Şriftin ölçüsü / 747

BMT Ermənistanla bağlı konkret addımlar atmır

09 Yanvar 2019 [20:02]
Elşən Mustafayev: "Dünyada mühüm təsisat rolunu oynayan BMT kimi qurum ac, rəzil bir ölkənin qarşısında aciz qalmaqla, özünün dünyadakı nüfuzunu da itirmiş olur”

BMT Baş Assambleyası qurumun yaxın 3 il üçün xərclərini bölüşdürüb. Təşkilatın üzvü olan ölkələrin onun büdcəsinə ödənişlərin yeni cədvəli hazırlanıb.

Qəbul olunmuş qərara əsasən, ABŞ əvvəlkitək mümkün olan maksimum həcmdə ödəniş edəcək – BMT-nin bütün xərclərinin 22%-i bu ölkənin payına düşür. Uzun onilliklərdən sonra ilk dəfə Çin Yaponiyanı qabaqlayıb və BMT-nin müntəzəm büdcəsinə ən iri ödəyicilər arasında ikinci yerə yüksəlib. Pekin BMT-nin büdcəsinin 12%-ni təmin etməlidir. Qeyd edək ki, BMT üzvü olan hər bir ölkə qurumun xərclərinin bir hissəsini ödəməyə borcludur. Burada maksimum ödəniş büdcənin 22%-i, minimum isə 0,01%-dir. Ən iri sponsorların arasında Yaponiya (8,564%), Almaniya (7%) və Fransa (4,427%) da var. Rusiya 2,405%-lik payla səkkizincidir.

Keçmiş SSRİ respublikaları arasında ən böyük yük Qazaxıstanın üzərinə düşür - 0,187%, digər postsovet ölkələri isə 0,1%-dən az ödəniş edirlər.

Azərbaycan BMT-nin illik büdcəsinin 0,049%-ni təmin edəcək. Gürcüstanın payına 0,008%, Ermənistanın payına isə 0,007% düşür. Göründüyü kimi, Ermənistan BMT-nin ən kasıb ölkələrinin sırasında yer alıb. Təqdim olunan rəqəmlərdən görünür ki, Ermənistanla müqayisədə Azərbaycan BMT-yə daha çox ödəniş edir. Ancaq, nədənsə, BMT-nin ölkələrə olan münasibəti həmin ödənişlərə qarşı da adekvat deyil. Ermənistan az pul ödəməyinə rəğmən, ortada sanki Nəcəfqulunun keçisi kimi gəzib-dolanır. Ona heç "gözün üstə qaşın var” deyən belə yoxdur. Məhz BMT-nin Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsi Ermənistan tərəfindən hələ də icra olunmur. Ortaya çox paradoksal bir mənzərə çıxır. BMT-nin büdcəsinə ən az vəsait ödəyən Ermənistan həm də həmin qurumun çıxardığı ali qəraralara məhəl qoymur. Ermənistanın bu davranışları BMT-nin nüfuzuna zərbə vururmu?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev "Bakı-Xəbər”ə bildirdi ki, BMT-nin maliyyələşməsi ilə bağlı təqdim edilən siyahı doğrudan da maraqlı mətləblərə işıq salır: "Biz orada görürük ki, dünyanın nəhəng ölkələri BMT-nin maliyyələşməsinə daha çox ödəniş edirlər. Təbii ki, Ermənistanı onlarla müqayisə edə bilmərik. Amma göstəricilərinə görə özünə yaxın olan dövlətlərdən belə az ödəniş etməsi və sonuncu yerlərdə qərarlaşması həmin ölkənin səfil durumunda olduğunu aydın göstərir. Bu göstərici onu deməyə əsas verir ki, Ermənistan BMT üçün elə də ciddi əhəmiyyət kəsb etmir. Amma belə aşağı göstəricisinə baxmayaraq, BMT Ermənistanla bağlı konkret addımlar atmır. Fakitiki olaraq, Ermənistan kimi səfil ölkə dünyanın ən mötəbər qurumunun qərarlarına belə hörmət qoymur. Artıq BMT-nin qətnamələrinin icrası ilə bağlı biz ikili standartların şahidi oluruq. BMT Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin bu qətnamələr icra olunmur. Ermənistan bu qətnamələrə və beynəlxalq ictimaiyyətin qərarlarına sadəcə əhəmiyyət vermir. Bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmlərinin yenidən hazırlanması üçün tədbirlər görməyin zəruriliyini ortaya çıxarır. Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə gün ərzində icra olunur. Ancaq bizimlə bağlı isə 25 ildən çox vaxt keçib. Bu amil bir daha sübut edir ki, dünyanın bir çox təşkilatları kimi, BMT də Ermənistana münasibətdə ikili standartlara yol verir. Azərbaycan bu məsələni dəfələrlə qaldırsa da, vəziyyət dəyişməz olaraq qalır. Hesab edirəm ki, dünyada mühüm təsisat rolunu oynayan BMT kimi qurum ac, rəzil bir ölkənin qarşısında aciz qalmaqla, özünün dünyadakı nüfuzunu da itirmiş olur”.


Millət