Şriftin ölçüsü / 1845

AMİP-dən prezidentin qərarlarına dəstək

02 Mart 2019 [18:39]
2019-cu ilin ilk iki ayı sosial-iqtisadi islahatlarla zəngin oldu. Ölkə prezidentinin şəhid ailələri ilə görüşü, daha sonra şəhid ailələrinə 11 min manat vəsaitin ödənilməsinə başlanması müsbət bir tendensiyanın başlanğıcı oldu.

Şamaxıda baş verən zəlzələnin ardından prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın bu rayona səfəri, sakinlərlə səmimi görüşlər, zərərçəkənlərə yeni evlərin tikilməsi ilə bağlı göstəriş verilməsi də cəmiyyət tərəfindən müsbət qarşılandı. Bunun ardından minimum əmək haqqı 180 manata qaldırıldı. Pensiyalarla bağlı da oxşar addım atıldı, martın 1-dən əmək pensiyalarının minimum məbləği 160 manata qaldırılacaq. Bir neçə gün öncə isə ölkə prezidenti sosial müavinətlərin artırılması, daha sonra məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən müavinətin 50 faiz artırılması barədə qərar verdi.

Azərbaycan prezidentinin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bu qərarları müxalifət düşərgəsində də müsbət qarşılanıb.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan prezidentinin fevralın 25-də "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” və fevralın 26-da "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” imzaladığı sərəncamları təqdirəlayiq hesab edir: "Hər iki sərəncamın əhatə dairəsi olduqca genişdir. Prezident həmçinin fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə bu il ərzində ölkə əhalisinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, maddi rifah halının yaxşılaşdırılması, digər sosial problemlərin və məsələlərin həlli istiqamətində davamlı addımlar atılacağının anonsunu verdi ki, bunu da yalnız alqışlaya bilərik. Gözləniləndir ki, növbəti atılacaq addım əhalinin əhəmiyyətli hissəsini narahat edən problemli kreditlər məsələsinin həllinə yönələcək. Bununla yanaşı, bildiyim qədəri ilə hazırda hakimiyyət qollarından biri olan məhkəmə sistemində çalışan hakimlərin vəzifə maaşlarının artırılması ilə bağlı qərar üzərində iş gedir”.

A.Əlizadə hesab edir ki, ümumiyyətlə, əhalinin bütün təbəqələrinin maddi rifah halının yaxşılaşdırılmasına ciddi ehtiyac var: "Xüsusilə də ilk növbədə təhsil və səhiyyə sahəsində çalışan müəllim və həkimlərimizin vəzifə maaşları əhəmiyyətli dərəcədə artırılmalıdır. Təhsilə və səhiyyəyə dövlət qayğısı sonucda dövlətin əsasını təşkil edən savadlı və sağlam vətəndaşın yetişməsi deməkdir. Ümumiyyətlə isə verilən qərarlar ona köklənməlidir ki, Azərbaycan vətəndaşı özünü iqtisadi cəhətdən güvənli hiss etsin. Çünki iqtisadi cəhətdən güclü vətəndaş-güclü və sağlam ailə, bu isə güclü və qüdrətli dövlət deməkdir. Həmçinin hesab edirəm ki, ölkənin inkişafı və sabitliyin qorunub saxlanılması naminə sosial-iqtisadi islahatlarla yanaşı bir sıra siyasi islahatların da həyata keçirilməsi zərurəti yaranıb. Ümid edirik ki, bu zərurət də nəzərə alınacaq və siyasi islahatlar da başlanacaq”./Yeni Müsavat/