Şriftin ölçüsü / 337

AMİP Siyasi Şurasından mühüm qərarlar

22 Noyabr 2018 [14:33]
Bu gün AMİP Siyasi Şurasının növbəti genişləndirilmiş tərkibdə iclası keçirilib. Partiyanın mətbuat xidmətindən "Millət"-ə daxil olan məlumata görə, iclasda son dövrlər müxalifət düşərgəsinə qarşı, o cümlədən Şəhidlər Xiyabanını ziyarət etmək istəyən insanlara qarşı hakimiyyətin basqısı, ölkədə artan bahalaşma fonunda cəmiyyətdə getdikcə artan narazılıqlar, Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyi neqativ münasibət və gündəlikdə duran bir sıra digər məsələlər müzakirə olunub.

Geniş və hərtərəfli müzakirələrdən sonra Siyasi Şura 17 noyabr Milli Dirçəliş günü münasibətilə Şəhidlər Xiyabanına ziyarət etmək istəyənlərin qarşısnın polis zorakılığı ilə alınmasını və ziyarətə gedən bir qrup şəxsə məhkəmə sanksiyalarının tətbiqini insan hüquq və azadlıqlarının və demokratik dəyərlərin tapdanması, ölkə qanunlarının kobud surətdə pozulması kimi dəyərləndirib. Siyasi Şura ölkədə vətəndaş birliyinə və həmrəyliyə daha çox ehtiyac duyulduğu indiki qlobal gərginliklər fonunda, qarşıdurmaya, ixtilafa rəvac verilməsini təhlükəli addım kimi qiymətləndirib. AMİP Siyasi Şurası Bəyan edib ki, Şəhidlər xiyabanını ziyarət etməyə qoyulan istənilən məhdudiyyət şəhidlərimizin müqəddəs ruhuna hörmətsizlikdir və belə qadağaları qətiyyətlə pişləyir.

AMİP Siyasi Şurası Azərbaycan Hökumətindən şəhid ailələrinə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məsələni təcili olaraq öz nəzarətinə götürməyi və obyektiv həlli istiqamətində ciddi təxirəsalınmaz tədbirlər görülməsini bir daha tələb edib. Siyasi Şura həmçinin ölkədəki bahalaşmadan ciddi narahatlığını ifadə edərək hökumətdən monopoliyaya, rüşvətxorluğa, korrupsiyaya, yarıtmaz idarəçiliyə son qoyulmasını tələb etmişdir.

Fransanın Dağlıq Qarabağla bağlı tutduğu mövqeyə toxunan Siyasi Şura hesab edir ki, sepatarçı rejimlə istənilən diplomatik və sair əlaqə beynəlxalq hüquq normalarının açıq-aşkar pozulmasıdır. Fransa, eləcə də ATƏT-in Minsq Qrupunun həmsədrləri olan ABŞ və Rusiya münaqişə ilə bağlı daha həssas davranmalı, neytrallıqlarını qorumalı, separatçilara dəstək vetməməli, hamılıqla qəbul olunmuş beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməlidirlər. Separatçı rejimin "rəsmi şəxslərinin” xüsusilə də B.Saakyanın Fransaya davamlı səfərləri dayandırılmalı, Azərbaycanla dostluq və əməkdaşlıq münsibətlərinə xələl gətirəcək addımlardan çəkinilməli, belə hərəkətlərə bir daha yol verilməməlidir. AMİP Siyasi Şurası eyni zamanda Azərbaycan iqtidarından da Fransanın təxribat xarakterli və problemi daha da dərinləşdirən addımlarına adekvat reaksiya verilməsini məqsədəuyğun hesab etmişdir.

İclasda, həmçinin, cari ilin sonunadək AMİP Mərkəzi Şurasının növbəti iclasının keçirilməsinin vacibliyi barədə qərar qəbul olunmuşdur.


Millət