Şriftin ölçüsü / 915

Siyasi məhbus məsələsi birdəfəlik həll olunmalıdır

09 Yanvar 2019 [19:54]
12 yanvara təyin edilən aksiyaya hansı partiyalar dəstək verə bilər?

Müsavat Partiyası "Siyasi məhbuslara azadlıq” şüarı ilə yanvarın 12-nə mitinq təyin edib. Mitinqə hazırlıq işlərinin getdiyi bildirilir. Müsavatın təyin etdiyi mitinqdə kənar hansı partiyaların iştirak edib-etməyəcəyinə gəlincə, araşdırmamız nəticəsində bəlli oldu ki, mitinqə dəstək vermək istəyənlər də, iştirak etmək fikrində olmayanlar da var.

AMİP Siyasi Şura üzvü Əli Orucov isə dedi ki, AMIP olaraq həmişə qanunların aliliyinin və müstəqil məhkəmələrin tərəfdarıdırlar. Eyni zamanda siyasi baxışlarına, inanclarına, əqidəsinə və s. hallara görə təqib və təzyiqlərə məruz qalmasına, həbs edilməsinə qarşı olublar: "Təəssüflər olsun ki, Azərbaycanda siyasi məhbus məsələsi acı bağırsaq kimi uzanmaqdadır. Müsavat Partiyasının siyasi məhbuslara azadlıq tələbi ilə keçirəcəyi mitinqə çətin ki, hakimiyyət imkan yaratsın və icazə versin. Belə mövzulara iqtidar həssasdır. Lakin əgər qeyri-adi hadisə baş verib, mitinqin keçirilməsinə razılıq verilərsə biz fərdi olaraq qatılacağıq. Ona görə fərdi ki, əvvəla mitinqlə bağlı AMİP-in partiya kimi iştirakı məsələsi kollegial orqanlarda müzakirə edilib qərar verilməlidir. Lakin insanların sərbəst toplaşmaq hüququndan istifadəsində tam sərbəstlik var. Könül istər ki, siyasi məhbus məsələsi birdəfəlik olaraq Azərbaycanın gündəmindən və ictimai-siyasi problemlərindən birdəfəlik çıxsın”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu "Yeni Müsavat”a bildirdi ki, siyasi məhbuslara dəstək və onların azadlığa çıxması üçün keçirilən aksiyalarda iştirak edilməlidir: "Bu istiqamətdə mübarizə aparılır. Onların həbsdə qalması dövlətimizə, demokratiyaya zərbədir.

Müsavat Partiyasının mitinq təşəbbüsü bu baxımdan təqdir olunmalıdır. Onların da təkbaşına deyil, digər siyasi təşkilatlarla bir yerdə mitinq hazırlıqları aparması kütləvilik və cəlbedicilik sarıdan effektli olar. İnanıram ki, Müsavatın mitinq keçirmək müraciətinə hamı dəstək verəcək”.

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli mitinqə partiya olaraq qatılmaq qərarları yoxdur. Fərdi şəkildə iştirak edib-etməməyi isə partiya üzvlərinin öz ixtiyarına buraxacaqlar.

"Yeni Müsavat”


Millət