Şriftin ölçüsü / 80

Zurabişvili siyasətə yeni gələn adam deyil

03 Dekabr 2018 [15:11]
Elşən Mustafayev: "Prezidentin açıqlamasında açıq hiss edilir ki, onların Rusiya ilə münasibətləri Qərbin Rusiyaya olan münasibəti kontekstində dəyişəcək”

Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvili hesab edir ki, hazırda Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil.

O bu sözləri BBC-nin Rusiya bürosuna müsahibəsində deyib: "Nə qədər ki, Rusiya özünü indiki kimi aparır, bütün bunların bizim indi əməkdaşlığa gedə biləcəyimizi ehtiva etdiyini düşünmürəm”. Onun sözlərinə görə, Gürcüstan Avropayönümlü mövqe tutduğundan, Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, o da kənarda qalmayacaq. Bu həftə Gürcüstanda keçirilən prezident seçkilərində ölkə tarixində ilk dəfə olaraq qadın namizəd qalib gəlib. Hakim "Gürcüstan arzusu” partiyasından irəli sürülən Salome Zurabişvili seçicilərin 59,52 faizinin səsini toplayıb.

Gürcüstanın yeni seçilən Prezidentinin bu açıqlaması Tiflis-Moskva münasibətlərinin perspektivi üçün nə vəd edir?

Politoloq Elşən Mustafayevin fikrincə, Gürcüstanın yeni Prezidentinin bu açıqlamasında bir neçə incə məqam özünü göstərir: "Bilirsiniz ki, xanım Zurabişvili siyasətə yeni gələn adam deyil. O bundan əvvəl Gürcüstanın xarici işlər naziri olub və beynəlxalq siyasəti dərindən bilən, savadlı və iddiasını gizlətməyən bir siyasətçidir. Onun dərhal Rusiya ilə bağlı belə bəyanat səsləndirməsi təsadüf də deyil. Bütün seçki dövründə onun Vaşadze ilə mübarizəsinə iki fərqli qütbün savaşı kimi yanaşırdılar. Qeyd edilirdi ki, Vaşadze Saakaşvilinin namizədidir və Qərbə meyillidir. Belə olan tədirdə, Zurabişvili nisbətən də olsa Rusiyaya loyal fiqur kimi xarakterizə edilirdi. Xanım Prezidentin ilk bəynatının məhz anti-Rusiya ovqatında olması həmin şübhələrin ciddi əsasının olmadığına bir işarə verməkdir. Bildirmək istəyir ki, o, Gürcüstanın tutduğu siyasi kursun davam etdirilməsində maraqlıdır. Gürcüstan hazırda da Rusiyaya yox, daha çox Qərbə meyili ilə seçilir.

Gürcüstanda icra hakimiyyəti əsasən Nazirlər Kabinetinin əlində cəmləşib, yəni ölkəni Baş nazir idarə edir, xarici siyasətin də formalaşmasına məhz o məsuliyyət daşıyır.

Prezident, əslində, təmsilçilik, yəni bir qədər formal xarakterli vəzifə kimidir. Ancaq xanım siyasətçi xarici siyasətin formalaşdırılmasına müəyyən təsir göstərə bilər, lakin hökumətin xarici siyasətini təyin edə bilməz. Çünki Konstitusiyaya görə belə səlahiyyəti Nazirlər Kabineti daşıyır. Hesab etmək olar ki, Rusiya ilə münasibətlər əvvəlki qaydada saxlanacaq və Gürcüstan daha çox Qərbə meyilli oriyentasiyasına sadiq qalacaq. Yəni Gürcüstan Rusiya ilə məsafə saxlamaqla, onunla sərt konfrantasiyaya da getməyəcək. Prezidentin açıqlamasında açıq hiss edilir ki, onların Rusiya ilə münasibətləri Qərbin Rusiyaya olan münasibəti kontekstində dəyişəcək”.


Millət