Şriftin ölçüsü / 971

Paşinyan saxtakarlıqla hakimiyyətə gəlir

11 Dekabr 2018 [16:06]
"Əsas müxalif qüvvələrin kənarda qalması Ermənistandakı seçkilərin antidemokratik şəraitdə keçirilməsinin göstəricisidir”

Bazar günü Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri tam bəlli olub. Belə ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım” bloku 70,43% (884456) nəticə ilə qalib gəlib. İkinci yeri "Çiçəklənən Ermənistan” partiyası tutub - 8,27% (103824). Partiya lideri Qagik Sarukyan dəfələrlə Paşinyanı dəstəkləyib. "İşıqlı Ermənistan” partiyasının timsalında Paşinyanın müttəfiqləri 6,37% (80024) səslə üçüncü yerdədir.

Digər siyasi qüvvələr Ermənistan parlamentində təmsil olunmaq üçün zəruri baryeri keçə bilməyiblər.

Beləliklə, 5 il müddətinə seçilmiş yeni parlamentdə ancaq Nikol Paşinyan və onun "məxməri inqilab” üzrə tərəfdarları olacaq. "Çiçəklənən Ermənistan” və "İşıqlı Ermənistan” partiyalarının özlərini "konstruktiv” müxalifət elan edəcəkləri gözlənir. Bu o deməkdir ki, Ermənistanın yeni baş naziri yenə Paşinyan olacaq. Ən başlıcası isə, onun xarici siyasətinə parlamentin əks-təsiri olmayacaq. Ona görə ki, ölkədə keçirilən seçkilərdə əsas müxalifət partiyaları kənarda qalıblar. Çünki keçmiş hakim partiya olmuş "Respublika” partiyası, eləcə də onun dəstəkçisi olmuş "Daşnaksütyun” partiyası parlamentdən kənarda qalıb və faktiki olaraq, parlament müxalifəti rolundan məhrum ediliblər. Paşinyana qarşı əsas müxalif mövqedən məhz həmin siyasi qüvvələr çıxış edirdilər. Parlamentə daxil olan digər siyasi qüvvələr isə ictimayi rəydə elə də təsir gücünə malik deyil və indidən belə görünür ki, onlar "cib müxalifəti” rolunda çıxış edəcəklər. Əsas müxalif partiyaların kənarda qaldığını nəzərə alsaq, o zaman Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini necə xarakterizə etmək olar?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Oucovun sözlərinə görə, Ermənistanda növbədənkənar parlament seçkilərinin demokratik şəraitdə keçməsindən söhbət belə gedə bilməz. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: "Məsələ ondadır ki, bir zamanlar hakim partiya olmuş "Respublika” partiyası və üzun illər parlamentdə təmsil olunan "Daşnaksütyun” partiyası kənarda qaldılar. Halbuki, ölkədə sonuncu parlament seçkiləri 2017-ci ilin aprelində keçirilmişdi və mütləq üstünlüyə "Respublika” partiyası sahib idi. Düzdür, həmin seçkilərdə də Sarkisyan rejimi güclü saxtakarlıqlar həyata keçirmişdi. Ancaq, istənilən halda, məlum partiyaların son seçkilərdə, ümumiyyətlə, parlamentdən kənarda qalması şübhəlidir. Paşinyanın yüksək səs qazanması onu deməyə əsas verir ki, seçkilərdə saxtalaşdırmaya yol verilib və xalqın iradəsi nəzərə alınmayıb. Çünki rəy sorğularına görə Paşinyanın reytinqi düşmüdü. İrəvanda keçirilən mer seçkiləri ilə müqayisədə onun populyarlığı aşağı düşmüşdü. Ona görə də sosial dayaqları zəifləyən Paşinyanın birdən-birə bu qədər səs toplaması təbii ki mümkün deyil. Paşinyan saxtakarlıqla hakimiyyətə gəlməklə yanaşı, parlamentdə də özü üçün rahat imkanlar yaradacaq. Çünki əsas rəqiblər kənarda saxlanıb. Görünür, o da ölkəni təkbaşına və özü istədiyi kimi idarə etmək niyyətindədir. Ancaq buna nə qədər müyəssər olacaq, bunu zaman göstərəcək. İstənilən halda, əsas müxalif qüvvələrin kənarda qalması Ermənistandakı seçkilərin antidemokratik şəraitdə keçirilməsinin göstəricisidir”./ Bakı-Xəbər/


Millət