Şriftin ölçüsü / 828

Söhbət məhz ABŞ laboratoriyalarının qadağan olunmasından gedə bilər

20 Dekabr 2018 [12:42]
Rusiya xarici işlər naziri Sergey Lavrovun son müsahibəsi Ermənistan daxilində ciddi müzakirə və narazılıqlara səbəb olub. Həmin müsahibədə Lavrov bildirib ki, Ermənistanla birlikdə həmin ölkədə xarici hərbçilərin iştirakını qadağan edən sənədin üzərində işlər yekunlaşmaq üzrədir.

Ermənistan mətbuatı bu fikirdən müxtəlif qənaətlər çıxarmağa başlayıb. Onlar ilkin versiya kimi ABŞ hərbçilərinin köməyi ilə həmin ölkədə yaradılan müasir biolaboratoriyaların fəaliyyətini nəzərdən keçirirlər. Qeyd edirlər ki, Lavrovun fikirləri həmin laboratoriyalarda çalışan ABŞ-lı hərbçilərə aiddir. Həmin təcrübə məntəqələri ilə bağlı Rusiya XİN səviyyəsində də etiraz edilib. Lakin Ermənistan hakimiyyəti Rusiyaya həmin yerlərlə tanış olmaq kimi şəraitin yaradılmasına hazır olduqlarını bildirib. Ancaq rusların imzalanmış sənəd əsasında həmin profilli tədqiqat obyektlərinin qadağan edilməsində maraqlı olduğu deyilir. Bir sözlə, bu istiqamətdə ciddi təhlillər aparılır və erməni ekspertləri qeyd edirlər ki, Ermənistanın üzv olduğu KTMT-də əldə olunan razılaşma onsuz da kənar üçüncü ölkələrin baza və qoşunlarının iştirakını qadağan edir. Lavrov bunu bilirsə, niyə belə fikir səsləndirir? Hətta istisna edilmir ki, Lavrovun fikirləri Ermənistandakı rus hərbi bazaları ilə də bağlı səslənə bilər. Ümumən, Lavrovun Ermənistanda xarici ölkələrə məxsus hərbçilərin fəaliyyətinin qadağan olunması kimi fikrinin hədəfi nə ola bilər?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Lavrovun bu fikirlərini şərh edərkən bir qədər ətraflı təhlil aparmaq lazımdır: "Göründüyü kimi, Lavrov xarici ölkələrin hərbçilərinin Ermənistanda fəaliyyəti və iştirakını qadağan edən sənədin hazırlanmasından danışır. Onda isə gəlin görək, Ermənistanda hansı xarici ölkənin hərbçiləri var? Təbii ki, Rusiyanın hərbi bazalarının həmin ölkədə olması heç kimə sirr deyil. Hətta Ermənistanın xarici ölkələrlə sərhədlərini belə rus sərhədçiləri qoruyurlar. Belə olan halda, Lavrov özlərini, təbii ki, nəzərdə tuta bilməz. Ermənistanda Rusiya bazalarının mövcudluğu ölkələr arasında imzalanmış müqavilə əsasında tənzimlənir. Ermənistanda Rusiyadan başqa hansısa bir ölkənin hərbi baza yerləşdirməsi Ermənistanın üzərinə götürdüyü KTMT çərçivəsindəki öhdəliklərə görə mümkün deyil. Onda Rusiya Ermənistanı hansı qadağa sənədinə imza atmağa məcbur edir? Aydındır ki, Paşinyan hakimiyyətə gələndən sonra Rusiya onunla məsafəli davranır. Paşinyanın da KTMT-yə yönəlik davranışları onun həmin qurumdan bəhanələrlə uzaqlaşmaq istəyinə hesablana bilər. Bunu Rusiya dərk etdiyi üçün, bel bağlamadığı yeni Ermənistan hakimiyyətinin xarici ölkələrlə hərbi əməkdaşlıq sahəsindəki istəklərinin qarşısına indidən sədd çəkir”.

Elşən Mustafayev hesab edir ki, burada söhbət Ermənistan ərazisində ABŞ-ın maliyyə dəstəyi ilə açılan bioloji laboratoriyalardan gedir: "Bu ilin ortalarında Lavrov bu məsələdən Rusiyanın narahat olduğunu açıq ifadə etmişdi. Həmin vaxt Lavrov demişdi ki, Rusiyanın xüsusi xidmətləri həmin laboratoriyalarla bağlı gərgindir və narahatdır. Onlar niyə bu laboratoriyaları Qərbi Avropa ölkələrində açmır? Rusiya həmin laboratoriyalara çıxış əldə etməklə bağlı Ermənistana təzyiqlər də göstərdi. Nəticədə Paşinyan Rusiyaya bu icazəni verdi. Hətta bildirilirdi ki, Paşinyan ABŞ-da olarkən Trampla görüşmək istəyib və onun istəyinin reallaşması məhz rusları Ermənistandakı Amerika laboratoriyasına buraxmaqla bağlı olub. Bilirsiniz ki, NATO-nun da Ermənistana girməsi mümkün deyil. Çünki Rusiya onunla bağlarını nisbətən kəsən Gürcüstana bu izni vermirsə, demək, Ermənistanla bağlı bunu heç fikirləşməyə dəyməz. Söhbət məhz ABŞ laboratoriyalarının qadağan olunmasından gedə bilər”.




Millət