Şriftin ölçüsü / 972

Insanları niyə dövlətdən narazı salırlar?..

17 Dekabr 2018 [17:43]
Bu il oktyabr ayının sonunda ailəmə qarşı yaradılmış problemdən qurtulmaq üçün Sovet Hökümətindən qalma mənzilimi satmaq üçün Tərtərə getmişdim. Bu problemin özü də ayrıca bir yazının mövzusudur. Sanki 1989-cu ildən həyatımı risqə qoyub, quruculuğu yolunda ağlasığmaz əzablara qatlaşmalı olduğum dövlət müstəqilliyinin hesabın çıxırlar məndən...

Rayona gedən kimi ilk müraciət edənin təklifi ilə razılaşıb, sənədlərin hazırlığına başladım. Bununla da şəhərin müxtəlif istiqamətlərinə dağıdılmış MİS(JEK) ilə Əmlak komitəsi arasında get-gəl başladı. JEK-dən gəlib xüsusi layihə ilə tikilmiş evin mənə məxsus mənzilinin layihəsini yenidən işlədilər. Müvafiq sənədlər hazırlanıb mənə verildikdən sonra, Sənədləri gətirib Əmlak Komitəsinə(Evlər İdarəsi də deyirlər) təqdim edib, işim təcili olduğu üçün tez hazırlanmasını xahiş etdim. Məlum oldu ki, sənədin birini mənim adıma yazıb tamam başqa ünvan göstəriblər. Yenidən JEK-ə qayıtmalı oldum. Sənədi tikən qadın səhvən "qarışıq saldığını” deyib, doğru ünvana aid sənədi digər sənədlərə tikib verdi. Tərtərdə bir süni problem də yaradılmışdır. Sərhəd rayonunu gücləndirmək əvəzinə Tərtərin idarələri Bərdəyə baxır. Yəni sənədlər aparılıb Bərdədə təsdiq olunmalıdır. Bu da özü ilə digər problemlər gətirir. İstər-istəməz yadıma İsa Qəmbərovun dövründə Ağdərənin inzibati ərazi statusunun ləğv olunub sərhəddin Tərtərə dayatdırıldığı və Kəlbəcərin arxasının boşaltdırılması hadisəsi düşdü...
Əmlak Komitəsi də mühəndis göndərib mənzilin layihəsini yenidən işlətməli oldu. İndi də iki layihə bir-birini tutmadı. Layihəni aparıb yenidən JEK-də təsdiklətməli oldum. Bununla da on gün Əmlak Komitəsinin "Çıxarışını” gözləməli oldum.

Natariusdan hansı sənədlərin lazım olduğunu soruşsam da yalnız "Çıxarış”dan sonra deyəcəyini bildirdi. Gözləmək əvəzinə Jek-dən aldığım məlumata əsasən Bakıda yaşayan övladlarıma zəng edib evi satmaq üçün onların razılığının lazım olduğunu bildirdim. Bakı şəhərindən natariusun təsdiqi ilə evi satmağıma razı olduqları ilə bağlı sənədlərlə bərabər şəxsiyyət vəsiqələrini də göndərdilər.

Təsadüfən həmin ərəfədə Bərdənin "Asan” Xidmət” avtobusunun oraya gəlməsinə sevinmişdik. Demə bu "Asan Xidmət” işləri daha da çətinləşdirmək üçün imiş. Beləliklə, növbə götürüb sənədləri "Asan Xidmət”dəki Tərtərin natariusuna və onun Şəhla adlı köməkçisinə təqdim etdim. Onu da qeyd edim ki, natariusun tez-tez çölə çıxıb uzun müddət telefonla kimlərlə isə də danışması, yaxud hansısa da blankın çatışmadığını bəhanə edib yoxa çıxması nəticəsində bir neçə saata bir adam yola düşür. Nəhayət növbənin çatmasına sevinib, avtobusa daxil oldum. Sənədləri natariusun işçisi Şəhlaya təqdim etdim. Burada işləməyin çətin olduğunu bəhanə edərək, axşam saat 18,00-da Natariusun iş ofisinə gəlməyi məsləhət gördülər. Ayaqları ağrıyan həyat yoldaşımla axşama qədər soyuqda gözləməli olduq. Nəhayət, gəldilər. Sənədləri yenidən Şəhlaya təqdim etdim. Sənədin yalnız birinə baxıb natariusa müraciətlə:
--Abil müəllim, bu sənəd səhvdir. Müəllimin uşaqları imza yetkisi əvəzinə razılıq ərizələri göndəriblər.
Natarius dərhal işarəni anladı:

--Yox, bu sənəddə mənzilin dörd sahibi olduğu göstərilib, onların hər biri sənə imza yetkisi verməlidir(Bu bəlkə də evlər idarəsi ilə natariusun anlaşmasının nəticəsi idi).
--Tərtərin o zamankı İcraiyyə Komitəsi o orderi uşaqlarıma deyil mənə verib. Mən kimə yetki verdim ki, o evi hamımızın əmlakı kimi qeyd etsin? Bir də ki, Bakıdan natoriusun təsdiqi ilə mənzilin satılmasına etiraz etmədiklərini bildirməyiblərmi?

