Şriftin ölçüsü / 1995

AMİP-çilər Etibar Məmmədovun ad gününü təbrik etdilər

02 Aprel 2019 [11:28]

Milli İstiqlalçıların AMİP lideri Etibar Məmmədovun ad günü münasibəti ilə bağlı Təbriki

Əziz Etibar bəy!

Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, işlərinizdə və fəaliyyətinizdə bundan sonra da böyük uğurlar arzulayırıq.

Sizə sonsuz sayğılarımızı ifadə etməklə yanaşı, bir daha bildirmək istəyirik ki, Sizin ideyalarınıza və daşıdığınız ali dəyərlərə daima sadiqik. Bütün çətinliklərə, sınaqlara, təqib və təzyiqlərə rəğmən, Sizə inanırıq və güvənirik. Sizinlə çiyin-çiyinə mübarizəyə davam etməyə, Vətən və Millət üçün mücadiləyə bundan sonra da varıq. Sizin ideyalarınıza inam bizləri daha qətiyyətli, daha əzmkar edir. Siz Bütöv Azərbaycanın Etibarlı Gələcəyisiniz.

Ötən əsrin səksəninci illərinin sonunda Sizin rəhbərliyinizlə Milli Azadlıq Hərəkatı Azərbaycanımızın müstəqilliyinin bərpa olunması ilə nəticələndi. Sovet İmperiyasının xalqımıza qarşı törətdiyi 20 Yanvar qırğınından sonra heç nədən çəkinmədən informasiya blokadasını yararaq Azərbaycanın haqq səsinin imperiyanın mərkəzi olan Moskvadan bütün dünyaya çatdırmağınız misli görünməmiş cəsarət nümunəsi idi. Bunu yalnız millətini, xalqını sonsuz sevən Lider edə bilərdi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə beynəlxalq aləmdə rəsmən tanınması da Sizin adınızla bağlıdır. O zaman Parlament nümayəndə heyətinin rəhbəri olaraq əvvəlcə qardaş Türkiyə Cümhuriyyətinə, ardınca Pakistan Respublikasına səfərləriniz və keçirdiyiniz yüksək səviyyəli görüşlər Azərbaycanın ilk olaraq bu qardaş dövlətlər tərəfindən tanınması ilə nəticələndi.

Erməni təcavüzünə qarşı qəhrəmanlıqla vuruşan Milli Ordumuzun yenidən formalaşmasında və silah-sursatla təminatında böyük rol oynamısınız. Totalitarizmdən çoxpartiyalı demokratik sistemə keçidin əsası da məhz Sizin rəhbərliyinizlə Azərbaycan Milli İstiqlal Partiyasının təsis edilməsi və müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçən siyasi təşkilatı olaraq ölkə gündəminə daxil olması ilə qoyulmuşdur. AMİP adlı böyük, demokratik prinsiplərə söykənən, xalqın geniş dəstəyini qazanan, beynəlxalq nüfuza malik partiyada bir ailə kimi fəaliyyət göstərmək imkanı yaratdığınıza, həmçinin özümüzə çoxsaylı sadiq dostlar qazandığımıza görə də Sizə sonsuz minnətdarlığımızı bildiririk.

Hörmətli Etibar bəy!

Sizi bir daha doğum gününüz münasibətilə təbrik edir, Ulu tanrıdan Sizə can sağlığı və Azərbaycanımız naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!

Sonsuz sayğılarla, Milli İstiqlalçılar

02 aprel 2019-cu il, Bakı şəhəri


Millət