Şriftin ölçüsü / 802

Qarşıdurma yaradacaq hallardan çəkinmək lazımdır

25 Fevral 2019 [17:41]
Məlum olduğu kimi, "Milli Şura"nın fevralın 23-nə təyin etdiyi mitinqə icazə verilməyib. Əslində, müxalifətin sonuncu mitinqi, yəni yanvarın 19-da "Məhsul" stadionunda keçirdiyi mitinq zamanı yol verdiyi pozuntular və 20 Yanvar Ümumxalq hüzn günündə Şəhidlər Xiyabanında qarşıdurma yaratmaq cəhdi belə bir qərarın veriləcəyini istisna etmirdi.

Hər iki hal "Milli Şura" deyilən qurumun məqsədinin, sadəcə, mitinq keçirmək deyil, ölkədə qarşıdurma yaratmaq, vəziyyəti gərginləşdirmək olduğunu açıq şəkildə göstərdi. Odur ki, həmin tarixlərə qayıdıb, mənzərəni yenidən nəzərdən keçirməyə zərurət yaranır. Yanvarın 19-da müxalifətin mitinqi ictimai asayişin pozulması, iştirakçıların nəqliyyatın hərəkətinə maneçilik törətməsi, asayiş keşikçilərinə qarşı sərt davranış və onların qanuni tələblərinə müqavimət göstərilməsi ilə yadda qaldı.

20 Yanvar günü hər birimiz üçün müqəddəs məkan olan Şəhidlər Xiyabanında növbəti şou yaratmaq cəhdləri isə insanların ciddi narazılığı ilə qarşılandı. Bu cür davranışlar birbaşa vəziyyəti gərginləşdirməyə, qarşıdurma yaratmağa hesablanıb.

Belə olan halda, Bakı Şəhər İcra Hakimiyyəti hər hansı kütləvi tədbirin keçirilməsini məqsədəuyğun hesab etməyib və hüquq-mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi məqsədəuyğun hesab edib. Məlum olub ki, ötən mitinqdən bu günə qədər hüquq-mühafizə orqanlarına 200-dən artıq şikayət daxil olub. "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək imkanında olmadıqları qənaəti yarandığından, mitinqlə əlaqədar müraciət məqsədəuyğun hesab edilməyib.

İcazənin verilməməsinə baxmayaraq, radikal müxalifət təmsilçiləri bəyan ediblər ki, icazəsiz aksiya keçirəcəklər. Onlar iddia edirlər ki, guya mitinqə icazənin verilməməsi sərbəst toplaşma azadlığının pozulmasıdır və s. Əslində, mitinqə icazə verilmirsə, deməli, məqsədəuyğun sayılmır. Bütün hallarda, radikal müxalifətin icazəsiz aksiya keçirmək istəyinə digər müxalif partiya təmsilçiləri necə baxırlar? Belə cəhdlər nə dərəcədə düzgündür?

 AMİP funksioneri Əli Orucov da hesab edir ki, aksiyaların keçirilməsi ilə bağlı razılaşma yoxdursa, radikal addımlar atmaq məqsədəuyğun sayılmır: "Nəzərə almaq lazımdır ki, aksiyanın təhlükəsiz keçirilməsi üçün müvafiq qurumlar məsuliyyət daşıyırlar. Razılaşma yoxdursa, belə olan halda, aksiyaların keçirilməsi ilə bağlı radikal addımların atılmasının tərəfdarı deyiləm. Çünki çox həssas bir dönəmdə, həssas bir regionda yaşayırıq. Ona görə də hansısa qarşıdurmaların yaşanması cəmiyyətin özünə də xeyir vermir. Əksinə, belə hallar ziddiyyətləri, gərginlikləri artırır. Ona görə də qarşıdurma yaradacaq hallardan çəkinmək lazımdır. Belə situasiyalarda vətəndaş qarşıdurması arzuedilən deyil”. /Bakı-Xəbər/