Şriftin ölçüsü / 420

Dağlıq Qarabağ problemi bütün hakimiyyətin və erməni xalqının çiyinlərində yükdür

29 Yanvar 2019 [17:16]

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib. Görüşün detalları bəlli olmasa da, dövlət başçılarının təması müsbət qiymətləndirilir.

Son vaxtlar hiss olunur ki, münaqişənin həllinin bu və ya digər şəkildə ölü nöqtədən tərpənməsinə çalışırlar. Bu baxımdan Davosda keçirilən görüş əlahiddə olmasa da, Ermənistanın yeni siyasi rəhbərliyi ilə Azərbaycan Prezidentinin əlaqələrinin qurulması yönündə atılan yeni addım saymaq olar. Paşinyan artıq tam səlahiyyətli baş nazirdir. Ona görə də Paşinyanın qarşısında tələb daha böyükdür. Bu, Prezident İlham Əliyevlə N.Paşinyan arasında sayca üçüncü görüş idi. Bundan öncə Düşənbə görüşü zamanı tərəflər sərhəddə vəziyyətin nəzarətdə saxlanması, təmasların davam etdirilməsi və münaqişənin dinc tənzimlənməsi prinsiplərinə sadiq qalacaqları barədə şifahi razılıq əldə ediblər. Elə Düşənbə görüşü zamanı müşahidə etdik ki, Paşinyan əvvəlki sərt ritorikasından tamamilə imtina edib. Belə ki, o, hakimiyyəti yeni ələ keçirdiyi vaxtlarda Dağlıq Qarabağın Ermənistanın tərkibinə birləşdirilməsi, danışıqlar prosesində qondarma rejimin də ayrıca tərəf kimi iştirakının vacibliyi ilə bağlı pafoslu çıxışlara üstünlük verirdi. Davosdakı görüş bir daha sübut etdi ki, Paşinyan ənənəvi format üzrə danışıqları davam etdirməkdə maraqlıdır. Ancaq bir faktı xüsusi olaraq vurğulamaq lazımdır ki, Davos görüşündən sonra eməni müxalifəti Paşinyanı qınamağa, onu tənqid etməyə başlayıb. Bu narazılıq nədən əmələ gəlib və Paşinyanın müxaliflərinin bu yöndə olan narahatlığının səbəbi nə ilə izah edilə bilər?

Siyasi elmlər doktoru Hatəm Cabbarlı "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Pşinyanın Davosda keçirilən qeyri-rəsmi görüşünün əks-sədası işğalçı ölkədə davam edir: "Belə demək mümkünsə, Ermənistan KİV-nin əksəriyyəti Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində təşəbbüsə qarşı çıxır. Qeyd edim ki, bu görüşdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansı məsələlər barədə razılığa gəlindiyi, təbii ki, belə bir razılıq əgər olubsa, məlum olmasa da, KİV-lər Paşinyanı az qala vətənə xəyanətdə ittiham edirlər. Dağlıq Qarabağ problemi bütün hakimiyyətin və erməni xalqının çiyinlərində yükdür. Bu yükü atmadan nə Ermənistan hakimiyyəti sosial-iqtisadi problemləri həll edə biləcək, nə də erməni xalqı rifah içində bir həyata qovuşacaq. Azərbaycan ictimai rəyi tərəflərin Davos görüşməsindən məmnun qalsa da, Ermənistan ictimai rəyindəki bu həyəcan və təşviş onu göstərir ki, onlar hər hansı barışığa hazır deyillər. Paşinyana qarşı təzyiqlər artarsa o, ümumiyyətlə, müzakirələrdən yayına bilər. Paşinyan növbədənkənar parlament seçkilərindən sonra daxili ictimai həyata nəzarət edə bilirsə, Dağlıq Qarabağ probleminin həll edilməsi məsələsi ümumxalq etirazlarına səbəb ola bilər. Ermənistan ictimai rəyi Dağlıq Qarabağ probleminin Azərbaycanın yurisdiksiyası çərçivəsində həll olunmasından yana narahatdır və bundan hər vəchlə Paşinyana qarşı istifadə edə bilərlər”.


Millət