--Yox, olmaz, o sənədi verən natariusun barmaqları qırılsın. Uşaqlarınız bir neçə illik yetki verməlidirlər,--dedi natarius.

Amma, cəmi bir il əvvəl həmin natarius anamın adına olan evi kiçik qardaşımın adına keçirəndə bizim(anamın uşaqlarının) heç birimizdən yetki istəmədi...Beləcə də xəstə uşaqla övladlarımı çağırmalı oldum. Gəlib yetkini də verdilər. Bu dəfə də yeni bəhanə tapıldı. Həm də hər dəfə sənədlərə Asan Xidmət avtobusunda baxır, axşam ofisə gəlməyi məsləhət görür(burada çəkiliş gedir axı?), yeni bəhanə natariusun ofisində "tapılır”. Yenidən ofislərinə gəlmələrini gözləməli olduq. Şəhla sənədlərə baxmamış:
-- Bu sənədləri natariusa göstərin, görsün burda cərimə var ya yox...
--Nə cərimə?—dedim. Nəyin cəriməsi,--dedim.
--Apar göstər natarius deyəcək...
Natarius sənədləri aralayıb, arasına baxdı:
--Hə, yox cərimə ödəməlisiniz?
Yoxsa piyada keçidindən keçərkən işıq siqnalına fikir verməmişəm, nədi?-- deyə düşündüm.
--Nəyin cəriməsidir,--dedim.
--Şəxsiyyət vəsiqəsində göstərilmiş ünvanla "Çıxarış”dakı ünvan uyğun deyil, ona görə də hərəniz 96 manat ödəməlisiniz.
--Dövət orqanları sənədi düz yazmayıblarsa, onun cəriməsini vətəndaşmı ödəməlidir?,--dedim.
Mənim və həyat yoldaşımın vəsiqəsində ev 42, mənzil 36(Tərtər polis şğbəsi verib) Qızımın Bərdə rayon Asan Xidmətindən verilmiş vəsiqəsində isə ev 40 qeyd olunub, mənzil isə göstərilməyib. Oğlum Order veriləndən 2018-ci ilin fevralına qədər: 33 il həmin ünvanda qeydiyyatda olub, qalan üç nəfər indiyə qədər həmin ünvanda qeydiyyatdayıq. Orderdə ev 40, mənzil 36-dır. Yəni 34 il əvvəl Tərtər(Mirbəşir) Rayon İcraiyyə Komitəsi tərəfindən verilmiş orderdə ünvan ev 40, mənzil 36-dır. Evlər idarəsi verdiyi "Çıxarış”da ev 40 b, mənzil 36, vəsiqələrimizdə ev 42, mənzil 36, yaxud 40. Bu sənədləri verənlərin hamısı dövlət orqanlarıdır. İndi bu məmurların etdiyi saxtakarlıqlara görə vətəndaşmı cəzalanmalıdır?

Beləliklə, natariusun məsləhəti ilə ertəsi gün pasport stolun qəbuluna getdim. Pasportstol niyə ünvanın bu cür yazıldığını və həmin vətəndaşların göstərilən ünvanda qeydiyyatdan çıxmadıqları barədə arayış verməkdən imtina etdi. Evlər idarəsi də həmin insanların yaşadığları ünvanın elə həmin ünvan olduğu barədə arayış verməkdən imtina etdi. Yenidən natariusa müraciət etdik. JEK-dən arayış gətirməyimlə, hətta telefonla hamımız üçün bütün vəsiqələrdəki məlumatlar qeyd olunmaqla bir arayış verilməsi ilə razılaşdı. Bu arayışın da gəlməsi axşama çəkdi. Bu dəfə də natarius bu arayışı da qəbul etmədi ki, hərəmizə ayrı-ayrı arayış verilməlidi. Mən məcbur olub cəriməni ödəməyə razı oldum. Ancaq yenə də əməliyyat ertəsi günə qaldı.

Ertəsi gün tezdən notariusun qəbulunda idim. Banka göndərdilər 386 manat 25 qəpik ödəyib, qayıtdım. Natarius indi də bankdan evin pulunu götürmək üçün əvvəlcədən hazırladığı çeki "tapa bilmədi”. Bu çek tapma əməliyyatı təxminən bir saat sürdü. Banka gedib növbə tutdum. Burada da qəribəliklərlə qarşılaşsam da notariusa baxanda toya getməli olduğundan yazmıram. Nəhayət bank çekində də mənim vəsiqə nömrəm səhv yazıldığı aşkar oldu.

