olunub.

E.Teoxarusun beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyi, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub.

E.Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət göstərən, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir. Nəzərə almaq lazımdır ki, məhz bu kimi qaranlıq əlaqələrə malik olan deputatlar AŞPA-da, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli təşəbbüslərlə çıxış edirlər. Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. E.Teoxarusun K.Karampetyanla əlaqələri var və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı da Karampetyandır.

Göründüyü kimi, sözügedən məsələ ilə bağlı çox ciddi faktlar ortaya çıxır.

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu cür kriminal əlaqələrə malik olan şəxslərin Avropa Parlamentində təmsil olunması utanc doğurur: "Xüsusən də Avropa İttifaqının təsisatları üçün bu, yaxşı heç nə vəd etmir. Belələrinin AŞPA-da, Avropa Parlamentində təmsil olunması Avropa dəyərlərinə ziddir. Nəzərə almaq lazımdır ki, erməni mafiyası ilə əlaqəli olan E.Teoxarus istənilən çirkin sifarişin təşəbbüsçüsü rolunda çıxış edə bilər. Əsla belə deputatların Avropa təsisatlarında tərəfsiz fəaliyyət göstərmələrindən söhbət gedə bilməz. Belələri müəyyən ermənipərəst dairələrin sifarişləri əsasında istənilən vaxt Azərbaycana qarşı fəaliyyət göstərə bilərlər. Zatən, zaman-zaman AP-ın və AŞPA-nın timsalında Azərbaycana yönəlik bir sıra qərəzli kampaniyaların şahidi olmuşuq. Ona görə də mafiya ilə işbirliyində olan deputatların fəaliyyəti araşdırılmalıdır. Kimliyindən asılı olmayaraq, onlara güzəşt edilməməlidir. Ona görə ki, belələri, ümumilikdə, Avropa İttifaqı üçün ləkədir. Vaxtında lazımi addımlar atılmasa, o zaman adıçəkilən qurum bundan ziyan görəcək. Reallıq ondan ibarətdir ki, AŞPA və AP-də təmsil olunan bəzi deputatlar erməni lobbisinin və mafiyasının əlində alətə çevriliblər. O üzdən, belələri davamlı olaraq ifşa edilməlidir”/Bakı Xəbər/







Millət