Şriftin ölçüsü / 1014

Berlin şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub

24 Dekabr 2018 [17:41]

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Almaniya Federativ Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə 21 dekabr 2018-ci il tarixində Berlin şəhərində "Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildə Planlar və Perspektivlər” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz, diaspor rəhbərləri, Almaniya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb və qarşıdan gələn bayramlarını təbrik edib. Y.Musayev təməli  Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulayıb. O, tədbirin keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinə öz təşəkkürünü ifadə edib. Y.Musayev Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniya azərbaycanlılarını birliyə və həmrəyliyə çağırıb.

Tədbirdə Bakı Media Mərkəzinin əməkdaşı Tahir Əliyev çıxış edərək iştirakçıları salamlayıb, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış "Son iclas” bədii-sənədli film haqqında məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin son günlərinə işıq salan və milli hökumətin yekun qərarı hansı çətin şəraitdə qəbul etdiyini əks etdirən "Son iclas” filmi tədbirdə nümayiş olunub. Film iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbirə dəvət olunmuş azərbaycanlı sənət adamlarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Azərbaycan və Avropa mətbəxinin nümunələri tədbir iştirakçı-larına təqdim edilib. Milli rəqs qruplarının ifasında müxtəlif Azərbaycan rəqsləri nümayiş olunub.



Nazilə