Yenidən "Asan Xidmət”(harası asan oldu bunun) avtobusuna qayıtdım. İndi də natarius gah çekin üstündə düzəliş edib möhürləyir, gah bir az fikirləşib: "Yox bunu qəbul etməzlər”,--deyib yenidən çek yazmağı qərara alırmış kimi düşünür, digər vətəndaşlarla söhbət edir, yenidən mənə dönürdü. Axır ki, mənzilimin satılacağı məbləğın bir hissəsindən və səhhətimin korlanmasından sonra çəkdiyim bu cəhənnəm əzabından xilas ola bildim. Üstəlik, gecikdirildiyindən faizlə götürməyə məcbur olduğumuz pulun da üstünə iri bir məbləğ gəldiyini nəzərə alsanız bu mənzil satma əməliyyatının mənə çox baha başa gəldiyini təsəvvür edə bilərsiniz.

Bunun dövlərin qurulması üçün həyatını risqə qoymuş, (1990-da A.Mütəllimovun göstərişi ilə o vaxtkı Respublika prokurorunun(İ.İsmayılov) dövlət çevrilişi maddəsi ilə həps olunmam barədə sanksiyası, 1992-93-də üç dəfə suiqəsd təşkil olunmuş, ayağımn altından, başımın üstündən avtomat silahdan atəş açılmış, üstümə zirehli maşın sürülmüş, toyuğun başın kəsib mənzilimin qapısına atmaqla xəbərdarlıq etmişlər, bıçaqla bir nçə dəfə hədələtdirmişlər, evdə olmayanda üşaqlarım qorxudulmuş, Daxili İşlər naziri(1993-ün yazında) televiziya ilə təpiyin altına salmaqla hədələyib üstümə gəlib, çıxmışam qarşısına...) bir adam üçün nə demək olduğunu yəqin ki, azacıq insanlığı olanlar anlarlar.
Mən ADU(BDU)-da komsomol işçisi olmuşam və burada sənədlərlə işləməli olmuşam. RXMŞ inspektoru kimi, Tərtərdə ilk iki siyasi qurumların RT-lərinin təsisçisi kimi də, ixtisasca da sənədlərlə işləməli olmuşam. Üçüncü sinifdə oxuyandan da(ibtidai sinfi Kəlbəcərdə oxumuşam) mətbuatda çıxış etdiyimi nəzərə alın. Mənim başıma açılan bu oyunun oyunçularının sənəd işindən və məntiqdən uzaq insanların başına nələr gətirdiyini təsəvvür edirsinizmi?

İbtidai təhsil görmüş hər kəs anlayar ki, orderdə göstərilən insanlarla Şəxsiyyət vəsiqələrində və "Çıxarış”da göstərilən insanlar eyni insanlardılar və onlar qeydiyyatdan çıxmamışlar. Yalnız oğlum doqquz ay öncə Bakıda uçota düşmüşdür. Belə olduqda onların uçotda olmadıqlarını göstərmək vəzifə saxtakarlığı deyilmi? Kim sübut edə bilər ki, biz bizə məxsus mənzildən uçotdsn çıxmışıq? Çıxmışıqsa nə zaman çıxmışıq? Hara uçota düşmüşük?!

Azacıq təhsil görmüş hər kəsə aydındır ki burada ən azı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313(Vəzifə saxtakarlığı), 314(Səhlənkarlıq)... maddələri pozulmuşdur. Bu maddələrə görə məsuliyyəti Əmlak Komitəsinin sədrimi daşıyır?, Tərtərin natariusu və onun işçisimi?, MİS(JEK) işçılərimi? Tərtərin pasportstolu və Bərdənin Asan Xidmətimi? Ya onların hər birimi?! Bu cinayətləri törədərkən onlar məsuliyyətə cəlb oluna biləcəklərindən qorxmurlarmı?! Qorxmurlarsa kimə arxalanırlar?

Bununla əlaqədar Asan Xidmətə zəng edib, vətəndaşları qəsdən dövlətdən narazı saldıqlarını və başıma gələn əhvalat barədə məlumat verdim. Qeyd etməliyəm ki, ölkədə DİN barədə yayılan şaiələrin əksini gördüm. DİN-in Pasport Xidməti bölməsindən iki dəfə zən etdilər. Pasportstol da zəng etdi. Sonra DİN-nin müvafiq bölməsinə dəvət etdilər. Buradakı insanlardan gördüyüm nəzakətə təəccüb etməyə bilmədim. İstər-istəməz yadıma bir zamanlar Bakı şəhərinin bəzi idarələrində insanların yüksək mədəni səviyyəsi, nəzakət qaydalarına əməl etmələri düşdü. Hətta pasport stolu qınadığıma belə peşiman oldum. Ancaq digər nazirlik və idarələrdən hələ də səs soraq yoxdur...

Bütün bunlar, minlərlə insanı dövlətdən və hakimiyyətdən narazı salan bu hərəkətlər nə üçündür? İnsanları niyə hakimiyyətdən iyrəndirirlər? Onlar da bu hakimiyyətin nümayəndələri deyillərmi? İnsanları ayağa qaldırmaqla nəyə nail olmaq istəyirlər?! Bu suallara yəqin ki, hüquq mühafizə orqanları cavab verəcəkdir. Əgər istəsələr...

Arif Əzizov
Filoloq, publisist