Şriftin ölçüsü / 1335

Əyalətlərdə müxalifət nə edir - təşkilat rəhbərləri danışır

02 Mart 2019 [18:34]
Hər bir ölkənin müxalifətinin fəaliyyəti təkcə mərkəzlə məhdudlaşmır. Əyalətlərdəki yerli şöbələrin aktiv olması mərkəzin güclü olması anlamına gəlir. Azərbaycanda da eyni durumdur. Vaxtı ilə bölgələrdə siyasi partiyaların güclü olması həmin partiyanın ölkə üzrə müxalif düşərgədə ön sıralarında qərarlaşmasına səbəb olurdu. Son zamanlarda isə ümumən demokratik düşərgənin ciddi böhran keçirməsi yerli təşkilatlardan da yan keçmədi.

Bir sıra partiyanın əyalətlərdəki təşkilat sədrləri ilə əlaqə saxladıq və onların fəaliyyəti, digər müxalif qurumlarla əlaqələrinin olub-olmaması, eləcə də iclaslar keçirib-keçirməmələri ilə maraqlandıq.

KXCP-nin Gədəbəy rayon təşkilatının sədri Ceyhun Səfərov partiyaların hər birinə əməkdaşlıq təklifi etdiklərini bildirdi: "Partiyalarla birlikdə mübarizə aparmaq metodlarını müzakirə edirik. Amma təəssüf ki, Müsavat və buradakı digər partiyalar dəyirmi masa ətrafında əyləşməyə söz verirlər, amma nəyisə müzakirə etmək üçün dəvət göndərəndə gəlmirlər. Bununla belə, Gədəbəydə Azərbaycan Xalq Hərəkatını təsis etdik. Müsavatı hərəkata dəvət etsək də gəlmədilər. Bütövlükdə durum müxalifət partiyalarında çox acınacaqlıdır. Mövcud durumu aradan qaldırmaq üçün KXCP burada öz addımlarını imkanı daxilində atır. Xüsusilə gənclərin, ziyalıların partiyaya cəlb olunması istiqamətində işlər görürük. Əslində partiyaya gələnlər çox olur. Sadəcə onların bəzilərinə maddi məbləğlər təklif edirlər, torpaq verirlər, onlar da partiyadan uzaqlaşırlar. İstənilən halda ətrafımız genişdir. Sadəcə mübarizəmiz zəifdir. Yəni mövcud durumu insanların üzərinə yıxmaq olmaz. Bəzi insanların problemləri olur, icra strukturları ilə həll etməyə çalışırıq. Məhkəmələrdə olan problemləri də imkan daxilində yoluna qoymağa çalışırıq. Əhali artıq meydan istəyir, kabinetlərdə verilən boş-boş bəyanatlardan beziblər”.

Ümid Partiyasının Bərdə rayon təşkilatının sədri Natiq Səfərov fəaliyyətlərinə imkan verilmədiyindən şikayətləndi: "Rayonda müxalifətdən olan bütün insanlarla əlaqələrimiz var. Onu deyim ki, burada hərəkət etməyimizə imkan verilmir. Həddindən artıq təzyiq olur, tədbirlər keçirməyimizə imkan verilmir. Onsuzda ofisimiz yoxdur. Bunun olmasına zatən imkan verilmir. Adicə, çayxanada oturub söhbətlər edirsən, müzakirələr aparırsan, Məclisin iclasını keçirmək istəyirsən, o qurum qalmır ki, çağırmasın. Müxalifətə bu qədər təzyiq olmaz. Bütün dünyada qəbul olunub ki, müxalifət dövlətin güzgüsüdür. Təəssüflər olsun ki, bizdə belə deyil. Bütün ailəmizi sorğu-sual edirlər, harada işlədiyimizi öyrənirlər, belə yollarla təzyiqlər edirlər. Tədbirlər keçirə bilməsək də, ayaqüstü görüşlərimiz, müzakirələrimiz çox olur”.

VHP-nin Naxçıvan Muxtar Respublikasının təşkilat sədri Abdulla Abdullayev bunları dedi: "Rəsmi qaydada olmasa da, problemlərimiz çoxdur. Bir qərargahımız belə yoxdur ki, rəsmi qaydada müxalif qurumları görüşlərə dəvət edək, görüşlər keçirək. Amma qeyri-rəsmi görüşlərimiz olur, çay süfrəsi arxasında müzakirələr aparırıq. Tarixi günlərdə bir yerə toplaşırıq. Tərifə layiq fəaliyyətimiz olmasa da, çalışırıq ki, ayaqda qalaq, hər kəs xatırlasın ki, Azərbaycanda da müxaliflər var. Burada Müsavat, AXCP, Ümid Partiyaları da fəaliyyət göstərir. Onlarla tez-tez görüşürük, münasibətlərimiz normaldır”.

AMİP-in Quba rayon təşkilatının sədri Həsən Həsənov iclaslar keçirə bilmədiklərini söylədi: "Heç bir iclaslar keçirilmir. Müxalifətin durumu yaxşı deyil. Əhalinin maddi durumu, iqtisadi vəziyyəti ağır olduğuna görə hər kəs ancaq çörəkpulu qazanmaqla məşğuldur. Siyasi baxımdan siyasi partiyaların vəziyyəti xoşagələn deyil. Düzdür, arada görüşüb məsləhətlər aparırıq. Amma bu da iclasların keçirilməsi deyil. Söz olaraq nələrisə deyirik. Əlimizdə imkanlar yoxdur ki, nələrisə həyata keçirək”. /Yeni Müsavat/